Övladını sevdiyindən ölümə aparan valideynlər
08.02.2020 08:32 Fikirlər

Övladını sevdiyindən ölümə aparan valideynlər

Sosial şəbəkələrdə tez-tez sükan arxasında azyaşlı övladı qucağında olarkən avtomobil idarə edən şəxslərin videolarına rast gəlinir. Maraqlıdır ki, bunu bir yaxşı əməl kimi paylaşırlar. Eyni zamanda şəhərin mərkəzində qucağında uşaq maşın sürənlər, uşağının "qəlbini qırmaq istəməyən" valideynlər onları nə qədər təhlükəyə atdığının bəlkə də fərqində deyil.

Mütəxəssislər avtomobildə 12 yaşa qədər uşaqların ön oturacaqda əyləşməsini doğru hesab etmirlər. Odur ki, dünya praktikasında da bu qanunvericiliklə tənzimlənir. Çünki gözlənilməz qəza baş verən zaman bu birbaşa ölümdür.

Bəzən qucağında uşaq avtomobil idarə edən şəxslər bunu ara məhəllə, "sakit" küçələrdə etdikləri üçün, yaxud çox aşağı sürət seçdikləri üçün əhəmiyyətsiz hesab edirlər. Amma mütəxəssislər deyir ki, hətta 30 km/saat sürətlə hərəkət edən avtomobil ani dayanarsa, yaxud qəza baş verərsə, həmin uşaq ən azı ön alın şüşəyə dəyib zədə alacaq. Eyni zamanda bu həm də sürücünün diqqətinin yayınmasına səbəb olan amildir. Çünki istər-istəməz valideyn olaraq uşağın "təhlükəsizliyi" üçün ona daha çox diqqət ayırır və nəticədə yola olan diqqəti azalır.

Digər tərəfdən uşaq özü də istəmədən sükanı çevirə, yaxud da hansısa düyməni basa bilər ki, bu da qəzaya səbəb olar.

Təbii ki, hər valideyn övladını sevir. Lakin bu sevginin onu ölümə apardığını da dərk etməlidir. Sükan arxasında azyaşlı övladınızı qucağınızda, ön oturacaqda əyləşdirməklə onu birbaşa təhlükəyə atırsınız. Onu sevdiyinizdən ölümə aparırsınız. Son olaraq bir dəfə ilə heç nə olmaz deməyin. Hadisə elə bir dəfə olur.

Orxan Əli, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm