Oyuncaq rejimin dünyanı özlərinə güldürən nazirləri - ŞƏRH
26.10.2020 17:50 Fikirlər

Oyuncaq rejimin dünyanı özlərinə güldürən nazirləri - ŞƏRH

Bir müddətdir xarici medialara müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan hər dəfə siyasətdən kənar insan olduğunu sübut edir. Baş nazirin biabırçı müsahibələrinin ardınca Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da xarici mətbuata verdiyi gülünc açıqlamalarla yadda qalıb.

Dünya mediasına müsahibə verməyə çalışan ermənistanlı nazirlər niyə özlərini gülüş hədəfi etmək istəyirlər?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən araşdırmaçı jurnalist Bəybala Mirzəyev bildirib ki, Paşinyan öz komandasının “lakmus kağızı”dır, yəni ki Paşinyan özü nədirsə, necədirsə, komanda üzvləri də onun günündədir:

"Lakmus kağızı” bu komandanın bütün qüsurlarını özündə göstərir. Ermənistanlı nazirlər Paşinyanın pis təkrarları, “kopiya”ları olduqlarına görə, Ermənistanın hazırkı baş nazirinin komandası heç vaxt uğurlu ola bilməz. Elə Ermənistanın özünün də bu günlərdə istər Qarabağ cəbhəsində, istərsə də ölkə daxilində yaşadığı uğursuzluqlar və sosial-iqtisadi gərginliklər də Paşinyanın və komandasının uğursuzluğundan qaynaqlanır. Bu adamlar ölkəni idarə etmək qabiliyyətinə malik deyillər. Onlar əvvəllər dövlət qurumlarında, iyerarxik sistemdə hətta bir gün də işləməyiblər. Onların ən böyük iş təcrübəsi QHT-lər miqyasında olub. Xarici donor təşkilatlarının qrant ayırdığı, maliyyələşdirdiyi müvəqqəti layihələrdə işləyiblər. Bir də ki, mitinqlərdə yetişiblər. Və bu adamlar birdən-birə meydanlardan gəlib hakimiyyət maşınının sükanları arxasında əyləşəndə istər-istəməz karıxdılar. Çünki dövləti idarə etmək meydanlarda bağırıb alqış qazanmaq demək deyil. Bunlar daha mürəkkəb anlayışlardır və dövlət işlərini yönəltmək dövlət adamlarından ağıl, istedad, xarizma, intellekt, peşəkarlıq, müdriklik kimi mühüm keyfiyyətlər tələb edir. Yaxşı hakimiyyət komandası ola bilmək üçün komandanın bütün üzvlərinin bir hədəfə köklənməyi, sinxron fəaliyyət göstərməyi tələb olunur.

Gördüyümüz kimi, bütün bu sadalanan keyfiyyətlərin bir çoxunu Paşinyanda və onun komandasında müşahidə etmək mümkün deyil. Onun üzdə olan iki əsas, aparıcı nazirlərinə - Zöhrab Mnatsakanyana və David Tonoyana fikir versəniz, siz mənim bayaqdan bəri söylədiklərimin hamısını məhz bu iki nazirin həm psixoloji portretində, həm də gündəlik fəaliyyətlərində tapa bilərsiniz. Bu nazirlərin ikisi də hazırda Paşinyanın “qəbrini qazmaqla” məşğuldur. Onların öz işlərinin öhdəsindən layiqincə gələ bilməmələri Paşinyanın nüfuzunu gündən-günə aşağı salır və əleyhdarlarının sayının artmasına səbəb olur.

Zöhrab Mnatsakanyan Xarici İşlər naziri kimi öz sələfindən – Ermənistanın sabiq Xarici İşlər naziri Edvard Nalbəndyandan qat-qat zəifdir. Bu adam vəzifədə olduğu son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə dair danışıqlar prosesinin incəliklərini və nizamlama prinsiplərini hələ də tam şəkildə mənimsəyə, öyrənə bilməyib. Danışıqlar prosesinin Paşinyan tərəfindən darmadağın olunmasının və dayandırılmasının əsas səbəblərindən biri də məhz Z.Mnatsakanyanın bu naşılığı, qeyri-peşəkarlığı ilə bağlıdır. O yaxşı diplomat və siyasi iradəyə malik hökumət funksioneri olsaydı, öz liderinin – Paşinyanın danışıqlar prosesini məhv etməsinə əsla imkan verməzdi".

Ekspert əlavə edib ki, Mnatsakanyanın müsahibələri, açıqlamaları da Paşinyan üçün əlavə baş ağrısıdır:

"Ermənistan XİN-in başçısının xarici telekanallara verdiyi müsahibələr həm onun özünün bacarıqsız diplomat və pis natiq olduğunu üzə çıxarır, həm də Paşinyanın Qarabağ məsələsinə dair yürütdüyü qeyri-konstruktiv və davakar siyasətinin ifşa edilməsinə şərait yaradır. BBC və CNN televiziya kanallarına verilən son müsahibələr də bunu əyani göstərir. Xüsusən də Zöhrab Mnatsakanyanın bu günlərdə ABŞ-a səfəri zamanı fürsətdən istifadə edib CNN-ə verdiyi müsahibə birmənalı şəkildə onun öz əleyhinə işlədi.  O,  aparıcı Kristina Amanpurun çətin sualları qarşısında aciz qaldı. Kristin Amanpur Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xüsusi qeyd etdi. Erməni nazir teleaparıcının bu sualına da cavab tapa bilmədi və ümumiyyətlə, dəfələrlə mövzunu dəyişməyə çalışdı. Bütövlükdə bu müsahibə sözün əsl mənasında fiasko idi.

Məğlubiyyətin acısını və psixoloji əzikliyini yaşayan düşmən ölkənin rəhbər şəxslərinin xarici jurnalistlər qarşısında bu cür rəzil duruma düşmələri anlaşılandır. Həm də ki, mübahisəolunmaz bir həqiqət var ki,  adətən, yalançılar doğru suallar qarşısında hər zaman yenilirlər.

Ermənistanın Müdafiə naziri David Tonoyanın da necə “uğurlu” bir nazir olması göz qabağındadır. Bu lovğa və özündənrazı nazir Ermənistanın törətdiyi 27 sentyabr təxribatından öncə Azərbaycanın ünvanına bir-birinin dalınca hədə dolu bəyanatlar verir, bizi yeni işğalçılıq planları ilə təhdid edirdi. Həmçinin, Ermənistan ordusunun məğlubedilməzliyindən dəm vururdu. Ancaq D.Tonoyanın bu iddiaları, bu xülyaları son 1 ay ərzində sabun köpüyü kimi dağıldı, tamamilə puç oldu. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Ermənistan silahlı qüvələrini də, Tonoyanın özünü də rüsvayçı vəziyyətə saldı, rəzil etdi. Tonoyan indi Azərbaycan Ordusuna məxsus hərbi geyimlərlə kamuflyaj edilmiş PKK militanlarının, xarici muzdluların və terrorçuların ümidinə qalıb. 

Valeri Osipyan, Artur Vanetsyan kimi şəxslər də tutduqları vəzifələrindən istefa verməklə Paşinyanın “Soros uşaqları”nın sıralarında qalmaq istəmədilər. Elə hazırda da Paşinyanın komanda üzvlərinin bir çoxu öz liderindən uzaqlaşmağa çalışır. Lakin Paşinyan onları öz yanında sanki girov qismində saxlayır. 

Ümumiyyətlə, son hadisələr göstərdi ki, Paşinyan və onun komanda üzvləri çox zəifdir. Onlar həm siyasi təcrübə baxımından, həm də intellekt və nitq baxımından səriştəsizdirlər. Hətta ermənilərə qarşı hər zaman xüsusi rəğbəti ilə və himayədarlıqları ilə seçilən ruslar da indi Nikol Paşinyanın uğursuz müsahibələrini ələ salıb gülürlər. Bunu görmək üçün sosial şəbəkələrdə yazılan rəylərə gözucu nəzər yetirmək bəs edər.

Proseslərin gedişi onu göstərir ki, “Soros uşaqları”nın ömrünə elə də çox qalmayıb. Paşinyan və onun komandası tezliklə Güney Qafqazın üz qarası olan Ermənistanın siyasi tarixinə qara ləkə kimi düşəcək".

Məleykə Ağasoy

Gündəm