"Özəlləşdirilmiş" parklanma yerləri: “Obyekt sahiblərinə qarşı tədbirlər görüləcək”
10.01.2020 12:39 Fikirlər

"Özəlləşdirilmiş" parklanma yerləri: “Obyekt sahiblərinə qarşı tədbirlər görüləcək”

Paytaxt yollarında tıxacın aradan qaldırılması üçün atılan addımlardan biri də parklanma məsələsidir. Bunun üçün müvafiq qurumlar tərəfindən müəyyən yerlər ayrılıb ki, yalnız həmin ərazilərdə avtomobil saxlamaq mümkündür.

“Parklanma qadağandır” nişanının olduğu yerlərdə maşın saxlamaq isə qanunla müəyyənləşdirilmiş qaydada cərimə deməkdir.

Lakin bu qadağalardan bəzi işbazlar öz mənfəətləri üçün istifadə etməyə başlayıb. Belə ki, bir çox müəssisə sahibləri öz obyektlərinə daxil olan əraziləri qanunsuz şəkildə özəlləşdirərək həmin ərazidə avtomobil saxlamağa icazə vermirlər. Orada nəqliyyat vasitəsi saxlamaq üçün ya həmin obyektin müştərisi olmalısan, ya da pulunu ödəyib daha sonra saxlamalısan.

Bu cür qanunsuzluqlarla mübarizə aparılsa da, sürücülər tərəfindən narazılıqlar hələ də davam edir.

Məsələ ilə bağlı hüquqşünas Vamiq Şükürov “MediaPost”a açıqlama verərkən bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada parklanma işi ilə məşğul olmaq istəyirlərsə, icra hakimiyyətlərindən icazə almalıdır:

Özəlləşdirilmiş

“Bu yerlərin icazəsi onlara müvafiq orqanlar tərəfindən verilməlidir. Ola bilər ki, obyekt və onun xaricindəki sahə sahibkarın mülkiyyətində olsun. Və ya obyekt icarəyə götürülmüş bir yer olsun, bu zamanda obyekti icarəyə verən şəxs mülkiyyət hüququnu təsdiq edən sənədin surətini müəssisəni işlədən şəxsə verməlidir. Yalnız bu hallarda mümkündür ki, kənar şəxlərin parklamasına icazə verilməsin. Lakin belə bir sənədi olmayan şəxslər hər hansısa, bir yeri özəlləşdirməsi, başqa adamlara maşını saxlamağa icazə verməməsi və ya bunun qarşılığında pul tələb etməsi qanunsuzdur. Hətta deyərdim ki, bu torpaq sahəsinin özbaşına tutulmasıdır. Torpaq sahəsinin özbaşına tutulması, orada hansısa fəaliyyətin görülməsi cinayət sayılır. Buna görə, həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Hüququşünas onu da əlavə edib ki, parklanma yerlərində buna müvafiq sənədi olmadan çalışan işçilər var:

“Bakıda özünü bəzi parklanma şirkətinin əməkdaşı kimi təqdim edənlər var. Lakin biz bilmirik ki, onlar hansı qanuni sənədlə bu yerin işçisi kimi gedir. Bu şəxslər sürücüdən rüsum tələb edirlər, vermədikdə isə ərazidə maşın saxlamağa icazə vermirlər. Bu məsələyə BNA-nın və İcra Hakimiyyətinin işçiləri nəzarət edir. Bunun üçün, BNA-ya və ya İcra Hakimiyyətini sorğular göndərmək lazımdır ki, bu adamlar hansı əsaslarla o yerlərə nəzarət və rüsum tələb edirlər. Düşünürəm ki, dövlət orqanları tərəfindən tenderlər keçirilməlidir. Parklanma işini daha keyfiyyətli və ucuz görə bilən şirkətlər qalib olduqdan sonra nəzərdə tutulmuş ərazilərdə parklanma işlərinə nəzarət etməlidir. Bütün alınan rüsumlar dövlət büdcəsinə əlavə olunduğu üçün qurumlar bu işdə maraqlı olmaldır və burada ictimai nəzarət olmalıdır. Bu halla qarşılaşan vətəndaşlar ondan rüsum tələb edən və ya ona saxlamağa icazə verməyən şəxsdən sənəd tələb etmək haqqı var. Həmin ərazinin onun olması ilə bağlı sənədi tələb edə və ya 102-ə zəng vura bilər”.

"Vətəndaşa süni maneə yaradan müəssisələrə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə tətbiq olunur. Şikayəti olan vətəndaş BNA-ya müraciət edə bilər".

Mövzu ilə bağlı açıqlama verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "MediaPost"a bildirib ki, əgər obyektin içərisi və özəl mülkiyyətdirsə, heç kim ona qarışa bilməz:

Özəlləşdirilmiş

“Yox əgər, obyektin kənarıdır və şəxsin özəl mülkü deyilsə və qarşısında dayanma-durmaya icazə varsa, həmin ərazidə vətəndaş nəqliyyat vasitəsini saxlaya bilər. Bunun üçün heç bir sahibkardan icazə almağa ehtiyac yoxdur. Vətəndaşa süni maneə yaradan müəssisələrə qarşı isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə tətbiq olunur. Şikayəti olan vətəndaş BNA-ya müraciət edə bilər. Bu zaman həmin obyekt rəhbəri ilə bağlı lazımi tədbirlər görüləcək. Bununla bağlı bizə hələ ki, bir şikayət daxil olmayıb. Lakin özümüz belə bir hal aşkarlananda lazımi tədbirlər görürük. Onu da qeyd edim ki, bizim əsas məqsədimiz hər hansı obyekt sahibini cərimələmək deyil. İlk dəfədən belə hadisə ilə qarşılaşanda sahibkara xəbərdarlıq olunur. Maneələr qaldırılmadıqda isə lazımi tədbirlər görüləcək”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm