“Özgə”dən qorxanlar digər millətləri təhlükə kimi qəbul edir - İsmayıl Rafiqoğlu yazır
26.02.2020 15:00 Fikirlər

“Özgə”dən qorxanlar digər millətləri təhlükə kimi qəbul edir - İsmayıl Rafiqoğlu yazır

İnsan qəddarlığının həddi-hüdudu yoxdur. Dünyanın bütün alimləri bu məsələni nə qədər araşdırsalar da, indiyəcən yekun qərara gələ bilməyiblər. Hər cür eksperimental təcrübə də aparılıb, psixoloqlar müxtəlif qrup insanların ekstremal vəziyyətdə davranış modellərini araşdırıblar da, amma bir insanın digər insana qarşı zorakılığa əl atmasının səbəbini dəqiq təyin etməyiblər.

İnsan qəddarlığa ya qorxusundan əl atır, ya da əylənmək məqsədilə

Adi halda çox normal, sakit bir vətəndaşın birdən-birə amansız qatilə çevrilməsi, digər insana əzab verməsi nədən baş verir?

Bəzi alimlər insan cəmiyyətini təbiətlə müqayisə edərək zorakılığın və qəddarlığın bioloji, fizioloji səbəblərdən qaynaqlandığını iddia edirlər. Yəni aslan, pələng, canavar, ayı kimi yırtıcılar otyeyən heyvanlarla qidalandığı kimi insanlar da bir-birinin şərti olaraq “ətini” yeyirlər. Yırtıcıların hətta bir-birinin balalarını boğub öldürmək kimi bir adəti də var. Qida hamıya bəs etsin deyə kaftar şirin, şir də qarşısına çıxan canavarın balasını öldürəcək. Yırtıcının sayı bu yolla tənzimlənir.

Yırtıcı heyvanların hər bir işində bir məna var əslində. Onlara ya qidalanmaq, ya da qidanın olmasını təmin etmək lazımdır. Ehtiyac yoxdursa, ilan qarşısında ora-bura qaçan siçana tərəf baxmayacaq belə. Ov ətindən yeyib doyan şirlər də yaxınlıqda ot otlayan ceyran sürülərinə biganəliklə baxarlar. İnsan isə çox zaman qəddarlığa ya qorxusundan əl atır, ya da əylənmək məqsədilə. Bəzən isə dominant olmaq, başqaları üzərində hakimiyyət əldə etmək üçün hər cür qeyri-insani hərəkətə yol verə bilər.

“Özgə”dən qorxanlar digər millətləri təhlükə kimi qəbul edir - İsmayıl Rafiqoğlu yazır

Hələ Qədim Roma dövründən arenalarda döyüşüb kütləni əyləndirən qladiatorların ölümü heç kimdə təəssüf hissi doğurmurdu. “Çörək və əyləncə” deyimində əyləncə heç də çörəkdən geri qalmayan bir tələb idi. Qladiatorlara yanaşı Kolizeydə on minlərlə vəhşi heyvan da öldürülürdü. Hətta Şimali Afrikada şir ovuna çıxan legionerlər belə vəhşi heyvanları tapmaqda çətinlik çəkirdilər. Bir çoxu arenalarda məhv edilmişdi.

Müasir dövrün idman yarışları, qaydasız döyüş növləri, televiziyada nümayiş edilən qəddarlıq səhnələri, döyüş filmləri, hətta uşaqlar üçün yaradılan animasiyalar da qəddarlığı təbliğ edir.

“Özgə”dən yalnız və yalnız təhlükə ola bilər

Stenford universitetində keçirilən məşhur eksperiment vaxtilə dəhşətli bir həqiqəti aşkarlayıb. Bir çoxumuz gizli formada daxilimizdə olan zorakılığa olan meyillilikdən xəbərsizik. Oyun formasında keçirilən bu həbsxana eksperimenti keşikçi vəzifəsini müvəqqəti icra edən insanların “məhbuslara” qarşı nə qədər qəddar olduğunu üzə çıxartdı. Ən kiçik bir hakimiyyət, başqasına öz dominantlığını göstərmək imkanı hətta ən xoş xasiyyətli insanı belə qəddar qatilə çevirə bilər.

Qəddarlığın ən əsas səbəbi sevgi hissinin olmaması, uşaqlığa bağlı qorxulardır. Qorxunun başqa bir növü də bizi bəzən zorakılığa əl atmağa sövq edir. Hər bir insan “özgə”dən qorxur. Yəni digər millətdən, irqdən, tayfadan, ideologiyadan olan başqa insanlar bizə təhlükə mənbəyi kimi görünür. “Özgə”dən yalnız və yalnız təhlükə ola bilər. Belə düşüncə çox vaxt ən dəhşətli zorakılıq və qəddarlığın kökündə durur.

“Özgə”dən qorxanlar digər millətləri təhlükə kimi qəbul edir - İsmayıl Rafiqoğlu yazır

Onlar hələ Xocalıda nə baş verdiyini bilmirdilər

Bu gün, fevralın 26-da, xalqımız bır qayda olaraq Xətai metro stansiyası yaxınlığında yerləşən “Ana Harayı” abidəsini ziyarət edir. Uşaqlı-böyüklü abidənin önünə böyük insan kütləsi axışır. 19992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımı zamanı ölən 613 nəfəri xatırlayırıq. Ermənilərin “özgə” bildiyi 63 uşaq, 106 qadın, 70 qoca daxil olmaqla həyatını itirən bu günahsız insanları cəmi bir “günahı” vardı: onlar başqa millətdən, yad tayfadan idilər. Xocalıda törədilən bu qəddar aksiyanın kökündə duran bir əsas səbəb digər millətdən olan insanları heç bir cəza almadan öldürmək imkanının olmasına bağlı idi.

Xocalı soyqırımı – qəddarlıq və zorakılığın ən bariz nümunəsidir. İnsan xislətində gizlənən vəhşiliyin, qorxuların və qəddarlığın üzə çıxmasıdır.

Haşiyə: bir dəfə Xocalı abidəsinin yaxınlığında yerləşən biznes mərkəzdə fotoqrafiya üzrə keçirilən təlimdə bir sual eşitdim: bu zonada nəyi çəkmək istərdiniz? Hərə bir cavab verdi. Kimsə qarşıdakı tikintini, kimsə piyada keçidini çəkəcəyini bildirdi. Mən nədənsə abidənin önündə ora-bura qaçan uşaqları çəkəcəyimi dedim. Bu balacalar hansısa dəhşəti anlamaq üçün hələ çox kiçik idilər. Onlar hələ Xocalıda nə baş verdiyini bilmirdilər. Uşağa məxsus şən bir gülüşlə oynayaraq ora-bura qaçırdılar. Dünyanın heç bir qəddarlığı bu balalar üçün hələ uzaq və əlçatmaz idi. Amma bir vaxt gələcək, onların da kiçik dünyası itəcək, qəddar və sərtliklə üz-üzə gələcəklər.

Bircə belə bir dəhşətlə rastlaşmaq real həyatda onlara qismət olmasın, İnşallah.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm