Özü üçün yox, başqalarına xoş gəlmək üçün yaşayanlar
08.01.2020 13:41 Fikirlər

Özü üçün yox, başqalarına xoş gəlmək üçün yaşayanlar

Hər bir insanın düşdüyü vəziyyətə, qrupa, mühitə uyğunlaşmaq qabiliyyəti eyni deyil. Kimdəsə bu, çox tez olur, hətta bəzən düz kökündən... Amma insan “dəyişkən” olmamalıdır, dəyişikliyə uyğunlaşmağı bacarmalıdır.

Bir personaja həsr olunmuş hekayəni nəql etmək istəyirəm:

Gəncəbasar zonasının özünəməxsus ləhcəsi var. Ən xüsusi diqqət çəkən məqam “gələcəm, gedəcəm” kimi “c” səsi olan sözlərin “gələjəm, gedəjəm” kimi səslənilməsidir.

Bəzi tanışlarım elə ilk tanıdığım gündən bədii dildə danışır. Lakin yaşadığım bölgənin bir çox insanı, elə mən də daxil olmaqla “j” səsindən istifadə edir.

Bəhlul uşaq yaşlarından mənimlə dostluq edirdi: biz bir rayonda böyüyüb, bir küçədə oyun oynayıb, eyni məktəbdə oxuyaraq böyümüşük. Bir sözlə, günümüz bir yerdə keçib: Daşkəsən rayonunda.

Uşaq dövründən sonra Bəhlulla yollarımız ayrıldı: xasiyyətimiz heç uyğun gəlmirdi. Böyüdük, universitetə daxil olduq. Bir-birimizdən elə də xəbərimiz olmadı, xeyli vaxt da görüşmədik.

Günlərin bir günü isə təsadüfən görüşdük. Kaş görüşməyəydik...

Uşaqlıq dostum necə var, elə də qalmışdı, amma artıq başqa formada danışırdı. Elə bil mən dağda, o da düz şəhərin mərkəzində böyüyüb. Maraqlananda “hamı elə danışır, mənim də dilim vərdiş edib” dedi. Daha ona deməyə sözüm qalmadı.

Elə bəlkə də münasibətlərimizin soyumasına səbəb mənim onda qərarsız olduğunu görməyim idi. Amma məsələni diqqət mərkəzində saxladım və psixoloji “keyfiyyət” olduğuna tam əmin oldum.

Daha sonra dəfələrlə qarşıma belə hadisə çıxdı. Özü də bunu edən orta yaşlı təbəqənin nümayəndələri idi.

Çox fikirləşəndən sonra önəmli nəticəyə gəldim: bu tip insanlar digərlərinə xoş gəlsin deyə, onlara məxsus özəllikdən, doğulduğu yerin ləhcəsindən, hətta şəxsi keyfiyyətindən belə imtina etməyə hazırdırlar.

Bu məsələdə nəinki ləhcəsindən, hətta ana dilindən imtina edənlərə, onu tam unudanlara da az rast gəlmirik. Belə hal tez-tez Türkiyədə yaşayan soydaşlarımızla baş verir. 1-2 il qardaş ölkədə çalışan insanları heç tanımaq belə olmur. Türkiyə türkcəsində bülbül kimi cəh-cəh vururlar. Vətənə dönəndə ana dilində danışmaqda çətinlik çəkirlər. Hətta rusca Azərbaycan dilindən yaxşı danışan həmvətənlərimiz Türkiyədə yaşayıb dili öyrənsələr belə, yenə də ana dilində danışmaqda əziyyət çəkirlər. Həm Azərbaycan, həm Türkiyə türkcəsi ümumi türk dilinə münasibətdə ləhcədir, amma nədənsə türkiyəli qardaşlarımız Azərbaycanda yaşayarkən belə, öz ləhcələrindən imtina etməyi düşünmürlər. Elə bildikləri ləhcədə danışırlar.

Şəxsən mən hər bölgənin ləhcəsinə çox hörmətlə yanaşıram və qarşımdakı şəxs qürurla öz ləhcəsində danışanda fəxarət hissi keçirirəm.

Peşə fəaliyyəti ilə bağlı bəzən insan öz bölgəsinin ləhcəsindən imtina etməyə məcbur olur. Onları müəyyən mənada anlayıram. Deyək, əgər televiziyada çalışırsa, ictimai fiqura çevrilibsə, ya natiqlik kursları təşkil edib bundan pul qazanırsa, deməli, dilini “redaktə” etməlidir. Amma öz yaşadığı kəndə qayıdanda heç bir çətinlik çəkmədən öz ləhcəsinə qayıtmağı bacarmaq şərtilə.

Öz ləhcəsini birdəfəlik unudanlar da az deyil. Böyük şair Zəlimxan Yaqubun şerindən bir misra gəldi ağlıma onları xarakterizə etmək üçün: “... Yoxdur beləsinin məsləki , yolu...”

Bu hal həmin insanların psixologiyasında ciddi problem yaradır və özünə əminlik hissini bir müddətdən sonra məhv edir. Çünki onlar özləri üçün yox, başqalarına xoş gəlmək üçün yaşayırlar.

Ya göründüyünüz kimi olun, ya olduğunuz kimi görünün.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm