Özümüzü və başqalarını koronavirusdan necə qoruyaq?
29.01.2020 08:27 Fikirlər

Özümüzü və başqalarını koronavirusdan necə qoruyaq?

56 milyondan çox insan karantin altına alınıb, ölənlərin sayı 5999 nəfərə çatıb

"Koronavirusun yeni növü ilk növbədə hava-damcı yolu ilə ötürülür. Lakin viruslu əllərinizlə gözlərinizi ovuşduracağınız təqdirdə də, xəstəliyə yoluxa bilərsiniz. İlkin mərhələdə xəstəlik özünü qızdırma, zəiflik və quru öskürək kimi əlamətlərlə göstərir. Ağır xəstələr isə nəfəs almaqda çətinlik çəkə, o cümlədən tənəffüs çatışmazlığı yaşaya bilərlər. Virusa yoluxmuş insanlarda digər xəstəliklər olduqda vəziyyət daha da ağır hal alır".

"MediaPost" xəbər verir ki, bunu Çinin Dövlət Səhiyyə Komitəsinin ekspert qrupunun üzvü Li Sinvan koronavirusla bağlı son durumu şərh edərkən deyib.

MASKALAR VİRUSDAN QORUYURMU?

Ekspertin sözlərinə görə, son saatlarda yeni koronavirusun (2019-nCoV) yüngül halları daha çox müşahidə olunub. Bəzi xəstələrdə sətəlcəm yaranmır, yalnız bir qədər temperatur və nadir quru öskürək müşahidə edilir: "Bəzi xəstələr də var ki, onlarda hərarət yoxdur. Ya quru öskürək var, ya da zəiflik. Bu insanlar könüllü olaraq yoxlanışa gəldikləri üçün aşkarlanıblar".

Özümüzü və başqalarını koronavirusdan necə qoruyaq?

Li Sinvan onu da bildirir ki, ki, hər kəs maska taxmalı və yaxın məsafədən təmasları azaltmalıdır.

Bəzi tibb mütəxəssisləri isə maskaların hava-damcı yoluyla yayılan viruslardan qorunma qabiliyyətinə şübhə ilə yanaşırlar. Yeri gəlmişkən, cərrahi maskalardan ilk dəfə 18-ci əsrin sonlarında xəstəxanalarda istifadə olunub. Əhali isə onları 1919-cu ildə yayılan və 50 milyondan çox insanın ölümünə səbəb olan "İspan qripi"ndən sonra taxmağa başlayıb.

"Standart cərrahi maskalar hava-damcı yolu ilə ilə ötürülən virus və ya bakteriyalardan qorunmaq üçün təsirli bir vasitə ola bilməz", - deyə London Universiteti nəzdindəki xəstəxananın həkimi Devid Kerrinqton bildirib. Onun sözlərinə görə, bu cür maskaların xüsusi bir filtri yoxdur, insanın üzünə tam oturmur və gözləri müdafiəsiz qoyur.

Bu arada, Avstraliyada aparılan bir araşdırma üzə çıxarıb ki, insan üzünə bir saatda orta hesabla 23 dəfə toxunur.

ƏLCƏK TAXMAQ LAZIMDIRMI?

Çin Dövlət Səhiyyə Komitəsinin ekspert qrupunun digər üzvü, yoluxucu xəstəliklər üzrə mütəxəssis Li Lantszyuan yeni koronavirusa yoluxmamaq üçün əlcək geyinməyə ehtiyac olmadığını bildirib: "Tibb işçiləri xəstəxanada əlcək geyinməlidirlər. Lakin xəstəxananın xaricində, küçəyə çıxanda buna ehtiyac yoxdur. Əllərinizi yuyun, bu kifayətdir".

Özümüzü və başqalarını koronavirusdan necə qoruyaq?

Nottinqem Universitetinin professoru Conatan Boll isə bildirir ki, xəstəxana şəraitində aparılmış bir araşdırma tibbi maskanın virus infeksiyasından qorunmaq üçün respirator (xüsusi hava filtri ilə təchiz olunub və insanı havadakı təhlükəli hissəciklərdən qoruyur) qədər təsirli olduğunu sübut edib: "Əhali üçün nə qədər effektiv olduğuna gəlincə, burada statistika o qədər də inandırıcı deyil. Çünki uzun müddət maskada olmaq çox çətindir".


Həmçinin oxu: Azərbaycanda koronavirusa qarşı hansı addımlar atılacaq? - Qərar açıqlandı


"Cərrahi maskanın xəstəxana xaricində faydalı olduğu haqda çox az dəlil var", - deyə "Public Health England"ın nümayəndəsi Ceyk Danniq bildirib: "Maskanın kömək etməsini istəyirsinizsə, ondan düzgün istifadə etməlisiniz. Tez-tez dəyişdirin və təhlükəsiz bir şəkildə atın. Ümumiyyətlə, insanların maskalara deyil, şəxsi gigiyenaya daha çox diqqət yetirmələri daha yaxşı olar. Başlanğıc üçün əllərinizi tez-tez yuyun".

Belfastdakı Kvins Universitetinin həkimi Konnor Bemford isə sadə gigiyena qaydalarından istifadəni virusdan qorunmaq üçün daha səmərəli üsul sayır: "Əgər asqırarkən burnunuzu və ağzınızı örtsəniz, tez-tez əllərinizi yusanız, yuyulmamış əllərinizi ağzınıza aparmasanız, xəstəliyə tutulma şansınız azalacaq".

Özümüzü və başqalarını koronavirusdan necə qoruyaq?

Britaniya Səhiyyə Nazirliyi isə virusdan qorunmaq üçün bir neçə tövsiyə verir:

- Əllərinizi mütəmadi olaraq sabun və ilıq su ilə yuyun;

- Mümkünsə, gözlərinizə və burnunuza toxunmaqdan çəkinin;

- Sağlam həyat tərzi sürün və fiziki hərəkətlər edin.

YAXŞI XƏBƏR, PİS XƏBƏR...

Mütəxəssislər deyir ki, mövcud koronavirusun "İspan qripi" qədər ağır bir epidemiyaya səbəb ola biləcəyinə dair heç bir sübut yoxdur. Lakin insanların bu virusa heyvanlardan yoluxması narahatlığa əsas yaradır.

"Yaxşı xəbər budur ki, virus heyvandan insana ötürüldükdən sonra başlanğıc mərhələdə insandan insana sürətlə yayıla bilməz. Bu, virus üçün aşılmalı olan bir maneədir. Lakin bundan sonra virus çox tez ötürülə bilər və bu baş verərsə, vəziyyət son dərəcə ağırlaşar", - deyə britaniyalı professor Endryu İston qeyd edir.

Özümüzü və başqalarını koronavirusdan necə qoruyaq?

Onun sözlərinə görə, viruslar, o cümlədən koronaviruslar olduqca yüksək sürətlə mutasiya edirlər: "Virusun sonrakı mutasiyaları onun insanlar arasında tez bir zamanda yayılmasına imkan verə bilər. Bu o deməkdir ki, epidemiya kifayət qədər qısa müddət ərzində böyük bir ərazini əhatə edə bilər. Ona görə də virusun yayılmasının qarşısını almaq üçün mümkün qədər tez tədbirlər görmək lazımdır".

Elm adamının dediyinə görə, immun sistemi zəif olan insan üçün yoluxma riski daha böyükdür. Sağlam bir insan isə virusa ümumiyyətlə, yoluxmaya bilər: "Bəzi viruslar çox sürətlə, bəziləri isə əksinə çox yavaş ötürülür. Hazırda cavabını gözləyən əsas suallardan biri də yeni koronavirusun hansı tipə aid olmasıdır".


Həmçinin oxu: Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olunub


"Pis xəbər isə odur ki, virusun yayılmasının qarşısı heç də həmişə dərmanlarla alına bilməz. Effektiv antivirus preparatları çox azdır", - deyə ekspert xəbərdarlıq edir. Və əlavə edir ki, əllərin yuyulması və tibbi maskalardan istifadə sadə və təsirli tədbirlərdir: "Əsas gigiyena qaydaları çox faydalıdır. Onlar özümüzü və başqalarını bir çox xəstəliklərdən qorumağa kömək edir. Hazırda bu, yeganə əlverişli və təsirli bir vasitədir. Çünki yaxın müddətdə bu virusa qarşı heç bir dərmanımız olmayacaq".

TƏHLÜKƏ QARŞIDADIR?

Çin elm adamları müəyyənləşdiriblər ki, yeni koronavirusun yayılması 7-10 gün içində özünün pik həddinə çatacaq. Lakin Çin Dövlət Səhiyyə Komitəsinin ekspert qrupunun üzvü Çjun Nanşan bunun genişmiqyaslı olmayacağı qənaətindədir.

Mütəxəssisə görə, artıq yoluxmuş insanların necə müalicə edildiyi də çox vacibdir: "Başqa bir vacib məqam yoluxmuş insanlara kömək etmək üçün onları mümkün qədər tez müəyyənləşdirməkdir. Bu, virusun yayılma səviyyəsini azaltmaq baxımından vacibdir".

Elm adamları onu da deyir ki, xoşbəxtlikdən, Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromu (SARS) koronaviruslarının yayılmasından sonra xəstəliyin yayılmasının qarşısını almaq üçün beynəlxalq səviyyədə təsir mexanizmləri hazırlanıb.

Özümüzü və başqalarını koronavirusdan necə qoruyaq?

SON STATİSTİKA

Son məlumatlara görə, ölkədə yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinin ümumi sayı 5999 nəfərə çatıb. Onlardan 132 nəfəri dünyasını dəyişib, 104 nəfər sağalaraq xəstəxanalardan buraxılıb. Ölənlərin hamısı Uxan şəhərinin daxil olduğu Hubey əyalətinin sakinləridir. Onların yaşı 60-dan yuxarı olub, hamısının başqa xəstəlikləri də olub.

Çinlə yanaşı, Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Səudiyyə Ərəbistanı, Malayziya və Almaniyada yoluxma faktı aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusla əlaqədar fövqəladə vəziyyət elan etməkdən imtina edib. Qurum qərarını Çindən kənarda virusa yoluxanların sayının az olması ilə əsaslandırıb.

Bununla belə, Çin hökuməti virusun yayılmasına qarşı səylərini artırır. Yanvarın 26-dan etibarən vəhşi heyvanların ticarəti qadağan edilib və bütün heyvandarlıq fermalarında karantin tətbiq edilib. Şanxay və Honkonqdakı "Disneyland" əyləncə parkları işini dayandırıb. Hökumətin tətbiq etdiyi məhdudiyyətlərə görə ayrı-ayrı şəhərlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 56 milyondan çox insan karantin altına alınıb.

Bundan başqa, dünyanın hava limanları Çindən, eləcə də Taylanddan gələn reyslərə nəzarəti gücləndirib. ABŞ və bəzi ölkələr artıq epidemiya ilə əlaqədar Çindən öz vətəndaşlarının təxliyəsini təşkil ediblər. Bənzər tədbirlər Fransa, Almaniya və Niderland tərəfindən də hazırlanır.

Tərcümə "MediaPost"a məxsusdur


Gündəm xəbər: ABŞ-la İsrail arasındakı saziş Yaxın Şərqi daha da gərginləşdirdi

Xəbərlər departamenti

Gündəm