Özünə “peyğəmbər” deyərək bibisini öldürdüyü iddia edilən şəxs barədə DİN-dən AÇIQLAMA – VİDEO
22.09.2020 09:45 Hadisə

Özünə “peyğəmbər” deyərək bibisini öldürdüyü iddia edilən şəxs barədə DİN-dən AÇIQLAMA – VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə “vergi verildiyi” deyilən Emin Ramazanov adlı şəxsin görüntüləri yayılıb. Videoda həmin şəxs zob xəstəliyindən əziyyət çəkən doğma bibisini qeyri-adi üsullarla müalicə edərkən qadının anidən huşunu itirdiyi görünür. Bu videonun ardından qadının vəfat etdiyi, Emin Ramazanovun isə qaçıb gizləndiyinə dair məlumatlar yayılıb.

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülərdə qadının ölməsi məlumatı yalandır:

“Videoda “vergi verildiyi” deyilən şəxs 1982-ci il təvəllüdlü Emin Ramazanovdur. Lənkəran şəhərində yaşayır. Bir ay bundan qabaq Bakıya bibisi Şərqiyə Babayevagilə gəlib. Bibisi zob xəstəliyindən əziyyət çəkir. Bu şəxs də bibisinə təklif edib ki, mənə vergi verilib, dini ayinlərlə səni müalicə edəcəm. Bibisinin həyat yoldaşının, qızlarının yanında bu şəxs Şərqiyə Babayevanın boğazını bir-iki dəfə sıxan kimi qadının ürəyi gedib yerə yıxılır. Təxminən 5 dəqiqədən sonra qadın özünə gəlir. Onun vəfat eləməsi barədə yayılan xəbər isə yalandır. Hətta, çağrılıb izahat da alınıb. Sadəcə ani olaraq qadın huşunu itirib sonra özünə gəlib. Məsələ bundan ibarətdir. Həmin oğlanın qaçması, qeybə çəkilməsi barədə deyilənlər isə uydurmadır. Emin Ramazanov hazırda Lənkərandır, bibisinin də heç bir şikayəti yoxdur”.

 

Əcəmi Əsədulla

Gündəm