PA rəsmisi: “Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasında qadınların səsi vacibdir”
24.02.2020 08:10 Xarici siyasət

PA rəsmisi: “Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasında qadınların səsi vacibdir”

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda keçirilən beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınların ictimai həyatda, o cümlədən sülhün və təhlükəsizliyin təmin olunması sahəsində geniş təcrübəsi var.

H.Hacıyev Dağlıq Qarabağ münaqişəsi, etnik təmizlənmə və Azərbaycan torpaqlarının işğalı barədə faktları xatırladıb.

O deyib ki, Xocalı faciəsində 106 qadın öldürülüb: “Xocalıda, ümumiyyətlə, insanlığa qarşı cinayət törədilib”.

PA rəsmisi, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin olduğunu xatırladıb: “Ermənilərin hərəkətləri nəticəsində humanitar fəlakət baş verib”.

Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkün qadınlar Dağlıq Qarabağ münaqişəsindən çox əziyyət çəkiblər, çünki onlar təcavüz və etnik təmizləmənin qurbanları kimi məcburi köç etmək məcburiyyətində qalıblar.

“Məcburi köçkün qadınların səsi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”, - o əlavə edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm