PA rəsmisi Rusiyada yaşayan vətəndaşlara çağırış etdi
16.04.2020 15:37 Cəmiyyət

PA rəsmisi Rusiyada yaşayan vətəndaşlara çağırış etdi

"MediaPost" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev açıqlayıb.

"Orada olan vətəndaşlarımız portal vasitəsilə onlayn qaydada qeydiyyatdan keçsinlər. Sistem avtomatik şəkildə onların növbəlilik ardıcıllığını müəyyən edəcək. Müəyyən olunmuş vaxtda ölkəmizdəki karantin rejiminin tələbləri və ölkədə xəstəliyin yayılması tendensiyası da nəzərə alınaraq onların müəyyən qruplar şəklində ölkə ərazisinə keçməsi təmin olunacaq. Əvvəlcədən də açıqlandığı kimi 200-400 vətəndaşın növbəli şəkildə ölkəyə gətirilməsinin təmin olunması nəzərdə tutulub. Rusiyada yaşayan vətəndaşlarımızın "evə gedirəm" portalında qeydiyyatdan keçməsi portal istifadəyə verildikdən sonra növbəti 5 gün ərzində həyata keçiriləcək. Ona görə də buradan çağırış edərək vətəndaşların qeydiyyata düşməsini xahiş edirik. Ondan sonrakı 5 gün ərzində isə portalın fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq ki, qəbul olunan informasiya emal olunsun ,təhlil edilsin. Ondan sonrakı mərhələlərdə isə digər vətəndaşlarımızın qeydiyyatdan keçməsi və onların da növbəlilik ardıcıllığına daxil edilməsi təmin olunacaq.

Bu günə qədər Xarici İşlər Nazirliyində yaradılmış qərargah və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində, o cümlədən də Rusiya Federasiyasındakı səfirliyində yaradılmış qərargahın "qaynar xətt"inə Rusiyada olan 550-yə yaxın Azərbaycan vətəndaşı artıq müraciət edib. Bu müraciətlərin sistemə yüklənməsi və həmin vətəndaşların Azərbaycana qayıtmasında birinci üstünlüyük onlara veriləcək. Çünki onlar artıq qeydiyyatdan keçiblər.

Bilavasitə Azərbaycan vətəndaşlarının rahat şəkildə onlayn rejimdə qeydiyyatdan keçməsi və mərhələli şəkildə ölkəyə qayıtması nəzərdə tutulub. Rusiyanın müxtəlif regionlarında yaşayan və hər hansı bir məntəqədən vətəndaşlarımızın ixtiyari bir zamanda durub sərhəd məntəqəsinə gəlməsinə xüsusi bir zərurət və ehtiyac yoxdur. Çünki sistemin müəyyən etdiyi ardıcıllıq və növbəlilik prinsipi əsasında onların sərhəd-keçid məntəqələrində ölkə ərazisinə daxil olması həyata keçiriləcək", - PA rəsmisi söyləyib.

Xəbərlər departamenti

Gündəm