Pakistandan Paşinyanın ittihamlarına kəskin cavab
17.10.2020 20:04 Gündəm

Pakistandan Paşinyanın ittihamlarına kəskin cavab

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə “RİA Novosti” agentliyinə müsahibəsində Pakistanın hərbi qüvvələrinin Azərbaycan ordusuna yardım etməsi ilə bağlı fikirlərini əsassız adlandırıb.

"MediaPost" xəbər verir ki, Pakistan XİN-i bəyanat yayaraq, Ermənistanın Baş nazirinin əsassız və yersiz şərhlərini qəti şəkildə rədd etdiyini bildirib..

Nazirlik qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan silahlı qüvvələrinin kifayət qədər güclü olduğunu və öz torpaqlarını müdafiə etmək üçün heç bir xarici ölkənin köməyinə ehtiyacı olmadığını bildirib.

Pakistan XİN hesab edir ki, Ermənistan rəhbərliyi özünün Azərbaycana qarşı qanunsuz hərəkətlərini ört-basdır etmək üçün bu cür məsuliyyətsiz təbliğata sığınır.

“Pakistan Azərbaycana diplomatik, mənəvi və siyasi dəstəyini ardıcıl şəkildə genişləndirib. Pakistan qardaş Azərbaycan xalqının yanında durmağa davam edəcək və onun hər hansısa təcacüzə qarşı özünümüdafiə hüququnu dəstəkləyəcək”, - deyə bəyanatda vurğulanır.

Pakistan XİN əlavə edib ki, münaqişə tərəfləri arasında sülh və münasibətlərin normallaşdırılması BMT TŞ-nın qətnamələrinin tam və hərtərəfli icrasından və Ermənistan hərbi qüvvlərinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olacaq.

Xəbərlər departamenti

Gündəm