Pandemiya dövründə qadın liderlərin fərqinə diqqət çəkildi: Bu ölkələrdə ölümlər daha azdır
15.04.2020 11:55 Dünya

Pandemiya dövründə qadın liderlərin fərqinə diqqət çəkildi: Bu ölkələrdə ölümlər daha azdır

"MediaPost" xəbər verir ki, jurnalda Almaniya, Tayvan, Yeni Zelandiya, Danimarka, İslandiya, Finlandiya və Norveç liderlərinin qadın olmasına diqqət çəkilərək bu ölkələrdə ölümlərin daha az olduğu vurğulanıb. İlk olaraq sözügedən ölkələrin əhalisinin az, ərazisinin kiçik və ada ölkəsi olması ağla gəlsə də, xəbərdə Almaniya və İngiltərə nümunələrinə diqqət çəkilib.

Belə ki, ada ölkəsi olan İngiltərədə 93 mindən çox insanın yoluxduğu koronavirus infeksiyası 12 mindən çox can alıb, lakin 132 mindən çox yoluxma olan Almaniyada ölüm halları 3500-ə çatır. Yəni İngiltərədə ölüm 10 faizdən çox olsa da, Almaniyada bu rəqəm 2 faiz təşkil edir.

"Forbes"in xəbərində qadın liderlərin 4 özəlliyi xüsusi vurğulanıb: dürüstlük, qətiyyətlilik, texnologiya və sevgi.

Dürüstlük

Dürüstlük başlığı altında Almaniya kansleri Anqela Merkelin vətəndaşlarına daha tez xəbərdarlıq etməsinə diqqət çəkilib. Epidemiya yayılan kimi açıqlama verən Merkel virusun əhalinin 70 faizinə təsir edəcəyini demiş və məsələnin ciddiliyindən danışmışdı.

Qətiyyətli davrandılar

Qətiyyətə nümunə kimi Tayvan lideri Tsai İnvenin sürətli şəkildə addım atması göstərilir. Belə ki, virusun yeni gündəmə gəldiyi yanvarda Tayvan prezidenti 124 maddəlik tədbirlər siyahısını açıqlamışdı. Həmin dövrdə məhdudiyyətlər demək olar ki, dünyanın heç bir ölkəsində yox idi. Çinə qonşu olan Tayvanda 395 yoluxma olsa da, cəmi 6 ölüm qeydə alınıb.

Eyni şəkildə Yeni Zelandiyanın baş naziri Casinda Ardern hələ 6 ölüm baş verdiyi zaman xaricilərin ölkəyə girişini qadağan etmişdi.

Texnologiyadan yaxşı istifadə edənlər

İslandiyanın baş naziri Katrin Yaqobsdouttir və Finlandiyanın baş naziri Sanna Marin texnologiyanın gücündən yaxşı istifadə edənlər sırasındadır. Katrin Yaqobsdouttir vətəndaşlarına pulsuz koronavirus testi təqdim edib. Dünyanın ən gənc baş naziri (28 yaş) olan Marin isə sosial şəbəkə fenomenlərindən istifadə edərək epidemiya ilə bağlı həqiqətlərin sürətlə yayılmasını təmin edib.

Səbir və empatiya

Xəbərdə qadın liderlərin sevgi dolu olması da qeyd edilib. Norveçin baş naziri Erna Solberq böhran anında uşaqların iştirak etdiyi mətbuat konfransı keçirmiş və onların suallarını cavablandırmışdı. Norveçdə indiyə qədər 6623 yoluxma olsa da, ölənlərin sayı 139 nəfərdir.

Danimarkanın baş naziri Mette Frederiksen də bənzər addım atmışdı. Bu ölkədə ölənlər yoluxmalarla müqayisədə 4 faizdir.

Məqalədə qadın liderlərin empatiya duyğusunun güclü olmasından dolayı vətəndaşlarını səbirlə sakitləşdirə bildikləri qeyd edilib.

Xəbərlər departamenti

Gündəm