Pandemiyadan sonra dünyanı nə gözləyir?
18.04.2020 12:09 Fikirlər

Pandemiyadan sonra dünyanı nə gözləyir?

Uzaqdan ünsiyyət normaya çevriləcək, təyyarəyə minməkçün arayış tələb olunacaq...Dünyanın əksər ölkələrində koronavirus epidemiyası hələ pik həddə çatmayıb. Buna baxmayaraq, iqtisadçılar və politoloqlar xəstəlik üzərində qələbədən sonra ortaya çıxacaq yeni dünyanın konturlarını cızmağa başlayıblar. Ortaq qənaətləri də budur ki, sosial-iqtisadi sahədə, beynəlxalq və işgüzar münasibətlərdə, daxili siyasətdə və tibdə, eləcə də insan davranışlarında genişmiqyaslı dəyişiklik olacaq.

Bütün bunların fonunda mütəxəssislərin bir qismi yeni və daha yaxşı dünyaya ümid edir, bir qismi də siyasi kataklizmlərin yaşanacağını, insanların durumunun hələ uzun müddət pis olacağını düşünür. Onlar bu qənaətə hazırda dünyada baş verən dərin dəyişiklikləri təhlil etməklə gəldiklərini deyirlər. Və hesab edirlər ki, ölkələrin iqtisadiyyatına, insanların sağlamlığına və sosial həyatına, həmçinin dünyanın siyasi sisteminə təhlükə yaradan pandemiya uzunmüddətli nəticələrə səbəb olacaq.

Pandemiyadan sonra dünyanı nə gözləyir?

ÇƏRÇİVƏLİ QLOBALLAŞMA?

"MediaPost" xəbər verir ki, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun prezidenti Uilyam Bernsə görə, bu nəticələrin ən ciddilərindən biri qlobal sistemdə əsaslı dəyişikliyin baş verməsidir. Berns hesab edir ki, beynəlxalq nizam daha az liberal və daha az qaydalı olacaq: "ABŞ-ın azalan rolu yeni dünyanın əsas xüsusiyyətlərindən biri ola bilər və bu proses artıq başlayıb".

Romadakı Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Natali Toççinin sözlərinə görə, koronavirus epidemiyası ABŞ-ın yeganə supergüc kimi hegemonluğunun sonunun qaçılmaz olduğu vaxtda baş verdi: "Yaxın Şərq ölkələri daha çox milli eqoizm, proteksionizm, vətəndaşların hərəkəti üzərində məhdudiyyət və nəzarət ola biləcəyi yeni çoxqütblü nizamın formalaşması prosesində iştirak edəcəklər. Əlbəttə ki, qloballaşmanı dayandırmaq mümkün deyil. Lakin onu müəyyən bir çərçivəyə salmaq olar. Necə deyərlər, epidemiyaya qarşı duruş gətirə bilmək üçün bir-birimizdən uzaqlaşmalıyıq".

Pandemiyadan sonra dünyanı nə gözləyir?

Əslində, qloballaşmadan uzaqlaşmaq tendensiyası bir neçə ildir davam edir. Məsələn, uzun illər böyüyən beynəlxalq sərmayə indi durğunlaşmaqdadır. Dünya iqtisadiyyatının əsas sənayesinə çevrilən ticarət isə hazırda "ticarət savaşları" ilə məhdudlaşıb. Böhranı yaradan odur ki, inkişaf etmiş ölkələrdə qloballaşmadan əldə olunan qazancın böyük hissəsi məhdud bir qrupa yönəlmişdi. "Ənənəvi" sənaye şirkətlərinin çoxsaylı işçiləri isə zərər görürdü.

Bu, bir çox Qərb ölkələrində siyasi etirazlara səbəb oldu və sağçı populistlərin hakimiyyətə gəlməsi ilə nəticələndi. Bu siyasətçilər antiqlobalizasiya prosesinə başladılar. Ən bariz nümunə də ABŞ-ın ən böyük tərəfdaşlarına "ticarət savaşı" elan edən Donald Trampdır.

Epidemiya və onunla əlaqəli yaranmış böhran (xüsusən də dərin və uzunmüddətlidirsə) antiqlobalizasiya prosesini sürətləndirə bilər. Əvvəllər qloballaşmadan bəhrələnən şirkətlər kompleks istehsal zəncirlərindən imtina edərək, istehsalın lokallaşdırılmasına çalışacaqlar.

YENİ BEYNƏLXALQ NİZAM VƏ QLOBAL LİDER

Pandemiyadan sonra dünyanı nə gözləyir?

Tanınmış tarixçi-şərqşünas Vitali Naumkinin də fikrincə, yeni beynəlxalq nizam çoxşaxəli olacaq: "Çinin gücü çox sürətlə böyüyür. Bu da şübhəsiz ki, Vaşinqton üçün əsas təhdid hesab olunur. Digər inkişaf etməkdə olan ölkələrə gəlincə, onların mövqeyi güclənəcək. İqtisadi tənəzzülün başlamasına baxmayaraq, Çin pandemiya zamanı öz şirkətlərinin fəaliyyət istiqamətini dəyişmək baxımından müstəsna qabiliyyət nümayiş etdirdi. Dərhal çox sayda respirator, tibbi maska, qoruyucu geyim və digər zəruri mal və avadanlıqların istehsalına keçid etdi. Çin virusun yayılmasını sürətlə cilovlamaq bacarığı ilə də hər kəsi təəccübləndirdi. Lakin yekun qələbə barədə danışmaq hələ tezdir".

Tarixçi hesab edir ki, Yaxın Şərqdə baş verən epidemiyadan sonra Pekinin dünya üzərində rolu heç vaxt olmadığı qədər artacaq: "Lakin onun qlobal təşəbbüslərini, o cümlədən iqtisadiyyat və nəqliyyat sahəsində "Bir kəmər-bir yol” kimi, layihələrini nə vaxt həyata keçirməyə başlayacağı hələ məlum deyil. Əlbəttə ki, Çin haqqında ABŞ-ın yerini tutacaq qlobal lider roluna əsas namizəd kimi danışmaq hələ tezdir. Söhbət, yeni dünya nizamında əsas rolu bir gücün oynayacağı ssenaridən gedir.

Pandemiyadan sonra dünyanı nə gözləyir?

Avropa İttifaqında və Rusiyada ABŞ-Çin münasibətlərindəki böhranın kəskinləşməsindən narahatdırlar. "Ticarət savaşı" başa çatmadı və Vaşinqtonun Pekinə kəskin hücumları davam edir. Çin hökuməti bu hücumları cavabsız qoymur. ABŞ rəhbərliyini koronavirusun yayılmasında, ABŞ prezidentini isə "koronavirus" əvəzinə "Uhan virusu" ifadəsini işlətməkdə ittiham edir. Epidemiyaya qarşı sərt karantinlə mübarizə apardığı üçün Pekin Qərb hökumətləri tərəfindən sərt tənqid olundu. Lakin fakt odur ki, Avropanın böyük ölkələrində məhdudlaşdırıcı tədbirlərin vaxtında görülməməsi, İtaliya, İspaniya və Fransada yeni təhdidə laqeyd yanaşılması faciəli nəticələrə səbəb oldu".

ƏSAS SİLAH - SOSİAL MƏSAFƏ

Mütəxəssislər hesab edir ki, pandemiya ilə mübarizədə əsas silaha çevrilən sosial məsafə strategiyası cəmiyyət üçün uzunmüddətli nəticələr yaradacaq. Məsələn, hamıya tanış olan adətlər - bir yığıncaqda öpüşmək və qucaqlaşmaq aradan qalxa bilər. Peyvəndin kütləvi istehsalına başladıqdan və peyvənd kampaniyası ilə virus üzərində qələbə qazandıqdan sonra belə, insanlar epidemiyanın yenidən başlamasından qorxacaqlar. Uzaqdan ünsiyyətin cəmiyyət üçün normaya çevriləcəyi də istisna edilmir.

"McKinsey"in mütəxəssisləri hesab edirlər ki, epidemiya sürətlənsə və ya ikinci bir dalğa gəlsə, yeni ağılasığmaz təcrübələr yarana bilər. Məsələn, təyyarəyə qeydiyyat üçün sağlamlıq arayışı və ya xəstəliyə qarşı əldə edilmiş immunitetlə bağlı tibbi sənəd tələb oluna bilər.

Pandemiyadan sonra dünyanı nə gözləyir?

"McKinsey" onu da bildirir ki, hazırda Çində arayış olmadan yüksək texnologiyalar istehsal edən böyük müəssisələrdə işləmək mümkün deyil.

Pandemiya hər kəsə göstərdi ki, bir çox ölkələrin səhiyyə sistemləri bu cür viruslarla mübarizə aparmağa hazır deyil. Gözlənilir ki, bir çox inkişaf etmiş ölkələr hərəkətə keçəcək və və səhiyyə siyasətlərini dəyişəcəklər. Xüsusən ABŞ-a belə çağırışlar edilir. Məsələn, Almaniyadan fərqli olaraq Birləşmiş Ştatlarda yerli səhiyyə sistemi epidemiya zamanı öz üstünlüklərini göstərə bilmədi.

Sosial məsafənin çox həssas nöqtələrindən biri əhalinin dini həyatı ilə əlaqəlidir. Mütəxəssislərə görə, icma rəhbərləri və dövlət başçıları tərəfindən vətəndaşların kütləvi toplaşma təhlükəsinin düzgün qiymətləndirilməsi və cəsarətli tədbirlərin görülməsi müsbət haldır.

Nəhayət, epidemiya bitdikdən sonra hökumətlərin əsas narahatlığı iqtisadiyyatın, o cümlədən ən çox təsirlənən sektorların (turizm, aviasiya sənayesi və s.) bərpasıdır. Üstəlik, pandemiyanın yenidən başlanması riski insanları istənilən vaxt məhdudiyyətlərə qayıtmağa məcbur edə bilər.

ONLAYN BİZNES QALİB GƏLƏCƏK?

İlk baxışdan görünən odur ki, son illərdə sürətlə inkişaf edən onlayn-xidmətlər üçün yaxşı fürsət yaranıb. Belə ki, ənənəvi rəqibləri sərt karantin tədbirlərinə görə ya bağlanıblar, ya da fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Bu, onlayn-biznesin faydalarını geniş istehlakçı kütləsinə göstərmək üçün ən yaxşı məqamdır. Lakin hər şey göründüyü kimi sadə deyil. Onlayn-xidmətlər dəfələrlə artan tələb qarşısında duruş gətirə bilməlidir. Bunu da onların hamısı bacara bilməz. Bir çox onlayn-şirkət sifariş yükü altında çöküb. Üstəlik, onların "offline-rəqibləri" geri qayıtdıqda sənayenin nə vəziyyətdə olacağını proqnozlaşdırmaq hələ ki mümkün deyil. Bəlkə də qarşıda onlayn yox, "ənənəvi" biznesi çiçəklənmə gözləyir...

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm