Parlamentin buraxılması müraciəti ilə bağlı deputatdan açıqlama
28.11.2019 13:32 Fikirlər

Parlamentin buraxılması müraciəti ilə bağlı deputatdan açıqlama

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında partiyanı Milli Məclisdə təmsil edən deputatların iştirakı ilə iclas keçirilib.

Keçirilən iclasda parlamentin buraxılması ilə bağlı müzakirələr aparılıb və müzakirə olunacaq məsələlərlə bağlı mətbuat konfransı təşkil olunub.

YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransında deyib ki, partiya qanunverici orqanın yenilməsini zəruri hesab edir. Bununla bağlı YAP Prezident İlham Əliyevə müraciət edərək parlamentin buraxılmasını xahiş edib.

Gündəmə gələn məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Mediapost.az-a münasibət bildirib.

Parlament üzvü qeyd edib ki, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi ilə bağlı ən müxtəlif səviyyələrdə müzakirələr gedirdi:

“Daha çox mətbuatda parlament seçkilərinin bu ilin sonuna qədər keçirilməsi gündəlikdə idi. Deyilən sözlər öz təsdiqini tapdı və Yeni Azərbaycan Partiyası çox mühüm bir qərar qəbul etdi. Ümidvaram ki, bu qərar müasir tələblərin çıxarışlarına uyğun bir yanaşmadır və niyyət Azərbaycan dövlətçiliyinə xidmət etməkdir. Ölkə prezidentinin sistemli xarakter daşıyan islahatlarının məntiqinə tamamilə uyğundur”.

Deputat bildirib ki, icra strukturlarında və məhkəmə sistemində aparılan islahatlardan sonra qanunverici hakimiyyət də kənarda qala bilməzdi:

“Bu baxımdan növbədənkənar seçkilərin keçirilməsi ölkə prezidentinin aparmış olduğu sistemli, ardıcıl xarakter daşıyan islahatların mahiyyətinə və məntiqinə söykənir. Sözügedən islahatlar yüksək səviyyədə qanunvericilik bazasına söykənərək aparılmasını təmin etmək üçün məhz parlament seçkilərinin də növbədənkənar keçirilməsinə ehtiyac var. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz addımını atdı. Biz YAP-ın bu addımına müsbət yanaşırıq və bir daha təkrar edirəm, bunu Azərbaycan dövlətçiliyinə daha yüksək səviyyədə xidmətin ifadəsi kimi dəyərləndiririk. Ümidvaram ki, bütün siyasi partiyalar, cəmiyyətimiz və xalqımız da YAP-ın atmış olduğu addımı düzgün qiymətləndirəcək”.

Xəbərlər departamenti

Gündəm