"Paşinyanın könüllü istefası Qarabağ münaqişəsinin tezliklə həlli üçün daha əlverişli şərait yarada bilər"
05.11.2020 14:35 Dünya Qarabağ Azərbaycandır

"Paşinyanın könüllü istefası Qarabağ münaqişəsinin tezliklə həlli üçün daha əlverişli şərait yarada bilər"

Anatoli Sobçak Fondunun mütəxəssisi, Rusiya Federasiyası Prezidentinin Siyasi Məsələlər üzrə sabiq məsləhətçisi (1992-1993) Sergey Stankeviç Azərbaycan və Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb.

"MediaPost" "moscow-baku"ya istinadən xəbər verir ki, o, müsahibəsində Qarabağda davam edən gərginlik səbəbilə Moskvanın İrəvana yardım etməkdən imtina etməsinin səbəbi və Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolu məsələsinə toxunub.

Stankeviş Ermənistanın Baş naziri Nikol Paşinyanın son çarə olaraq Moskvaya müraciət etmə şansını yoxladığını söyləyib: "Birbaşa hərbi yardım üçün Moskvaya müraciət etmək. Bu ehtimal müttəfiqlik öhdəliklərindən irəli gəlir. Həm çoxtərəfli (Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən), həm də ikitərəfli (Ermənistanda Rusiya hərbi bazasının olması müqaviləsinə əsasən). Ancaq Rusiya rəhbərliyi tələsmir. Çünki Rusiya prezidenti Vladimir Putin Ermənistan hökumətinə dəfələrlə bildirib ki, KTMT-nin şərtlərinə əsasən, Rusiya hərbi əməliyyatlar Ermənistan ərazisində gedəcəyi təqdirdə münaqişəyə müdaxilə edə bilər. Geosiyasi baxımdan da Moskva üçün Qarabağ münaqişəsinin fonunda Azərbaycan və Türkiyə ilə münaqişəyə cəlb olunma ehtimalı tamamilə qəbuledilməzdir. Rəsmi olaraq, Moskvanın Nikol Paşinyanın birbaşa hərbi yardım tələbini rədd etmək üçün bütün əsasları var. Belə ki, Qarabağ Ermənistanın bir hissəsi deyil və müstəqil elan etdiyi bölgəni İrəvan da tanımır".

O, Paşinyanın vəzifədən getməsinin münaqişə tərəfləri arasındakı gərginliyin azalmasına müsbət təsir edəcəyini bildirib: "Məncə, Nikol Paşinyanın könüllü istefası münaqişənin erkən həlli üçün daha əlverişli şərait yarada bilər. Beləliklə, o, Moskva ilə İrəvan arasındakı münasibətlərdə şəxsi faktoru ortadan qaldıracaq və intensiv diplomatiya üçün əlavə imkanlar açacaq".

Rusiyalı politoloq Aleksandr Ryabstov da "Vzglyad"a Nikol Paşinyanın sonunun çatdığını söyləyib:

“Qarabağda məğlubiyyətə uğrayan Paşinyan tezliklə müxalifət tərəfindən aradan qaldırılacaq - bu, Paşinyanın qaçılmaz sonudur. Baş nazirin daxili reytinqləri ən aşağı səviyyəyə çatdığı və erməni xalqı Paşinyanı devirməyə hazır olduğunu üçün o, Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Onun fikrincə, bu yolla ermənilər öz sosial problemlərini unudacaqdı. Azərbaycan isə Ermənistanın Qarabağdakı təxribatlarına reaksiya verməsəydi belə, böyük ehtimalla Paşinyan özü genişmiqyaslı müharibə başlatmış olardı. Lakin onun bütün dar düşüncəli planları uğursuz oldu - erməni qoşunlarının Qarabağdakı itkiləri olduqca böyükdür. İşğal olunmuş ərazilərin əksəriyyəti azad edildi və bütün bu biabırçı faktlar yaxın bir neçə həftə ərzində Paşinyana qarşı istifadə olunacaq".

Anara Mikail

Gündəm