Pasport dərimizin altında olacaq, bank kartlarını barmaqlarımız əvəz edəcək
24.02.2020 11:50 Fikirlər

Pasport dərimizin altında olacaq, bank kartlarını barmaqlarımız əvəz edəcək

Kompüterləri geridə qoyan smartfonlar, özünü idarə edən avtomobillər, məişət problemlərini həll edən robotlar, insan sağlamlığına nəzarət edən "ağıllı" geyimlər... Yüksək texnologiyalar işıq sürətilə inkişaf edir. Bir il əvvəl fantastik görünən şey bu gün reallığa çevrilir. Bəşəriyyət növbəti sənaye inqilabının zirvəsində "gəzişir" və hələ ən maraqlıların qarşıda olduğu deyilir.

"MediaPost" xəbər verir ki, ABŞ-ın "Pew Research Center" araşdırma şirkəti bu gün dünyada 4 milyarddan çox insanın smartfondan istifadə etdiyini açıqlayıb. Baxmayaraq ki, bu cihazların insanların həyatına daxil olduğu dönəmdən çox da keçməyib. Məsələn, smartfonların böyük əksəriyyətində quraşdırılan "Android" əməliyyat sistemi 2008-ci ildə ortaya çıxıb.

QATLANIR, RULON KİMİ BÜKÜLÜR...

Mobil telefonlar inkişaf edərək son dərəcə məhsuldar olublar. Və getdikcə daha da universallaşırlar. İndi onlar kompüteri, elektron kitabı, kameranı və hətta televizoru da əvəz edə bilirlər.

Lakin əksər qacetlərin əsas çatışmazlığı onların əkiz qardaşlar kimi bir-birlərinə bənzəmələridir. Bir neçə cihazı yan-yana qoysanız, onların hansı şirkətin ("Apple", "Samsung", "Huawei" və s.) məhsulu olduğunu çətinliklə müəyyənləşdirərsiniz.

Mütəxəssislərə görə, 2019-cu il bu mənada dönüş nöqtəsi oldu. Bir neçə şirkət eyni anda elastik ekranı olan smartfonları təqdim etdi. Bu smartfonları yüz dəfə qatlasan da, qırılmayacaq. Elastik ekranlar texnologiyasının tarixi 1970-1980-ci illərə gedib çıxsa da, onu sənaye miqyasında yalnız indi reallaşdıra biliblər.

Pasport dərimizin altında olacaq, bank kartlarını barmaqlarımız əvəz edəcək

Hələlik bu cür ekranlı smartfonların sayı azdır və onlar heç də ucuz deyillər. Məsələn, "Samsung Galaxy Fold" təxminən 2300 dollar, "Huawei Mate X" isə 7-9 min dollardır.

Proqnozlara görə, 2020-də bu tip cihazların çeşidi çoxalacaq. "Samsung" artıq növbəti modelinin anonsunu verib, "Motorola" və "Xiaomi" də öz smartfonunu patentləşdirib.

Qatlanan ekranlar trendə çevrilir. Üstəlik, onların tətbiqi yalnız smartfonlarla məhdudlaşmır. 7-10 yanvar tarixlərində Las-Veqasda keçirilən "CES 2020" sərgisində "Lenovo" qatlanan noutbukunu təqdim etdi. 2018-ci ildə isə LG rulon kimi bükülən televizor nümayiş etdirmişdi.

ZƏHMƏTKEŞ KÖMƏKÇİLƏR

"Robot" termininin müəllifi hesab edilən (əslində müəllifin onun qardaşı olduğu deyilir) və öz əsərində "süni insanlar" istehsal edən bir fabrikdən bəhs edən çex yazıçısı Karel Çapek yazdıqlarının müəyyən mənada gerçəyə çevrildiyini öyrənsəydi, yəqin çox təəccüblənərdi.

Son bir ildə robototexnika sahəsində həqiqətən də ciddi irəliləyiş olub. Robotlar tədqiqat laboratoriyalarından kənara çıxaraq dünyanı fəth edirlər.

Robotlaşdırma əsasən bir neçə istiqamət üzrə gedir. Birinci istiqamət istehsaldır. Müəssisələr fürsət yarandıqca insan əməyindən imtina edir, gündəlik proseslərin və əməliyyatların icrasını səssiz, iddiasız, xəstələnmədən, yemək istəmədən həyata keçirən robotlara həvalə edirlər.

Robotların geniş tətbiq olunduğu sahə məişətdir. Götürək, çox qısa müddətdə hərtərəfli köməkçiyə çevrilən və yeni funksiyalar əldə edən robot-tozsoranları. "CES 2020"də "Narwal" şirkəti döşəmələri və eyni zamanda özünü təmizləməyi bilən dünyanın ilk robot- tozsoranını təqdim etmişdi.

Təbii ki, hər şey yalnız təmizliklə məhdudlaşmır. Ofisiantı əvəz edə bilən (sifariş verir, yemək və içki gətirir), qab-qacaq yuyan, qəhvə hazırlayan, aşpaz köməkçisi olan, qazon biçən və hovuz yuyan robotlar da var.

Pasport dərimizin altında olacaq, bank kartlarını barmaqlarımız əvəz edəcək

BAĞLAMALARI DAŞIYAN "KÖPƏKLƏR"

Yaxın gələcəkdə robotlar "ağıllı ev" sistemini də idarə edə biləcəklər. "Samsung" şirkəti mənzilləri izləyən, tozsoranı işə salan, işıqları yandırıb-söndürən "Ballie" köməkçi-robot konsepsiyasını hazırlayıb.

Robotlar özlərinə biznesdə də yer tapacaqlar. 2019-cu ilin yayında "Amazon" bağlamaların çatdırılması ilə məşğul olacaq dronla bağlı anons vermişdi. Almaniyanın "Continental" şirkəti isə kuryerləri əvəz edə biləcək köpək-robotlar təqdim etmişdi.

İnsan bədəni də texnologiya şirkətləri üçün sınaq meydanına çevrilib. Artıq bir neçə ildir ki, insanların dərisinin altına mikroçip-implantlar yerləşdirilir.

Çip fərdi məlumatların daşıyıcısı ola, yəni rəqəmsal pasport kimi çıxış edə bilir. Üstəlik ona bank hesabı və ödəniş kartlarının məlumatlarını da yükləmək olar. Bu halda alış-veriş üçün POS-terminalına kart və ya smartfonla deyil, əlinizlə toxunaraq ödəniş etmək mümkün olur. Mikroçipdən istifadə edərək elektron kilidləri aça, hətta avtomobili işə sala bilərsiniz.

Bədənə implantasiya edilmiş çip eyni zamanda xəstəlikləri erkən mərhələlərdə aşkarlaya, onların müalicəsi üçün yeni metodlar hazırlaya, orqanizmin fəaliyyəti haqqında məlumat toplaya və anormal vəziyyətlərə (təzyiq artımı, ürək atışında dəyişiklik, hərarət) reaksiya verə bilir.

MİKROÇİP DAŞIYAN 12 MİN İNSAN...

Beləliklə, gələcəkdə "çip insanlar" qacetlər kimi adi bir hala çevriləcək. Bəzi məlumatlara görə, dünyada 12 mindən çox mikroçip implantasiya əməliyyatı aparılıb.

Pasport dərimizin altında olacaq, bank kartlarını barmaqlarımız əvəz edəcək

ABŞ-ın "Caretaker" şirkəti isə xəstələrin vəziyyətini müəyyən edən monitorlu cihaz hazırlayıb. Cihaz bilək üzərində quraşdırılır və hərarəti, təzyiqi, nəbzi ölçür. Alınan məlumatları da smartfona, yaxud planşetə ötürür. Sonradan həkim bu məlumatları təhlil edə və müalicə təyin edə bilər. Bu, ağır xəstələr və müstəqil hərəkət edə bilməyənlər üçün çox əlverişlidir.

Əlillərin həyatını kəskin şəkildə dəyişəcək texnologiyalar da sürətlə inkişaf edir. Məsələn, "ReWalk" bionik ekzoskeleti onurğa xəsarətləri olan insanları ayağa qaldırmağa imkan verir.

2015-2017-ci illərdə hamı virtual reallıq eynəklərindən (VR və AR) danışırdı. Şirkətlər fəal şəkildə VR eynəklər və 3D-ni dəstəkləyən qurğular istehsal edirdi. "Google", "Samsung", "HTC", "Sony" kimi, şirkətlər bu baxımdan yarışa girmişdilər. Lakin sonra səs-küy yatdı və AR və VR arxa plana keçdi.

VİRTUAL GEYİNİB-SOYUNMA

"Topshop" və "Timberland" istehsalçıları bəzi ölkələrdə potensial alıcılar üçün virtual "geyinib-soyunma" otaqları açıblar. Müştəri sevdiyi modeli seçib mağazadakı xüsusi ekrana yaxınlaşır və paltarın ona necə oturduğunu görə bilir.

Yeri gəlmişkən, zərgərlik şirkəti "Tiffany & Co." 2015-ci ildə nişan üzüklərinin ölçüsünü virtualda götürə bilən mobil tətbiqetmə buraxmışdı.

Tikinti və daxili dizaynda da oxşar üsullardan istifadə olunur. IKEA şirkətinin təqdim etdiyi tətbiqlə alacağınız mebelin evinizə uyğun olub-olmadığını müəyyən edə bilərsiniz. Bunun üçün tətbiqi smartfonunuza yükləyir və qaceti tətbiqlə masanın və ya divanın dayandığı hissəyə göndərirsiniz.

Pasport dərimizin altında olacaq, bank kartlarını barmaqlarımız əvəz edəcək

Təhsildə də virtual texnologiyalara tələbat artır. VR və AR ilə tələbələr məşq və təcrübə edə bilirlər. Məsələn, xəstələri əməliyyat edir, evlər tikirlər.

5G DÜNYA ƏHALİSİNİN 65 FAİZİNƏ ƏLÇATAN OLACAQ

Bir çox ekspertlər 2020-nin 5G şəbəkəsinin çiçəklənmə ili olacağına əmindir. "Ericsson" şirkətinin məlumatına görə, 2019-cu ilin sonunda 5G xidmətlərindən 13 milyona yaxın abunəçi istifadə edib.

Müxtəlif hesablamalara görə, 2020-ci ildə dünyada 5G standartını dəstəkləyən smartfonların sayı 300 milyona çatacaq. 2025-ci ilə qədər isə 5G şəbəkələri dünya əhalisinin 65 faizi üçün əlçatan olacaq. Bu texnologiya qlobal mobil trafikin 45 faizini təmin edəcək.

2019-cu ildə Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikada 5G xidmətləri istifadəyə verildi. Ümumilikdə isə dünyadakı mobil operatorların təxminən yarısı 5G şəbəkələrini təqdim etmək planlarını açıqladılar.

Beşinci nəsil şəbəkələrinin tətbiqi niyə bu qədər vacibdir? Çünki 5G 4G-dən 100 dəfə sürətlidir və hər kvadratkilometrdə 1 milyona qədər cihaz şəbəkəyə qoşula bilər. Üstünlükləri bununla da bitmir. 5G cihazları, tətbiqləri, nəqliyyat sistemlərini və şəhərləri vahid mobil rabitə mühitinə birləşdirəcək. Yəni "ağıllı evlər" və binalar, 3D-video, məsafəli tibbi xidmətlər, virtual reallıqlar 5G-ni dəstəkləyəcək.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm