Pensiyaların ödənilməsi xərcləri azaldılır - <span>Səbəb nədir?</span>
06.08.2020 08:45 İqtisadiyyat

Pensiyaların ödənilməsi xərcləri azaldılır - Səbəb nədir?

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsində təklif edilən əlavə və düzəlişlər pandemiyanın təsirlərini azaltmaq məqsədi daşımaqla yanaşı, 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə də bağlıdır. Layihədə DSMF-nin gəlirlərinin daxilolma mənbələri üzrə dəyişikliklərin aparılması təklif olunur. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz üzrə 2 milyon 588 min manat azaldılır, əksinə büdcədən kənar mənbələr üzrə həmin məbləğ qədər artım təklif olunur”. 

“MediaPost” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pandemiyanın iqtisadiyyata mənfi təsir etdiyi vaxtda özəl sektordan daxilolmalarda artımın proqnozlaşdırılmasının geniş izahatına ehtiyac var: “Pandemiyanın real sektorda aktivliyi azaltdığını və eləcə də, sosial təcrid tədbirlərinin tətbiq olunduğu müddətdə təsirlərə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq, özəl sektordan daxilolmalarda artımın proqnozlaşdırılmasının geniş izahatına ehtiyac var. Çünki nəticə etibarilə, aktivlik azalırsa, bu, ödənişlərin də azalmasına səbəb olmalıdır: hətta qeyri-rəsmi məşğulluğun rəsmilləşdirilməsi əmsalı nəzərə alınanda da”.

Millət vəkili bildirib ki, digər məqam təklif olunan layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26,769 milyon manat azaldılmasıdır: "Bu istiqamət pandemiyanın təsir etmədiyi sahə olduğundan azalmanın səbəblərinin geniş izah edilməsinə ehtiyac var.

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin təxminən 7 ay əvvəl qəbul olunduğunu nəzərə aslaq, qanun layihəsində nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir. Məsələn, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmaların səbəblərinin geniş izahatına ehtiyac var".

Könül Vəliyeva

Gündəm