Pərvaz edən makaron Əjdahası
14.02.2020 09:33 Fikirlər

Pərvaz edən makaron Əjdahası

Səhər-səhər “Tüpürüm sizin üzünüzə” deyib seçkilərdə müəllimlərin davranışına hiddətlənən müraciəti dinlədikdən sonra elə bil bu tüpürcək mənim də sifətimə sıçradı. Bu müraciətdən sonra heç müəllim olmayanların da əhvalı korlanmalıdı. Məyusluq içində “Görəsən xaricdə də müəllimlər bu qədər mütidir?!” deyə düşünüb çıxış yolu axtarırsan. Əgər bu sualın cavabını bilirəmsə qoy Uçan Makaron Əjdahası Kilsəsi (ing. Church of the Flying Spaghetti Monster) mənə qənim olsun. “Yoxdur elə bir şey” deyib yan keçməyin. Bu dini Amerikada sadə bir müəllim təsis edib. 2005-ci ildə adi fizika müəllimi Bobbi Henderson təhsil departamentinə rəsmi müraciət edib ki, məktəblərdə qalan dinlərlə yanaşı pastafarianlıq (ing. Pastafarianism - pasta italyanca makaron deməkdir) dini təqdim edilməli və bu dinin dünyanın yaranması barədə ortaya atdığı versiyası “Ağlabatan niyyət” başqa dinlərin təklif etdiyi versiyalar və eləcə də təkamül nəzəriyyəsi ilə bərabər tədris edilməlidir. Əslində, bir zarafat və etiraz şəklində meydana gəlmiş bu din sonralar ağlasığmaz miqyas aldı və hazırda minlərlə, hətta milyonlarla ölçüləcək qədər tərəfdarı var.

Henderson açıq məktubunu saytında yayımlayaraq dünyanı makaron və küftələrdən ibarət “allah”la tanış etdi. O, 1 il ərzində 60 min məktub aldı. Onlardan yalnız 5 faizi onu cəhənnəmdəki qır qazanı ilə hədələyirdi. Yerdə qalanı deyilənlərlə tam razı idi. Ola bilər müəllim olduğundan insanları inandırmaq bacarığı onda daha yüksək imiş, amma minlərlə insan başına aşsüzən salıb məktəblərdə insan zəkasına zorla dürtüşdürülən qondarma biliklərə qarşı çıxdı. Kimisi zarafatla, kimisi ciddi “Dünya belə gəldi, belə getməz” (bu, Amerika şüarının milli ekvivalentidir) fikrini məqbul sayaraq etiraz aksiyasına qoşuldu, direktorlara, təhsil departamentinə qarşı çıxdı, bu arada sayt on milyonlarla baxış sayı qazandı. Deyək ki, pastafarianlar yeri gəlsə, qarğış filan da yağdırır. Amma ümumilikdə bu dinin müddəaları çox məzəlidir. Təbəssüm doğuran və aqressiv olmadığından Makaron Əjdahası məşhur saytların, blogerlərin sevimli qəhrəmanına və ən vacibi təhsildə oturuşmuş doqmalara qarşı çıxa bilən qüvvəyə çevrildi.

“Yeganə doqma doqmalardan imtina etməkdir” deyən pastafarianizm dininə görə “Makaron allahı” əsas müddəaları dəniz qulduru Mosetə (Moiseyin ekvivalenti kimi) ötürüb, amma o, 10 lövhədən ikisini yolda salıb itirib deyə, cəmi səkkizi qalıb. Onlar isə “yaxşı olardı ki” ifadəsiylə başlayır. Pastafarian nəzəriyyəsinə görə Uçan Makaron Əjdahası dünyanı möhkəm içəndən sonra yaradıb. Pastafarian cənnəti pivə vulkanı və striptiz fabrikindən ibarətdir. Onların cəhənnəmində adamları yandırmırlar, sadəcə, orada pivə köhnədir və striptizçilər zöhrəvi xəstəliklərə yoluxub. Elan olunmuş müddəalara görə dəniz quldurlarının sayı qlobal istiləşmə ilə birbaşa əlaqədardır. Buna şübhə edənlər saytda nəfis şəkildə quraşdırılmış diaqramı izləyə bilər. Somalidə quldurların çox olması faktını onlar ərazidə ekoloji təmizliklə izah edirlər. Dinə görə hamı, xüsusilə qadınlar örtük əvəzi başına aşsüzən qoymalıdır. Sentyabrın 19-u dəniz quldurları günü dini bayram kimi qeyd olunur. Həftənin hər cümə günü müqəddəs gündür və dualar RAmen (yapon əriştəsi) sözü ilə tamamlanır. Ciddi qəbul etməyə bilmərik, çünki təsis olunduğu ildə Ağ Ev “bayram mövsümü” ilə əlaqədar pastafarianlara təbrik məktubu ünvanladı. Əvəzində prezidentə limuzininə və təyyarəsinə yapışdırmaq üçün küftə yanaqlı makaron emblemi göndərildi.

Nə qədər ki, ortada pul məsələsi yox idi, hər şey zarafata daha çox bənzəyirdi. Amma “Boing Boing” saytı İsa peyğəmbərin Uçan makaron Əjdahasının oğlu olmadığını empirik yolla sübut edə bilənə veriləcək uduş fondunu 250 mindən 1 milyon dollara qaldıranda hamını maraq götürdü. Dinin peyğəmbəri elan edilmiş Bobbi Henderson “Villard” nəşriyyatından Uçan Makaron Əjdahasının İncilini yazmağı sifariş alaraq verilmiş 80 min dollar avansı utanmadan götürdü. Dərc ediləndən sonra bir tək sayt vasitəsilə 100 min nüsxə kitab satıldı. Əlbəttə, bütün bunlar real dünyanı bəzəmək üçün uydurulmuş satira idi və ona görə də ağlı-başı üstündə olanlar pastafarianlığı “elm və mövhumat arasındakı ciddi döyüşdə çatışmayan yumor parçası” adlandırdı. Məsələ kifayət qədər ciddidir, çünki onlar “Müqəddəs Pasta və Autentik sous: Pastafarianlıq dini nəzəriyyəsində nizamsız nəticələr”, “Təkamül mübahisələri və Pasta tərəfdaşlığı: Uçan Makaron Əjdahası və dini parodiyanın dağıdıcı funksiyası” kimi mövzularda çıxış edərək kifayət qədər nüfuzlu elmi konfranslarda ideyalarını səsləndirirlər.

Bu mövzuda sonsuzluğa qədər improvizə edib doyunca gülmək də olardı. Amma məsələ kiminsə axmaq hərəkətinin ətrafını yoluxdurmasında deyil, cəmiyyətin nə qədər açıq olması və yeniliklərə münasibətindədir. Əlbəttə, heç kim öz müəllimini başına aşsüzən qoyub ortalıqda şit-şit gəzişdiyini görmək istəməz. Amma düşünəndə ki, hardasa elə bir cəmiyyət var ki, onun üzvü başında aşsüzənlə pasport şəkli çəkdirmək uğrunda mübarizə edib və sonunda məhkəmədə udur... necə deyərlər “bu yerində şairi ağlamaq tutur”. Bu bir daha sübut edir ki, müəllim istəsə, yerin altını üstünə çevirər və dünyada olmayan bir şeyi elə inandırıcı şəkildə tədris edə bilər ki, bizə uşaqlarımızı götürüb qaçmaqdan savayı əlacımız qalmaz. Bu fikrə inanmayanlar son günlərdə seçki məntəqələrində kamera qabağında xüsusi təm-təraqla (bəzən həyasızcasına) ağ yalan danışan müəllimlərin sifətinin ifadəsinə baxsın. Ən dəhşətlisi odur ki, biabırçılığın səhərisi günü həmin bu müəllimlər uşaqlara Vətənə sevgidən, sədaqətdən, ölkənin rifahından, insanlıqdan dərs deyəcəkdi.

Əgər hardasa elə bir ölkə var ki, onun vətəndaşı “Əgər mən nəyəsə inanıramsa, bunun nə dərəcədə axmaq səsləndiyinə baxmayaraq özümü ifadə etmək hüququm var” deyib başına aşsüzən qoyub küçəyə çıxa bilirsə, demək, o, beyninə sığışdırılan yalanlara etiraz edə bilir. Heç kim düşünməsin ki, oralarda, hətta Makaron Əjdahanın küftə yanaqlarını sığallayıb gülüşənlərə, onun cəddinə inananlara seçki qutusunda qəfil peyda olan artıq bülletenləri necəsə başa salmaq və bu məsələnin üstündən keçmək mümkün olacaq. Analoqu olmayan milli seçki qaydamızı o tərəflərdə tətbiq etməyə çalışanlar başına “Rassel çaydanı”ndan süzülən qaynar suyu dərhal hiss edəcək. Bu nəzəriyyəni ilk dəfə ingilis riyaziyyatçısı, filosofu Bertran Rassel təqdim edib. Guya Kainatda planetlər arasında azad uçuşda bir çaydan dolaşmaqdadır. Onun olmadığını iddia etməyə tələsməyin. Məsələnin məğzi ondadır ki, elmi iddianız varsa, onun mövcud olmadığını deyən tərəf, yəni etiraz edənlər sübut-dəlil gətirməlidir. Yəni “Yaradanın əmri beləymiş”, “qismətimdə yazılıb”, “Allah qoysa olar” kimi ifadələr heç nəyi sübut eləmir. Başımıza qaynar su tökürlər, biz isə onun olmadığını sübut eləməyə məhkumuq.

P.S. “Müəllimlərə qarşı nahaq danışmayın” deyib etiraz etmək istəsəniz nəzərə alın ki, başınızı yelləyəndə qulaqlarınızdan asılmış əriştələr çox məzəli görünür.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm