Polietilen torba və ya biopaket: daha havayı olmayacaq - İnfoqrafika
06.12.2019 12:03 Fikirlər

Polietilen torba və ya biopaket: daha havayı olmayacaq - İnfoqrafika

Paytaxtın bəzi marketlərində artıq ekoloji təmiz polietilən paketlər 10 qəpikdən təklif edilir. Uzun illərdir havayı paketdə məhsul almağa adət etmiş Bakı sakini üçün bu nə qədər qəribə görünsə də, bir müddət sonra artıq hamı plastik torbalara görə əlavə pul ödəməli olacaq.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bir müddət öncə geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbir görüldüyünü bəyan edib. Nazir bildirib ki, qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi razılaşdırma mərhələsindədir.

Qərar qəbul olunsa, Azərbaycan vətəndaşı satış məntəqələrində alış-veriş edərkən hər polietilen torbaya görə az da olsa, pul ödəyəcək. Dünya praktikası bu halda insanların daha az torba almağa meyilli olduğunu göstərir. Hazırda havayı olduğundan elə market satıcısı da, lazım oldu-olmadı, 2 torba əvəzinə beşini də işlədə bilər. Pullu olduqda isə bunun alıcıda qıcıq doğurma ehtimalı yaranır.

Bir sıra qonşu ölkə buna bənzər qanunu artıq qəbul edib. Rusiya, Türkiyə və Gürcüstanda polietilenın istifadəsini məhdudlaşdıran və ya qadağan edən qərarlar qüvvəyə minib. Gürcüstan daha radikal yola əl atıb, yəni 2019-cu ildən bu ölkədə polietilen torbaların istehsalı, gətirilməsi və satışı qadağan edilib. Bunun əvəzinə biopaketlərdən istifadə edilməlidir. Belə paketlər adətən bioloji materialdan hazırlanır deyə, təbiətdə bir neçə ilə çürüyüb gedir. Bəzi ölkələrdə belə torba banan, qarğıdalı və buğda liflərindən və ya dəniz yosunundan hazırlanır.

Polietilen torba və ya biopaket: daha havayı olmayacaq - İnfoqrafika

Polietilen torbanın, plastik qabların təbiətə vurduğu ziyandan uzun-uzadı fikir bildirməyə ehtiyac yoxdur, çünki bu barədə çox deyilib, yazılıb, yüzlərlə sənədli və bədii film çəkilib. Ziyanlı olmağını heç sübut etməyə ehtiyac yoxdur, yəni 100 ilə belə çürüməyən bir məhsulun ekologiyaya vurduğu zərəri heç bir pulla ölçə də bilmərik. Amma əvəzləmək mümkündürmü?

Elə problemin dərinlişməsi də bununla bağlıdır. Polietilen hazırkı neft-qaz sivilizasiyasının əvəzolunmaz hissəsidir. Ətrafımızda gördüyümüz hər bir əşya məhz bu iki xammalın köməyi ilə yaradılıb. Nəyə baxsan, plastik, polietilen və plastmasdan düzəlib. Ya da tərkibində neftdən alınan sintetik maddələrin izi var. İnsan sayı artdıqca, istehsal da artır. İstehsal artırsa, bu məhsulların qablaşdırılması, bir regiondan digərinə göndərilməsi üçün rahat və yüngül materialların yaradılması məsələsi gündəmə gəlir. Axı təbii qarğıdalı və buğdadan hazırlanan paketlər elə də davamlı deyil. Bir ölkə digər ölkəyə qazlı su göndərirsə, bunun şüşə qabda olması həm nəqliyyat xərcini artırır, həm də yolda qırılma şansını yüksəldir.

Polietilen torba və ya biopaket: daha havayı olmayacaq - İnfoqrafika

Təbii taranın da istehsalı böyük zəhmət hesabına başa gəlir. Əgər sabah polietileni kağız torba ilə əvəzləmək istəsək, bu yanaşma planetin daha çox ziyanına işləyə bilər. Kağız istehsalı üçün ağacların məhv edilməsi qaçılmazdır. Üstəlik, kağızın əmələ gəlməsində olduqca ziyanlı texnologiyadan istifadə edilir. Pambıq geyimi seçək, ya sintetik? Hər kəs deyər, əlbəttə, pambığı. Həm ekoloji təmizdir, həm insana ziyan vurmur, həm də polietilən qədər illərlə çürümədən yaşamır. Amma pambıq əkini qədər ikinci ziyanlı bir proses tapmaq mümkün deyil.

Onun istehsalına külli miqdarda su, mineral gübrə və işçi qüvvəsi sərf olunur. Amma bir mövsüm pambıq köynəyi geyib zibilə atırıq. Sintetik geyim insana xeyir gətirməsə də, təbiətə pambıqdan az ziyan vurur.

Təbiətin qorunması, ətraf mühitin mühafizəsi nəyinsə qadağasından çox insan amilinə bağlıdır. Əgər rahatlığı düşünüb yaşadığımız mühiti məhv ediriksə, bunun nəticəsi yalnız insan nəslinin kəsilməsi olacaq.

Rahatdır deyə bir dəfə istifadə olunan plastik qabı istehsal ediriksə, bu qabın sonrakı taleyini də düşünməliyik. Qabı yumağa ərinirik deyə yeyib atmalıyıq?

Bir geyimlə keçinmək olan yerdə üçünü alırıqsa, bu ziyanlı istehsalı daim stimullaşdırırıq. Sonra da bilmirik zibilin əlindən hara qaçaq, xəstəlik hər yeri bürüyür, daim həkimin qəbulunda növbə gözləməli oluruq.

Bir tərəfdən dövlət qanun qəbul edirsə, digər tərəfdən hər birimiz prosesin aktiv iştirakçısı olmalıyıq. Qənaət mümkün olan yerdə minimuma razılaşmalı, sağlamlığa və ətraf mühitə ziyan vuran hər bir mala yox deməliyik.

Gələcək nəsillərin taleyi bu günün yanaşmasından asılıdır.

İnfoqrafikanın müəllifi: Gülnarə Rəfiq

Xəbərlər departamenti

Gündəm