Potensial cinayətkar olma ehtimalı... - Kriminal araşdırmalara maraq nədən qaynaqlanır?
Kriminalogiyanın nə qədər tükürpədici olsa da, maraqlı sahə olduğu da inkar edilə bilməz. Adətən, keçmiş cinayət dosyelərini analiz etməyə hüquq üzrə fəaliyyət göstərənlər yönəlsə də, adi kəslərdən də bu cür araşdırmalara meyilli olanlar az deyil.
Bəzi insanlar keçmiş cinayət tədqiqatlarını izləməyəyə, hətta ən məşğul olduqları anlarda belə podkast kimi dinləməyə aludə olurlar. Bu vərdişin onlara mənfi təsir etdiyini, üzərlərinə sanki ağır ab-hava çökdüyünü etiraf etsələr də, özlərinə əngəl ola bilmirlər.
Psixoloq Vəfa Əkbər “MediaPost”a açıqlamasında bunu sadəcə informasiyaya olan aclıq ilə əlaqələndirib.
O bildirib ki, hər bir insanın informasiyaya ehtiyacı var və o ehtiyacdan artıq həmin insanın psixoloji vəziyyətinin necə olduğunu, nədən əziyyət çəkdiyini bilmək mümkündür:
“İnformasiya təkcə ehtiyac deyil, həm də aclıq kimi olur. Bəzi insanlar müəyyən bir müddətdən sonra həmin məlumatı almadıqda, özünü diskomfort hiss edir, çünki aclıq hiss edir. Kriminal mövzularda podkaslara qulaq asan və bu mövzularda hər hansı bir informasiya almaq istəyən insanlarda bu, qorxuları, gün boyu çox gərgin olmaqları, yaşadıqları mühitdən çox ehtiyat etməsindən və güvənmədiyindən irəli gəlir”.
Psixoloq qeyd edib ki, aqressiyadan əziyyət çəkən insanlar da bu cür videolar ilə özlərini onun nəticələrindən qorumağa çalışırlar:
“Həmin insanlar mənəvi dəyərləri itirmə astanasında olan, insanları təyin etməyə maraqlı, onların bir-birinə necə bənzədiyi və ya hansı xüsusiyyətləri, özəllikləri var deyə araşdırmalar aparan kəslər olurlar. Bəzən emosional olaraq çox gərgin, əsəbi, özlərini tarazlaya bilməyən insanlar da buna baxır. Səbəb isə sanki bir növ beyinlərinə siqnal verirlər ki, əgər sən kontrol etməsən, nəticə bu cür olacaq, bunu hər dəfə özlərinə xatırlatma ehtiyacı duyurlar”.
Psixoloq əlavə edib ki, hər bir insanın nə vaxtsa potensial cinayətkar olma ehtimalı var.