"Pozuntu aşkarlansa, bizə məlumat verməyinizi xahiş edirik" - Məzahir Pənahov
22.12.2019 09:56 Daxili siyasət

"Pozuntu aşkarlansa, bizə məlumat verməyinizi xahiş edirik" - Məzahir Pənahov

"Biz maksimum dərəcədə çalışmalıyıq ki, seçkilər zamanı pozuntu hallarına yol verilməsin".

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

Qurum sədri bildirib ki, istənilən pozuntu ictimaiyyət tərəfindən pis qarşılanır: “Biz maksimum dərəcədə çalışmalıyıq ki, bu cür hallara yol verilməsin. Bütün seçkilər Seçki Məcəlləsinin tam tələbinə uyğun olmalıdır. Bizim son illərdə seçki prosesinin keçirilməsində maarifləndirmə tədbirlərinin xüsusi rolu var”.

M.Pənahov vurğulayıb ki, seçkilər kütləvi bir prosesdir: “Dünyann heç bir yerində heç kim seçkilərdə pozuntulardan sığortalanmayıb. Əlbəttə, biz arzu edərdik ki, pozuntu halları olmasın. Bizim məqsədimiz bu halları minimuma endiməkdir. Bunun üçün daim maarifləndirmə tədbirləri həyata keçirilir”.

Qurum sədri vurğulayıb ki, veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir: "Bu tələb ciddi şəkildə həyata keçirilməlidir. Hardasa bununla bağlı pozuntu halı aşkarlanarsa, bizə məlumat verməyinizi xahiş edirik”.

Report-un məlumatına görə, M.Pənahov xatırladıb ki, hazırda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.

Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm