Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri vəzifəsinə təyinat olub - TƏRCÜMEYİ-HAL
02.12.2019 12:44 Rəsmi

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri vəzifəsinə təyinat olub - TƏRCÜMEYİ-HAL

Mediapost.az xəbər verir ki, sərəncamla Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 saylı orta məktəbini bitirib.

1994-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.

2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin Hüquq fakültəsinin magistraturasını bitirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib. 2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb. 2014 – cü ildə indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri təyin edilib.

G.Kərimov bu təyinata qədər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi olub.

Xəbərlər departamenti

Gündəm