Prezident: "Rusiya tərəfinə minnətdarıq ki, belə bir fəxri qonaq qismində məhz bizim ölkəmiz seçilib"
24.12.2019 13:20 Daxili siyasət

Prezident: "Rusiya tərəfinə minnətdarıq ki, belə bir fəxri qonaq qismində məhz bizim ölkəmiz seçilib"

Mediapost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 24-də Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu il çox səmərəli və məhsuldar olub: "Mənim fikrimcə, bu il biz həm əvvəlki illərdə, həm də bu il nəzərdə tutduqlarımızın hamısına nail olmuşuq. Əlbəttə, bu il münasibətlərimizin davamlı inkişafı həm regional siyasətdə, həm də bütövlükdə çox mühüm amildir. Buna görə əminik ki, gələn il də uğurlu əməkdaşlıq edəcəyik, nəzərdə tutduğumuz planlar, başladığımız layihələr həyata keçiriləcək. Eyni qayda ilə sizin əvvəlki səfəriniz çərçivəsində iri əczaçılıq zavodu açıldı, yeni maşınqayırma zavodunun təməli qoyuldu. Əlbəttə, rəmzi haldır ki, əməkdaşlığımızın bu ilini ölkələrimizi əlaqələndirən körpünün açılışı ilə başa vururuq. Mən bunu çox əlamətdar hadisə hesab edirəm. Ona görə ki, həm sovet dövründə, həm də postsovet illərində Rusiya ilə Azərbaycanı yalnız bir körpü bağlayırdı, hərçənd onu əsl körpü adlandırmaq da olmaz, o körpü çoxdan köhnəlmişdi. Buna görə yeni körpü biznes, qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, nəqliyyat dəhlizi üçün yeni qapılar deməkdir. Beləliklə, ilin məhz bu cür əlamətdar hadisə ilə başa çatması çox rəmzi məna daşıyır.

Bu il ərzində əlamətdar hadisələr çox olub - Prezident Vladimir Vladimiroviç Putin və Rusiyanın digər rəhbərləri ilə mənim görüşlərim, rəsmi nümayəndə heyətlərinin səfərləri, iqtisadi, humanitar sahədə əməkdaşlıq. Gələn il də çox mühüm tədbirlər nəzərdə tutulur, o cümlədən Sankt-Peterburqda keçiriləcək mədəniyyət forumunda Azərbaycan əsas qonaq kimi təmsil olunacaq. Bu, çox şərəfli missiyadır. Biz Rusiya tərəfinə minnətdarıq ki, belə bir fəxri qonaq qismində məhz bizim ölkəmiz seçilib. Bu tədbirə hazırlıq ən yaxın vaxtlarda başlanacaq".

Xəbərlər departamenti

Gündəm