Prezident: "Sahibkarlara dəstək bundan sonra daha da şəffaf qaydada göstəriləcək"
06.08.2020 14:39 Rəsmi

Prezident: "Sahibkarlara dəstək bundan sonra daha da şəffaf qaydada göstəriləcək"

“Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünki əgər bu, olmasa, bu birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin”.

“MediaPost”un məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə deyib. Dövlət başçısının sözlərinə görə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir: 

"İnflyasiya təqribən 3 faiz ətrafındadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsula nisbətdə ola bilsin ki, artıb, çünki ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq bizdə mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır.

Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır".

Xəbərlər şöbəsi

Gündəm