Promete: "Hər kəs öz peşəsində bu millətə vəkillik edir" - MÜSAHİBƏ
31.01.2020 11:26 Fikirlər

Promete: "Hər kəs öz peşəsində bu millətə vəkillik edir" - MÜSAHİBƏ

Müsahibimiz bir çoxlarının yetkinlik və gənclik illərinin kumirinə çevrilən H.O.S.T. qrupunun üzvlərindən biri Pərviz İsaqovdur (Promete). Populyarlıq gözlədiklərindən daha erkən və səs-küylü gələn qrup hazırda fəaliyyət göstərməsə də, adını tarixə yazdırıb.

“MediaPost” Pərviz İsaqovla olan müsahibəni təqdim edir:

- H.O.S.T. qrupunda ifa etdiklərinizlə indiki “track”ləriniz arasında fərq görürsünüz?

- Əlbəttə, fərqlər mövcuddur. Ən azından seleksiya (seçmə – red.) fərqləri var. H.O.S.T.-un dövründə bütün üzvlər səs verib, yeni track-in çıxmasına razılıq verirdik. İndi buna tək özüm cavabdehəm. Bu baxımdan bir az baxış bucağı filan dəyişib.

- Bu gün hansı daşı qaldırırsan altından deputatlığa namizəd çıxır. Bəs siz deputat olmaq istəməzsiniz?

- Bir şey olan kimi ətrafdakıları günahandırmağa öyrəşdiyimiz halda, özümüz tolerant davranmırıq. Məsələn, bu qədər deputatlığa namizəd var. Bunun nəyi pisdir ki? Deməli, bizim seçim imkanımız daha böyükdür. Bizim üzərimizə düşən öhdəlik ondan ibarətdir ki, öz layiqli namizədimizi seçək. Mənim deputatlıq məsələmə gəlincə, hər kəs öz peşəsində bu millətə vəkillik edir. Nə qədər ki, öz peşənin layiqli nümayəndəsisənsə, o qədər layiqli vəkillik edə bilərsən. Ona görə də, mən hələ bu barədə düşünmürəm.

Promete: Hər kəs öz peşəsində bu millətə vəkillik edir

- İnsanlarda deputatlığa marağın səbəbi nədir?

- Yəqin ki, burada iki səbəb var. İlk olaraq, düşünürlər ki, müəyyən gəlir vasitələrinə əlləri daha tez çata bilər. Bu, yanlış bir fikirdir. Düşünürəm ki, əvvəl bu imkanlar vardısa, indi belə olmayacaq. İkincisi, bəziləri 10 milyonluq əhaliyə parlamentdə vəkillik etməyi daha üstün tutur. Hansısa bir peşə sahibi öz işində müəyyən bir mərhələyə çatdıqdan sonra fikirləşir ki, artıq daha böyük mərtəbəyə yüksələ bilər. Məsələn, müəyyən siyasi addımlar ata bilər. Bu, həm yaxşıdır, həm də düşündürücüdür.


Həmçinin oxu: Promete: “Biz o kanalı heç siyahımıza belə salmırıq”


- H.O.S.T. qrupunun hansı üzvü ilə əlaqəni kəsmisiniz?

- Demək olar ki, H.O.S.T. qrupunun heç bir üzvü ilə görüşmürük, rastlaşmırıq. Yalnız xüsusi hallarda danışırıq. Mütəmadi olaraq daim gördüyüm “Feyk” ləqəbli Fərhaddır. O, marketinq sahəsindədir, məndə isə reklamdır. Ona görə də, yollarımız tez-tez kəsişir. Qalan üzvlərlə hər hansı bir əlaqəmiz qalmayıb. Hər birimizin yaradıcılığa baxışlarımız dəyişdiyi üçün artıq görüşmürük.

Promete: Hər kəs öz peşəsində bu millətə vəkillik edir

- İmkanınız olsaydı, televiziyada nələri dəyişmək istəyərdiniz?

- Dövlət televiziyaları ilə bağlı bir şey deyə bilmərəm. Çünki onların özünün bir xətti var. Məsələn, dövlət strukturu olan İctimai Televiziya Azərbaycanda istənilən müstəqil televiziyadan daha sərbəstdir. Digər televiziyaların hamısının repertuarlarını, proqram və aparıcı siyahılarını rahatlıqla ələk-vələk etmək olar.

- Bir çox ölkələrdə düşünürlər ki, dünyadakı cinayətlərin artımına ən böyük səbəblərdən biri efirlərdə gedən neqativ xəbərlərdir. Bu barədə nə düşünürsünüz?

- Cinayətlərin artımına səbəb birbaşa televiziyalar deyil. Lakin onların da müəyyən rolu var. Yəni biz 15-20 xəbərdən biri hər hansı neqativ halla bağlıdırsa, təlimatlandırıcı, maarifləndirici məlumatlar da var. Eyni sualdan yola çıxaraq “dünyada maariflənmə, elmə maraq niyə artmır”- deyə də soruşmaq olardı. Bu televiziya ilə yox, məhz təhsillə, ümumi dünyagörüşlə və dünyada aparılan ana siyasətlə bağlı olan bir məsələdir. Düşünmürəm ki, hər hansı bir cinayət birbaşa televiziya ilə qaynaqlansın. Əlbəttə ki, manyakal xəstəliklərin daşıyıcıları televiziyaya istinad edə bilər, lakin televiziya cinayətlərin artmasında böyük alət deyil.

- Son olaraq, hansı sualı eşitmək istəyərdiniz?

- Sonuncu sualın qarşısında acizəm. (gülür)

“MediaPost”

Xəbərlər departamenti

Gündəm