Psixoloq: “Avtobus sürücüləri dərhal qınanmamalıdır, çünki...”
28.01.2020 11:28 Fikirlər

Psixoloq: “Avtobus sürücüləri dərhal qınanmamalıdır, çünki...”

Tez-tez sürücü ilə sərnişin və ya avtobus sürücüsü ilə digər nəqliyyat vasitələrinin sürücüləri arasında münaqişələrin şahidi olmuşuq. Bu cür vəziyyətlərdə vətəndaş dərhal avtobus sürücüsünü qınaq obyektinə çevirir.

Belə münaqişələrin əsas səbəbi kimi sürücünün avtobusu gec sürməsi, dayanacaqdan kənarda saxlamaması, sərnişinlə kobud rəftarı, avtobusa çox adam mindirməsi kimi faktorlar əsas gətirilir.

Avtobus sürücülərindən fərqli olaraq, şəxsi avtomobilindən gün ərzində bir neçə dəfə istifadə edənlər belə yolda gərginlik yaşayırlar. Bu baxımdan gününün çox hissəsini sükan arxasında keçirən avtobus sürücülərinin birmənalı qarşılanmayan davranışları başadüşüləndir.

“MediaPost” məsələnin rəsmi deyil, psixoloji tərəflərini araşdırıb.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən psixoloq Fuad Əsədov bildirib ki, bütün sahələrdə psixoloq işinə və psixoloji dəstəyə ehtiyac var:

Psixoloq: “Avtobus sürücüləri dərhal qınanmamalıdır, çünki...”

“Bunlardan biri də nəqliyyat sahəsidir. Bu işdə mütləq psixoloji faktorlar nəzərə alınmalıdır. Hazırda bir çox nəqliyyat şirkətində sistem elə qurulub ki, sürücülər 16-17 saat işləyirlər. Məsələn, səhər saat 5 və ya 6-da durur, gecə saat 12-yə qədər işləyirlər. Və hər gün eyni proses təkrarlanır. Normal olaraq, insan üçün 8 saat yatmaq vacib olsa da, avtobus sürücüləri cəmi 4-5 saat yata bilirlər. Bu da onların əsəb sisteminin hansı vəziyyətdə ola biləcəyini bizə göstərir. Bundan əlavə, monoton, oturaq həyat tərzi insanda depressiya, əsəb gərginliyinə yol açan amillərdir. Həmin sürücülərin günlük həyatında əyləncəli bir şey yoxdur. Onlar hər gün eyni istiqamətə avtobus sürürlər. Bu da onların həyatdan zövq almalarına mane olur”.

Psixoloq bu məsələlərdə sərnişinlərin də üzərinə məsuliyyətin düşdüyünü qeyd edib:

“Biz hərdən şahidi oluruq ki, sərnişinlər sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamalarını tələb edir və ya qapını tez bağladığı üçün düşə bilmədiklərini əsas gətirərək sürücü ilə mübahisəyə başlayırlar. Təbii ki, bu cür gərgin məqamlarda sürücü sərt danışa bilər. Axı bunlar qayda pozuntusudur və bu şeyləri tənzimləmək sürücünün əlində deyil. Mən sürücüyə haqq qazandırmağa çalışmıram. Həmin işin gərginliyi bəzən yolda yaşanan çətin vəziyyətlər, bəzən də sərnişinin çıxardığı problemlər sürücülərin ruh halına mənfi təsir göstərir. Bu baxımdan sərnişinlər də bu cür vəziyyətləri nəzərə almalıdır. Yəni dərhal sürücülər qınaq obyekti olmamalıdır”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm