Psixoloq karantin qaydalarını pozanlar barədə: "İnsanlarda kütləşmə halları üzə çıxır"
13.04.2020 11:01 Fikirlər

Psixoloq karantin qaydalarını pozanlar barədə: "İnsanlarda kütləşmə halları üzə çıxır"

Bir aya yaxındır ölkədə xüsusi karantin rejimi tətbiq edilməsinə baxmayaraq insanlar həyatlarını riskə ataraq qaydaları pozmağa davam edir. Maraqlıdır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən açıqlamada da qaydaların sərtləşdirilməsindən sonra pozuntu hallarında ciddi dəyişiklik yoxdur.

Mövzu ilə bağlı "MediaPost"a danışan psixoloq Ramil Nəcəflinin fikrincə, bunun səbəb hər şeyin insanlar üçün adiləşməsidir: "Getdikcə elə bir vəziyyət yaranır ki, onlar öyrəşməli olurlar, sanki daşlaşmış bir vəziyyətə düşürlər. Artıq insanlar qadağalardan tutmuş ən sərt tədbirlərə qədər heç nədən təsirlənmirlər".

Ekspertin sözlərinə görə, artıq insanların şəxsi xarakterlərində hərtərəfli dəyişikliklər baş verir:

"İnsanlarda getdikcə qorxusuzluq, kütləşmə, heç nəyi vecinə almamaq halları üzə çıxır. Onlarda sanki qadağanın əksinə getmək, hər şeyə meydan oxumaq istəyi hissi formalaşır".

R.Nəcəfli hazırkı şəraitdə insanların koronavirusa inanıb-inanmamasının deyil, qaydalara əməl edilməsinin vacib olduğunu deyib:

"Maksimum diqqətli olmaq lazımdır. Özünə və başqalarına qarşı məsuliyyətsizlik etmək olmaz. Başa düşmək lazımdır ki, meydan oxumağa dəyməz. İnsanların hərəsi koronavirusla bağlı bir fikir irəli sürür. " Boş şeydir", " qara qüvvələrin oyunudur" deyənlər də var. Bu fikirlərin haqlı və ya haqsız olması müzakirə olunmur. Əsas məsələ odur ki, fakt olaraq bu vəziyyət var. Qadağan olunubsa, müzakirə etməyin adı yoxdur, bu, dövlətin əmridir. Sadəcə, qaydalara əməl etmək lazımdır, şərtdir. İndiki şəraitdə axına qarşı getməyin heç bir mənası yoxdur".

Xəbərlər departamenti

Gündəm