Psixoloqlar Nərminin anasını dəstəklədi: “Bakıya köçmək istəməsi normaldır” - ŞƏRH
16.01.2020 11:39 Fikirlər

Psixoloqlar Nərminin anasını dəstəklədi: “Bakıya köçmək istəməsi normaldır” - ŞƏRH

Tovuz rayon Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətli ətrafında müzakirələr aktual olaraq qalır. İnsanların qəzəbinə hədəf olan qatildən sonra bu dəfə azyaşlının anası sosial mediada tənqidlərə məruz qalıb. Buna səbəb isə ananın ölkə başçısı Prezident İlham Əliyevə etdiyi müraciət olub. Müraciətdə ana dövlət başçısından paytaxt Bakıdan onlara ev verilməsini istəyib. Övladını itirmiş bir ananın ev arzusunda olması birmənalı qarşılanmayıb. Aynurə Quliyeva ictimaiyyət tərəfindən qızının ölümünə laqeyd yanaşmaqda və hadisədən sui-istifadə etməkdə ittiham olunub.

“Bizim Tovuzdan Bakıya köçüb yerləşməyimizə yardım edin. Qalan iki övladıma görə çox qorxuram. Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm. Qızım o evdə yanıb. Ona orada zülm eləyib, başını daşla əziblər. Sizdən övladımın qatilinin, bu işdə ona kömək edənlərin ən ağır cəza almasına göstəriş verməyinizi xahiş edirəm”, – A.Quliyeva müraciətində bildirib.

Sosial şəbəkələrdə rezonans doğurmuş müraciətlə bağlı mütəxəssislər “MediaPost”-a açıqlama verərək qadının psixoloji durumunu şərh ediblər.

"O, “ev verin”, “ev alın” deməklə yaşadığı yeri tərk etmək üçün yardım istəyir. Bu gün bizim cəmiyyətin ən böyük problemi empati qura bilməməkdir".

Psixoloqlar Nərminin anasını dəstəklədi: “Bakıya köçmək istəməsi normaldır” - ŞƏRH

Psixoloq Fərqanə Mehmanqızı qadını qınayanları tənqid edib: “Mən o qadının təhqir edildiyini görürəm. Məsələyə bir qədər fərqli mövqedən yanaşmaq istəyirəm. O insanlar hazırda şokdadırlar. Psixoloji durumları yerində deyil. Fikirlərini düzgün ifadə edə bilmirlər. Onların yaşadıqları acı, stres, kin, nifrət beyində xaos yaradıb. Ümumiyyətlə, bölgələrdə insanların beyinində belə bir fikir var - Bakı…. Kimsə deyəndə ki, şəhərə gedirəm, heç kimin ağlına ilk olaraq Mingəçevir, Gəncə gəlmir. Şəhər deyəndə bir marka kimi Bakı yada düşür. Ona görə də bölgələrdən çıxıb başqa yerdə yaşamaq deyəndə ağla paytaxt gəlir. Sanki paytaxt bir çıxış yoludur. İndi bu qadının canı yanır buna görə də çıxıb getmək istəyir. Prezidentdən imdad diləyir. O, “ev verin”, “ev alın” deməklə yaşadığı yeri tərk etmək üçün yardım istəyir. Bu gün bizim cəmiyyətin ən böyük problemi empati qura bilməməkdir. Bu qadın bu sözü dedi. Bəs hansı psixoloji durumda? Hansı şəraitdə? Bu insanın təhsili, söz ifadə etmək qabiliyyəti hansı səviyyədədir?

Siz necə düşünə bilərsiniz ki, bir qadın, körpəsini itirən bir ana plan cıza ki, mən dövlətdən ev istəyim. Bunu sizin düşünməyiniz qəddarlıqdır. Canı yanan insanlar şok zamanı aqressiyadan, nifrətdən nə istəsəniz deyə bilər. Heç o qadın bilməyib nə deyib. Əlbəttə, bir faicə baş verib. Ana kənddəki insanların hər birinin gözündə övladının yanğısını görəcək. O kənddəki insanlar, ağaclar, daşlar faciənin şahididir. Buna görə də ananın həmin kənddən çıxmağı zərurətdir. Sabah o insan gülə bilməyəcək, yemək yeyə bilməyəcək. Hər kəs ona Nərmini xatırladacaq. Çünki kütlə qəddardır. Mümkün qədər empati qurmaq lazımdır. Anaya baxanda bilinir ki, savadsız bir qadındır. Fikrini ifadə etməyin yolunu bilmir. İnsanların yanaşması məni çox məyus etdi. Hər şey göründüyü kimi deyil".

"Ana prezidentə ünvanladığı məktubda övladlarına görə narahat olduğunu qeyd edib. Onun həmin kənddən köçmək istəməsi normal haldır"

Psixoloqlar Nərminin anasını dəstəklədi: “Bakıya köçmək istəməsi normaldır” - ŞƏRH

Psixolq Fuad Əsədov “MediaPost”a danışarkən də ananın kənddən Bakıya köçmək istəyinin normal olduğunu bildirib: “Ümumiyyətlə, psixologiyada " Zərərçəkən psixologiyası " adlı bir bölmə var. Zərərçəkmiş insanda bir çox hallarda posttravmatik stres adlanan psixoloji pozuntu yaranır. Belə olduqda, zərərçəkmiş və yaxınları hadisə yerindən və hadisəni xatırladacaq hər şeydən qaçmağa çalışırlar. Nəzərə alsaq ki, Nərminin bu şəkildə qətlə yetirilməsi bir ana üçün kifayət qədər travmatik hadisədir, biz onu anlaya bilərik. Həm də, ana prezidentə ünvanladığı məktubda övladlarına görə narahat olduğunu qeyd edib. Onun həmin kənddən köçmək istəməsi normal haldır. Üstəlik, biz sosial şəbəkələrdəki müzakirələrdən və xəbər portallarında yayımlanmış məlumatlardan anlayırıq ki, qatilin kimliyi ilə bağlı şübhələr davam edir. Hətta qatilin hələ də azadlıqda olduğunu iddia edənlər də var. Bu şübhələrin birindən xəbərdar olan ana əlbəttə ki, narahat olacaq və həmin kənddən uzaqlaşmaq istəyəcək. Bundan əlavə, mən deyə bilərəm ki, mediada işıqlandırılan bu kimi hadisələr mövcud olan mənzərənin kiçik bir hissəsidir. Mənim çoxlu sayda zorakılığa və təcavüzə məruz qalan, övladları öldürülən pasiyentlərim olub. Onların heç birinin hekayəsi mediada işıqlandırılmayıb. Yəni demək istədiyim odur ki, bu hadisələr biz düşündüyümüzdən də çox olur. Elə bilməyin ki, belə hadisələr ayda-ildə bir dəfə olur. Həqiqətən də, çox olur. Sadəcə, hər zərərçəkmiş bunu mediaya duyurmur. Bölgələrdə belə hallar daha çox olur. Bakıda bu baxımdan vəziyyət daha yaxşıdır. Ona görə də belə bir hadisədən sonra ananın kənddən Bakıya köçmək istəməsi normaldır. Əksər insanlar onun yerində olsaydı eyni şeyi edərdi”.

Aynur Ələkbər / “MediaPost”

Xəbərlər departamenti

Gündəm