"Putin heç bir sualdan qaçmır, fərqlənmək istəyir, amma..." - ŞƏRH
22.12.2019 10:55 Fikirlər

"Putin heç bir sualdan qaçmır, fərqlənmək istəyir, amma..." - ŞƏRH

"Rusiya Prezidenti Vladimir Putin hər il geniş mətbuat konfransı keçirir. Konfransa yüzlərlə jurnalist qatılır və prezident saatlarla suallara cavab verir. Hətta Kreml sahibi mətbuat konfransında sərt sualları da cavabsız qoymur. Məsələn, Ukrayna agentliklərindən birinin jurnalistinə hər il sual vermək üçün şərait yaradılır. Həmin müxbirin də sualları əsasən belə olur: “İşğala nə zaman son qoyacaqsınız?”. Putin isə belə kobud suallardan çəkinmir".

Mediapost.az-ın xəbərinə görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Putin bu cür mətbuat konfransları ilə digər böyük ölkələrin prezidentlərindən fərqləndiyini göstərməyə çalışır.

"Rusiya rəhbəri Ukrayna məsələsini “sevimli mövzu” hesab etdiyi üçün suala detallı şəkildə cavab verməyi xoşlayır. Həm də Ukraynaya və Kiyevi müdafiə edən dövlətlərə mesajını göndərir. Bəs, Vladimir Putin nədən ildə bir dəfə yüzlərlə jurnalistin iştirakı ilə az qala 5 saata qədər uzanan mətbuat konfranslarına ehtiyac duyur?" - politoloq bildirib.

E.Şahinoğlunun fikrincə, həqiqətən dünyanın bir başqa liderini tapmaq çətindir ki, yüzlərlə jurnalistin iştirakı ilə saatlarla uzanan mətbuat konfransı keçirsin və bu, bir ənənəyə çevrilsin: "Putin bu mətbuat konfransı vasitəsi ilə heç bir mövzudan və sualdan yayınmadığını göstərir. Kreml sahibi ona qarşı olan dövlətlərin jurnalistlərinin ən mürəkkəb suallarına da cavab verməyə hazır olduğunu ortaya qoyur. O, sanki sərt suallara cavab verməklə özünün hazırcavablığını göstərir”.

Siyasi şərhçi hesab edir ki, Putin mətbuat konfransı vasitəsi ilə xarici və daxili auditoriyaya necə bilgili olduğunu göstərir:

“Ona ünvanlanan suallar daxili və xarici siyasətin bütün sahələrini əhatə edir. Rusiya prezidenti meşə təssərrüfatından tutmuş səhiyyənin spesifik sahələrinə qədər mövzularda məlumatlı olduğunu, müxtəlif rəqəmlər səsləndirməklə iti yaddaşa malik olduğunu göstərir. Başqa sözlə Putin bütün suallara cavab verməklə başqa liderlərdən fərqini ortaya qoyur. Məsələn, şou həvəskarı olmasına baxmayaraq, Amerika Prezidenti Donald Trampın yüzlərlə jurnalistin müxtəlif səpkili suallarına 4 saat ərzində cavab verməsini təsəvvür etmək çətindir. Bütün bunlara rəğmən, Putinin cavabları ildən-ilə təkrarlanmağa başlanıb. Yəni onun bu il verdiyi cavablar ötən il verdiyi cavablara oxşayır. Əgər keçmiş illərdə hər cavabı hadisəyə çevrilirdisə, bu il belə olmadı”.

Xəbərlər departamenti

Gündəm