"Qabiliyyəti olmayan insanlar da eşidir ki, bloq işində pul var..." - Həvva Səfərova - FOTOLAR
03.03.2020 14:20 Fikirlər

"Qabiliyyəti olmayan insanlar da eşidir ki, bloq işində pul var..." - Həvva Səfərova - FOTOLAR

"MediaPost" turizmçi, otelçi və bloger Həvva Səfərova ilə müsahibəni təqdim edir:

- Həm ailə, həm iş qadını olmağın çətinliklərini necə aradan qaldırmaq olar?

- Həm ailə, həm də biznes qadını olmaq üçün mütləq dəstək lazımdır. Birmənalı olaraq bu dəstəyin ən böyüyünü həyat yoldaşı göstərməlidir. Əgər həyat yoldaşı qadının bütün təşəbbüslərinə mane olarsa, qadının motivasiyası, ümidi də ölər. Qadın əgər karyera qurmaq istəyirsə, yoldaşı da bunu istəməlidir. Burada bir nüans da var. Əzmkar qadınlar kişinin önyarğısının qarşısını ala bilər. Məsələn, mənim yoldaşım demişdi ki, sən işləməyəcəksən. Amma indi mən həm işləyirəm, əlavə layihələrim də var. Qeyd edim ki, mənim ən böyük dəstəkçim qayınanamdır. İşlərim çox olanda qayınanam övladlarıma baxır. Mən bu məsələdə ona çox güvənirəm. Qayınanamla ölkəmizdə olan stereotipləri qırmışıq.

Qabiliyyəti olmayan insanlar da eşidir ki, bloq işində pul var...

- Niyə heç bir xüsusi qabiliyyəti olmayan blogerlərin paylaşımları insanlar tərəfindən maraqla qarşılanır?

- Ölkəmizdə çox ciddi yanlış düşüncələr var. İnsanlar məşhur, sosial aktiv simaları, blogerləri, yazıçıları səhv başa düşdüyü üçün real blogerliklə məşğul olanları da qara siyahıya salırlar. Niyəsə heç birinə "influencer" deyilmir, asandır deyə, bloger deyilir. Bloger özü test edir və təcrübəsini paylaşır. Hətta reklam müqaviləsi imzalayanda da öhdəlik götürür ki, o, ancaq öz doğru bildikləri haqda yazacaq. Yəni ancaq düzgün olanı yazmaq haqda öhdəlik götürür. Lakin sizin dediyiniz xüsusi qabiliyyəti olmayan insanlar da eşidir ki, bloq işində pul var və yaxşı pul qazanmaq olar. Ona görə də bilib-bilmədən başlayırlar blogerliyə. Düşünmürlər ki, o pulu qazanmaq üçün bu insanlar bloqlarına aylarını, illərini sərf edirlər. Mənim bir bloquma həsr etdiyim ən qısa vaxt 3 saatdır.

Qabiliyyəti olmayan insanlar da eşidir ki, bloq işində pul var...

- Siz həm də ailənizlə tez-tez səfərlərdə olursunuz. Xüsusilə yay aylarında bir çox xarici ölkə ilə müqayisədə Azərbaycanda turizmin baha olduğu deyilir.

- Bir turizm mütəxəssisi, səyyah olaraq deyə bilərəm ki, bunu deyən insanları heç cür başa düşə bilmirəm. Ölkəmizdə nəqliyyat, otel qiymətləri digər ölkələrlə müqayisədə çox ucuzdur. Avstriya ilə müqayisə etsək heç kim deyə bilməz ki, ora ölkəmizdən daha ucuzdur. Sadəcə, Azərbaycanın ekonomik vəziyyəti ilə turizm qiymətləri üst-üstə düşmür. Bununla mən razılaşa bilərəm. Çünki ortastatistik ailə 600 manat gəlir qazanır. Otelin qiyməti isə 150-200 manatdırsa, belə insan istirahət üçün özünə ildə bir dəfə imkan verə bilər. Biz yeganə millətlər sırasındayıq ki, özümüzə aşağı kateqoriyanı yaraşdırmırıq. Bizim insanlar az maaşla bahalı yerlərdə istirahət etmək istədiyi üçün ölkəmizdə turizmin baha olduğunu düşünürlər. Azərbaycanda 5 ulduzlu otelə getmək istəyən insanlar, Avropada 3 ulduzlu otelə gedirlər. Hər iki ölkədə eyni kateqoriyalı yerə getmədikləri üçün adekvat müqayisə də edə bilmirlər.

- Uşaqlarınızla səfərlərə getmək sizə çətinlik yaratmır?

- Həmişə demişəm ki, uşaqlarımla səfər etmək mənə çox rahatdır. Çünki mən onlara bunu uşaqlıqdan aşılamışam. Uşağım 25 günlük idi biz "hiking"ə (dağa qalxmaq - red.) getmişdik. Siz ancaq öz qeydinizə qalmadığınız üçün əlbəttə, yorucu olur. Amma ana bu çətinlikləri ən başda dərk edirsə, artıq səyahət zamanı qarşısına çıxa biləcək maneələri də aşa biləcək. Bir ananın səyahət zamanı ən ehtiyat edəcəyi şey uşağını nə dərəcədə yaxşı tanımasıdır. Bu prosesləri bilməyən ana uşağını götürüb sadəcə yola çıxırsa, təbii ki, səyahət onun üçün arzuolunmaz olacaq. Uşaqla səyahətə qrup turu kimi baxmaq lazımdır. Necə ki, qrup ilə tura çıxdığımızda digər insanların da istəklərinə hörmətlə yanaşırıq, o, başqa bir şey istəyən kimi qırğın çıxarmırıq, uşaqla da getdikdə eynən bu şəkildə davranmalıyıq.

Qabiliyyəti olmayan insanlar da eşidir ki, bloq işində pul var...


Xəbərlər departamenti

Gündəm