Qadın salonuna ayaq açan kişilər
30.01.2020 08:28 Fikirlər

Qadın salonuna ayaq açan kişilər

- Bu nədir? Siz neyləmisiniz?

Əlini başına tutub güzgünün qarşısında çökdü.

- Necə yəni neyləmişəm? Belə istəmirdin? Sən “livanka” dedin, elə də kəsdim.

- “Livanka” belə olur? Üstünü çox qısa kəsmisən. Mən bu qədər qısa istəməmişdim.

- Fenləyim düzələcək

Fenin gurultulu səsi kiçik otağa yayılır.

- Aha, bax, yaxşıdır. Necə demisən, elə də kəsmişəm (hirsini boğmağa çalışaraq).

- Yox, düzəlmir. Çox kəsmisən. Saçımı qayçılayıb tökmüsən (doluxsunur)...

Saç kəsən qadın üzünü geri tutub dodaqaltı qadını söyür. Öz-özümə: “Başqa vaxt belə səsdə ağız deyəni qulaq eşitmir”

Özümü bir anlıq qadının yerində təsəvvür edirəm. Saçlarını çox qısa, istəmədiyin bir formada kəsiblər, üstəlik də iradını bildirəndə sənə söyürlər. Guya salon qadınların stresini atdığı, daha səliqəli görünüşə sahib olub, özgüvən qazanmaq üçün gəldiyi, gülə-gülə çıxdığı məkandır.

Yanımdakı oturacaqda əyləşmiş və mənimlə bərabər olanları maraqla seyr edən xanıma: “Fransız xanımlarına görə saç kəsdirmək üçün verilən pula simiclik edilməz. Onların fikrincə, bahalı da olsa, dəbli və heç bir saç düzəldən vasitə olmadan da səliqəyə salına biləcək saç kəsimi üçün çox pul xərcləməyə dəyər”.

Xanım kinayə ilə: “O necə saç düzümüdür, görəsən?”.

Məlum olur ki, eyni mənzərəni ikimiz də görsək, baxışlarımız fərqli olub. Saç kəsənin beş dəqiqə belə, çəkmədən kəsdiyi, konkret müştərinin saçını doğrayıb tökdüyünü gördüyüm halda, xanım buna diqqət etməyib və saç kəsənin tərəfindədir. Məyusluqla öz-özümə: “Yəqin onun bu uzun, elə də xoş görünməyən sarı saçlarını heç vaxt belə kəsən olmayıb, şanslıdır, nə deyim...”

Bu dəmdə qadın çıxarıb beş manatı stolun üstünə qoyur və yanındakı balacanın qolundan çəkişdirə-çəkişdirə salondan çıxır. Dolmuş, qara, iri gözləri qıpqırmızı olub, burdan çıxan kimi hönkür-hönkür ağlayacağı məlumdur.

Saç kəsən qadın dodaqaltı deyinə-deyinə pulu götürür, üstəlik, bir də qadına söyür. Səbrim elə daşır ki, az qalıram müdaxilə edəm. Amma bir faydası da olan deyil, susmaq ən yaxşısıdır deyib dayanmışam.

Qapının ağzında qırmızı, özünü özəl hiss etdirəcək rahat stulda əyləşmişəm. Bu dəmdə qapını qara pencəkdə kimsə açır. Ötəri baxdığımda iri cüssəli bir kişi silueti görürəm. Birinci, elə bildim içəridəki xanımlardan hansınınsa həyat yoldaşıdır, götürməyə gəlib. Gördüm yox, qadınların heç biri doğma yanaşmır. Bayaqkı saç kəsən xanıma: “Lazer boşdur?”- deyə sual verir. “Yox, içəridə adam var” cavabını eşitdikdən sonra qapını örtüb geri durur. Yan stulda əyləşmiş, qızının bəzəyinin bitməsini gözləyən örpəkli qadın “Kişilər də lazerə gəlir?” - deyə təəccüb və məyusluq qarışıq ortama sual verir. Sən demə, bayaqdan əlində “pilka” dırnaqlarını səliqəyə salan qadın salonun sahibəsi imiş. Örpəkli xanımın sualına gülə-gülə: “Hə, gözlərinin altını, boyunlarını lazer etdirirlər”- deyə cavab verir. Örpəkli xanım: “Heç olmaya, qadınlar olan yerə gəlməyələr. Bu nədir?!” deyərək başını bulayır. Salon sahibəsi: “İllərdir bu salonu işlədirəm. Lazer çıxandan heç çox keçmədi ki, kişilər də gəlməyə başladı. Kişinin də özünə baxmaq, səliqəli olmaq haqqıdır. Həm də ki, biz xanımlar rahatlıq istədiyimiz kimi onlar da rahatlıq istəyir. Bax, o bayaq gələn oğlan gözlərinin altını vurdurmağa gəlir. İndi yazıq neyləsin ki, çox tüklüdür, ülgücləməkdən daha da tüklənib” deyərək gülür.

Örpəkli xanım: “Kişi salonlarına gedə bilmirmi?”

Salon sahibəsi: “Kişi salonlarında “Lazer aparatı” olmur. İndi tələbat artdığından bir-iki salonda xüsusi olaraq kişilər üçün də “lazer”var, amma qiymət bizdən bahadır. Ta neçə vaxtdır bizim müştəridir, biz ona endirim edirik, pulunun dəlisi deyil ha, qadınların ara-sıra qıyğacı baxışından ötəri oralara getsin. Çoxu axşam vaxtı, qaranlıqda gəlir. Guya kim görür ki?” deyib dodaqlarını qımışdırır.

İşim çıxdığını bəhanə edib salondan çıxıram. Yenə saçlarımı özüm kəsərəm, çox da dəbli olmaya bilər, amma həm pul verib, həm də yenə bu xanım kimi doğranmış saçın stresini çəkmək ehtimalı məni buna vadar edir. Elə işıqlı salon otağından ala-qaranlıq küçəyə çıxırdım ki, üç oğlanın salon qarşısında saxladığı maşının qarşısında dayandığını görürəm. Üçü də boylu-buxunlu, enlikürək oğlanlardır. Oğlan da deyirəm, gənc görünsələr də, yaşlarının çox olduğu, yetişkən kişi olduqları fiziki görünüşdən hiss olunur. Biri əlindəki telefona baxaraq: “Ə, lazer boşaldı” deyərək, yanındakılara gülə-gülə “gəlin keçək” deyə işarə edir. Biri: “İndi bura girəcəksiniz?” deyib bir anlıq tərəddüd edir. Lakin gülə-gülə “Əşi olsun da” deyərək əlində qurdalandığı telefonu cibinə atır, oğurluğa gedən adam kimi əllərini qara gödəkcəsinin ciblərinə salıb yan-yörəsinə oğrun-oğrun baxdıqdan sonra yoldaşlarının arxasınca qapıdan içəri keçir.

Qanımın qara vaxtında qadın olaraq üzüm gülmədən çıxdığım salon qarşısındakı bu mənzərə elə örpəkli xanım kimi məni də lap məyus edir. Axı mən bildiyimə görə, qadın salonu onların məhrəm yeri hesab olunur. Mən kişi salonunun yanından keçəndə heç gözucu içəri baxmıram, amma bu gün kişilər bizim olduğumuz salona rahat-rahat ayaq açıb. Ola bilsin, indiki zəmanədə hər kəs hər şeyi bilir, amma bilmək başqa, tabu olan məkana daxil olmaq başqa. Bir şeyə yaxın olmaqla, onu uzaqdan eşitmək, görmək eyni deyil. Bunun heç kişi-qadın bərabərliyi ilə də əlaqəsi yoxdur. Bütün sirlərin faş olması, vulqarlaşacaq həddə çatması ürəyimi darıxdırır. Ağlı başında hər kəs fərqindədir ki, kişi və qadınların özünəməxsus məhrəmliyi qorumaqları hər iki tərəfi də daha sirli və maraqlı saxlayır. O zaman bu nədir? Bizi qara dəliyə sürükləyib salan nəyin yoxluğu, boşluğudur?!

"MediaPost"

Xəbərlər departamenti

Gündəm