Qalmaqallı iş adamı Maqsud Mahmudov ölkədən qaçıb - Polisdən açıqlama
14.11.2019 13:22 Gündəm

Qalmaqallı iş adamı Maqsud Mahmudov ölkədən qaçıb - Polisdən açıqlama

Son günlərin qalmaqallı iş adamı, bir neçə lombard sahibi olan Maqsud Mahmudov girov qoyulan pulları götürərək Azərbaycandan qaçıb.

Mediapost.az xəbər verir ki, bu barədə oxu.az-a Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, M.Mahmudovun qurbanına çevriliş şəxslər tərəfindən son üç gün ərzində polisə xeyli şikayət daxil olub. Qaradağ rayon Polis İdarəsində iş adamı barəsində bu günə qədər 70-ə yaxın şikayət toplanıb. Zərərçəkmişlər ifadə veriblər ki, 2017-ci ildən qızıl əşyalarını Lökbatan qəsəbəsindəki 28 May küçəsində yerləşən lombarda təhvil veriblər. Lombard Mədinə İsrafilova adlı şəxsin adına qeydiyyata alınsa da, onun əsl sahibi Maqsud Mahmudovdur.

Azərbaycandan qaçmış Maqsud Mahmudovdla bağlı oxşar şikayətlər Yasamal rayon Polis İdarəsinə də daxil olub. Şikayətlər hələ də toplanmaqdadır. Hazırda iş adamının müştərilərinə vurduğu maddi zərərin miqdarı hesablanır.

Qeyd edək ki, M.Mahmudovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov və tabeçiliyində olan şəxslərlə bağlı müxtəlif saxtakarlıqlarda da hallanıb.

M.Mahmudovun özünün təsdiq etdiyi kimi, MTN-nin Antiterror Mərkəzinin keçmiş rəhbəri İlqar Əliyevin (20 dekabr 2015-ci il tarixində 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasında özünü asıb) qanunsuz hərəkətləri nəticəsində əmlakından məhrum olub. İş adamının dediyinə görə, keçmiş MTN əməkdaşları hədə-qorxu ilə onu akademik Həsən Əliyev küçəsində yerləşən “Oboy evi"ni bir gecədə 120 min dollara satmaq məcburiyyətində qoymuşdu, halbuki onu 650 min ABŞ dollara almışdı. İlqar Əliyev və silahdaşları iş adamından 250 min ABŞ dollarını da almışdılar. Bu, Eldar Mahmudovun istefasından bir ay əvvəl baş vermişdi.

Qeyd edək ki, M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə olub.

Faktla bağlı istintaq davam edir.

Xəbərlər departamenti

Gündəm