Qanlı əllərilə Nobel Sülh Mükafatı alan lider - Niyə məhz Qorbaçov? (ŞƏRH)
20.01.2020 12:06 Fikirlər

Qanlı əllərilə Nobel Sülh Mükafatı alan lider - Niyə məhz Qorbaçov? (ŞƏRH)

Bu gün Qanlı Yanvar faciəsindən 30 il ötür. 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub.

Bu faciənin yaşanmasında əli olan o dönəmin lideri Mixail Qorbaçov uzun müddət sonra Nobel sülh mükafatına layiq görülüb. Təkcə Azərbaycanda deyil, SSRİ-nin tərkibinə daxil olan bir çox dövlətlərdə qan tökülməsinə səbəb olan Qorbaçov hələ də layiq olduğu cəzanı almayıb.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, SSRİ 70 illik tarixə malik, dərin ideologiyaya bağlı bir dövlət idi:

“Əlbəttə ki, bu ideologiyanın insanlar və ümumiyyətlə, dünya üçün mənfi və müsbət tərəfləri olub. Ən başda məsum insanlara qarşı həyata keçirilən repressiyalar həmin dövrün iç üzünü göstərir. Müsbət tərəfi insanlar hüquqlarının bərabər olduğu, kasıb və varlı təbəqənin olmadığı bir toplumda yaşayırdılar. Sovet dövrünün çiçəklənən vaxtı isə Brenjniyevin liderlik etdiyi illərə təsadüf edirdi. Lakin sonralar sovet ideologiyası dövrün tələbini ödəməməyə və millətlər arasında qarşıdurmaya gətirib çıxardı. Birliyə daxil olan dövlətlər dostluq və bərabərlik içərisində yaşadığı bir vaxtda birdən-birə öz iddialarını ortaya qoymağa başladılar. Vəziyyətin bu yerə gəlməsində xarici qüvvələrin də rolu az deyildi. Kisencerin bir məşhur çıxışı var. O, çıxışında sovet dövlətlərini necə yıxdıqlarını və hansı əməliyyatların aparıldığını açıqlayırdı. Belə bir vəziyyətdə ölkənin başına elə biri gəlməli idi ki, bu ideologiyaya və yenidənqurmaya isti yanaşan biri olsun. Bu namizəd isə Qorbaçov oldu. Belə düşünürəm ki, onun gəlməsində xarici qüvvələrin də rolu var. Qorbaçov da SSRİ-nin dağılmasını istəyən qüvvələrdən idi”.

Qanlı əllərilə Nobel Sülh Mükafatı alan lider - Niyə məhz Qarbaçov?

Politoloq SSRİ-nin dağılmasında ən önəmli vasitələrdən birinin onu daxildən yeyib-bitirmək olduğunu qeyd edib:

“Bu proses millətlərarası torpaq ididiaları və birliyə daxil olan dövlətlərin aralarındakı münasibətlərin korlanmasından başladı. Gərginlik vaxtında dayandırılsaydı, sovet ideologiyası hələ uzun müddət yaşaya bilərdi. Millətlərarası münaqişənin ən böyüyü isə Ermənistanla Azərbaycan arasında yaşanan məsələ oldu. Ermənilər Azərbaycan torpaqlarına iddia etməyə başladı və azərbaycanlıların bu torpaqlardan çıxarılmasını tələb etdi. Qorbaçov məsələni daha sakit yolla dayandıra bilərdi, lakin əksinə ermənilərə dəstək verdi. Bütün bu proseslər onun istədiyi kimi sonlandı və SSRİ dağıldı. Bu dağılma prosesi isə milyonlarla insanın qanı bahasına ərsəyə gəldi. Rus əsgərləri Bakıda, Gürcüstanda, Latviyada törətdiyi qırğınlar SSRİ-nın son çırpınışı idi. Bu cür qanlı hadisələrdə imzası olan Qorbaçova bir müddət sonra Nobel Sülh Mükafatı verildi. Lakin hələ də bu mükafata nəyə görə layiq görüldüyü tam məlum deyil. Səsləndirilən fikirlər arasında SSRİ kimi bir birliyi dağıtdığına görə, verilməsi faktı daha ağlabatan gəlir. 70 ilin ideologiyasını dağıtmağa nail olmaq o qədər asan məslə deyildi. Bu birliyin dağılmasını Qərb dünyası da səbirsizliklə gözləyirdi. Nəhayət, Qorbaçov buna nail oldu. Azərbaycan üçün qanlı bir tarix olsa da, 20 Yanvar həm də qürur yerimizdir. Nə yaxşı ki, xalqımız o vaxt mübarizə apardı və biz bu gün azadıq”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm