Qapımızı kəsən əcəl: "İnsanın ölməsi üçün 7 dəqiqə kifayət edər..." - ŞƏRH
02.12.2019 12:28 Fikirlər

Qapımızı kəsən əcəl: "İnsanın ölməsi üçün 7 dəqiqə kifayət edər..." - ŞƏRH

İri ticarət mərkəzlərində tez-tez yanğın hallarının baş verməsi bu obyektlərdə təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olması barədə suallar yaradır.

Baş verən yanğın zamanı sahibkarlara külli miqdarda maddi və mənəvi ziyan dəyir. Bu cür halların yaşanmaması üçün nələrə diqqət yetirmək lazımdır?

Medaipost.az ictimai obyektlərdə təhlükəsizliyin qorunması məsələləri ilə bağlı mühafizə işi üzrə ekspert Elmar Nurəliyevlə müsahibəni sizlərə təqdim edir:

- Tez-tez iri ticarət obyektlərində güclü yanğın baş verir. Nəticədə sahibkar və işçiyə ciddi ziyan dəyir. Belə bədbəxt hadisələr iri ticarət obyektlərində təhlükəsizlik tədbirlərinin aşağı olmasının göstəricisidir?

Qapımızı kəsən əcəl: İnsanın ölməsi üçün 7 dəqiqə kifayət edər...

- Ümumiyyətlə, iri ticarət obyektlərinin rəhbərləri bu işdə maraqlı olmalıdır. Burada ən böyük məsuliyyət obyekt sahibkarlarının üzərinə düşür. Bu cür təhlükəsizlik məsələləri həmin müəssisələr tikilərkən nəzərə alınmalıdır. Burada binanın fasadından tutmuş içəridə satılan mallara qədər bütün amillər nəzərə alınmalıdır. Çünki bunların hamısı alışmaya meyillidir. Digər bir zərurət isə işçilər və müştərilərin yanğın təhlükəsizliyi qaydalarına riayət etməsi məsələsidir. Obyektin içərisində kim harada gəldi oddan istifadə edir, siqaret çəkir, yeməyi qızdırmaq üçün kustar üsulla hazırlanan peçlərdən istifadə edir, hətta səhər işə gələndə otaq isti olsun deyə, qızdırıcıları açıq qoyurlar. Bu məsələlər nəzarətdə saxlanılmalı, əgər varsa, qarşısı alınmalıdır. Ticarət mərkəzlərində yanğın qrupları fəaliyyət göstərməlidir. Bu qruplar iri ticarət mərkəzlərində hər hansı bir fövqəladə hal zamanı içəridəkilərin təhlükəsiz təxliyyəsinin təmin olunmasında böyük rol oynayır. Digər bir məsələ maşınların park olunmasıdır. Kim harzda istəyir maşınını saxlayır. Yanğın baş verdiyi zaman yanğınsöndürən dayanmağa yer tapmır. Burada siğorta ilə bağlı məsələyə də diqqət yetirmək lazımdır. Hamı öz əmlakını sığorta etdirməlidir. Hər hansı bir hadisə vaxtı insanlara on minlərlə ziyan dəyir.

Qapımızı kəsən əcəl: İnsanın ölməsi üçün 7 dəqiqə kifayət edər...

- Metrolardakı təhlükəsizlik kameralarına etibar etmək olarmı?

- Metro strateji obyektdir və buradan gün ərzində minlərlə insan istifadə edir. Buna görə belə yerlərdə təhlükəsizlik hər zaman yüksək səviyyədə təşkil olmalıdır. Düşünürəm ki, bizim metrolarda da buna tam olaraq riayət edilir. Giriş-çıxışda nəzarət mexanizmi, müvafiq qurumların mühafizəçiləri, polis, metropolitenin öz işçiləri xidmət göstərir. Metrolarda demək olar ki, ən son model təhlükəsizlik avadanlıqlarından istifadə olunur, hətta metro keçidləri, metrostansiyanın gözləmə hissəsi, vaqonların içi ən son model nəzarət müşahidə kameraları ilə təmin olunub. Metrodan istifadə edən sərnişinlər də diqqətli olmalıdır, hər hansı şübhəli əşya və ya şəxs gördüyü zaman metropoliten işçilərinə xəbər verməlidir.

- Xüsusilə daha çox cinayət hadisələrinin baş verdiyi ərazilərdə quraşdırılan kameralarda üztanıma funksiyası mövcuddur?

- Ümumiyyətlə, üztanıma kameraları xüsusi mühafizə olunan yerlərdə quraşdırılması və təyinatı üzrə istifadə olunması daha məqsədəuyğundur. Təbii ki, üztanıma kameraları insanların sıx olduğu yerlərdə təhlükəsizliyin təmin olunmasında daha etibarlı vasitədir. Sözügedən kameralar vasitəsilə cinayət törədib gizlənən, axtarışda olan şəxslərin tapılmasında effektivdir. Bunun nəticəsidir ki, baş verən cinayət hadisələri və ya planlaşdırılmış hadisələrin qarşısı öncədən alınır.

Qapımızı kəsən əcəl: İnsanın ölməsi üçün 7 dəqiqə kifayət edər...

- Dəm qazından zəhərlənmə hallarında insanların etdiyi yanlışlar nələrdir?

- Soyuq aylar gələn kimi dəm qazı ilə bağlı zəhərlənmə faktlarına tez-tez rast gəlirik. Bu da soyuq aylarda insanların təbii qaza olan tələbatı ilə əlaqədardır. Bu, rəngsiz, dadsız, iysiz havadan yüngül olan qazdır. Yanma prosesi düzgün getmədikdə problem ortaya çıxır. Ayrılan qaz karbon 4 oksidə çevrilmədikdə bu hal yaranır. Bəs prosesin düzgün getməməsinə səbəb nədir? Kustar üsullu hazırlanan cihazlardan istifadə, metal borular əvəzinə, evə kapron boruların çəkilməsi, qaz xəttinin yerini dəyişdirmək və ya qaz cihazlarına kənar müdaxilələr. Məsələn, qaz cihazının hər hansı bir hissəsi nasazlaşıb və bunu bazardan uyğun gəlməyən bir detaldan istifadə etmək yolverilməzdir. Bunlar hamısı yanma prosesini əngəlləyən amillərdir. Evdəki tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Ola bilər ki, bacaya quş yuva qurub, ya da külək hasısa yad cismi, zibili doldurub. Evlərdə hava gün ərzində 3 dəfə dəyişilməlidir. Bizdə belə bir adət var. Qapıdan içəri girən kimi işığı yandırırıq. Bu, çox yanlışdır. Qapını açan kimi evdə iyin olub-olmamasından əmin olduqdan sonra işıq yandırılmalıdır. Boğulma halları əsasən hamam otaqları, mətbəx və yataq otaqlarında olur. Hamam otaqları standartlara uyğun tikilmir. İlk olaraq hamama plastik qapı qoymaq çox yanlışdır. Plastik qapının kənarları da rezin olduğu üçün ümumiyyətlə, içəri hava girmir. Otaqda olan hava kütləsinin 0,1 faizi qədər dəm qazı olarsa, insanın ölümünə yol açar. Dəm qazı insanın ölməsinə 7 dəqiqə kifayət edər. Bəzən evə qoyulan qaz sobalarının boruları çölə çıxsa da, külək istiqamətinə qoyulur. Bu zaman borularda çürümə, deşiklər meydana gəlir. Artıq istifadəyə yararsız vəziyyətə gələn boru potensial dəm qazı yaradan amilə çevrilir. Bunlara da nəzarət etmək vacibdir. Baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma, halsızlıq halları insanın dəm qazından zəhərlənməsinin ilkin siqnalını verir. Bu kimi hallarda həmin şəxsi çölə çıxarmaq, əynindəki dar paltarları çıxarmaq, soyuq kompres qoymaq lazımdır, daha sonra təcili yardıma xəbər verilməlidir.



Xəbərlər departamenti

Gündəm