"Qara Cümə": fürsətlər günündə tələyə düşməmək üçün nə etməli?
28.11.2019 15:44 Fikirlər

"Qara Cümə": fürsətlər günündə tələyə düşməmək üçün nə etməli?

Hər il noyabrın son cümə günü Birləşmiş Ştatlar başda olmaqla dünyanın az qala hər yerində "Qara Cümə" ("Black Friday") kimi qeyd olunur. Bu il "Qara Cümə" həyəcanı noyabrın 29-na təsadüf edir. İldə bir dəfə keçirilən bu nəhəng aksiya alış-veriş həvəskarları və qənaət etmək istəyənlər üçün əsl fürsətdir. Ticarət şəbəkələri həmin gün ilin ən böyük endirimini təklif edərək həm özləri qazanır, həm də müştəriləri qazandırırlar. Dünyanın aparıcı brendləri rekord satışa imza atır, insanlar da il boyu gözlədikləri endirim imkanını qaçırmamağa çalışırlar.

HƏR PARILDAYAN QIZIL DEYİL...

Alış-veriş bumunda yaşanan bu həyəcan aksiyanın həm sərfəli, həm də əyləncəli tərəfidir. Məsələnin bir də məyusedici tərəfi var ki, bu da fürsətcillərin və dələduzların təqvimin bu günündən sui-istifadə cəhdləridir. "Qara Cümə"də yüzmilyonlarla alıcının bir qismi mağazaların önündə növbəyə düzülürsə, böyük bir qismi də onlayn-ticarətə üstünlük verir.

"Qara Cümə" günləri (bəzən aksiya bir neçə gün davam edir) xüsusən onlayn alış-veriş edərkən son dərəcə diqqətli olmaq lazımdır. Qənaət etməyi planlaşdırdığınız halda, sizi aldatmaq istəyən dələduzlara rast gələ bilərsiniz. Hər parıldayan qızıl olmadığı kimi, hər gözqamaşdırıcı təklif də gerçək deyil. Bəs fürsətlər günündə fırıldaqçıların tələsinə düşməmək üçün nələri bilmək lazımdır?

Ehtiyat tədbirlərini görmək ilin istənilən vaxtında faydalıdır. Lakin böyük bayramlar ərəfəsində bunun əhəmiyyəti daha da artır. Çünki izdihamın olduğu yerdə həmişə fırıldaqçılar var.

Qara Cümə

PROQRAM TƏMİNATINI YENİLƏYİN!

İstifadəçilər üçün yaxşı xəbər odur ki, "Microsoft", "Apple", "Google", "Mozilla" və digər texnologiya nəhəngləri fırıldaqçılığı çox yaxşı aşkar edirlər. Bu, istər saxta elektron məktublar (saxta alış-veriş saytına cəlb etmək və ya saxta bank əməliyyatları etmək), istərsə də icazəsiz giriş cəhdlərindən qorunmaq baxımından faydalıdır.

Windows, macOS və ən sevdiyiniz brauzerdə qurulan təhlükəsizlik imkanlarından maksimum yararlanmaq üçün ən son versiyaların quraşdırıldığından əmin olun. Yəni son yeniləmə paketini dəfələrlə təxirə salmısınızsa, onu "Qara Cümə" gününə qədər quraşdırmağa ərinməyin.

Bu yeniləmələr o qədər vacibdir ki, onları tamamilə tərk etmək və ya bir daha təxirə salmaq asan olmayacaq. Və proqram təminatınızın köhnəldiyi barədə müntəzəm xatırlatmalar alacaqsınız. Əgər noutbukunuz Windows və ya macOS-un ən son versiyaları üçün çox köhnədirsə, ondan daha az istifadə etməyə çalışın. Android və ya iOS üçün ən son yeniləmələri varsa, telefonunuzdan alış-veriş etmək daha təhlükəsiz olacaq.

Qara Cümə

GƏLƏN TƏKLİFLƏRƏ DİQQƏT EDİN!

"Qara Cümə" günü poçt və sosial şəbəkələr vasitəsi ilə gələn xüsusi təkliflər içində sözün əsl mənasında itib-bata bilərsiniz. Şübhəli mənbələrdən (məsələn, bu vaxta qədər heç nə almadığınız mağazalardan) göndərilən təkliflərdən çəkinin. Keçidin vəd edilmiş sayta aparıb-aparmadığını mütləq yoxlayın.

Etibarsız bir keçidlə rastlaşmayacağınıza heç kim 100 faiz zəmanət verməyəcək. Lakin aşağıdakıları etməklə riski minimuma endirə bilərsiniz:

- Göndərənin hesabının orijinal olduğundan əmin olun;

- Brauzerin ayrı bir pəncərəsində axtardığınız saytı açın;

- Eyni elanı axtarın və onun sizə göndərilənə uyğun olub-olmadığını müqayisə edin.

Brauzerdə yuxarıda qeyd edildiyi kimi, bütün zəruri yeniləmələr varsa, açılmadan əvvəl təhlükəli bağlantılar bloklanacaq. Lakin yenə də sayıqlığı itirməmək məsləhətdir.

Sosial şəbəkələr və e-poçtlar vasitəsilə çox cəlbedici xəbərlər alacaqsınız. Lakin heç bir endirim şəbəkə fırıldaqçılarının toruna düşməyə dəyməz. Belə hallarda təhlükədən qorunmağın ən yaxşı üsulu bu cür keçidlərə toxunmamaqdır.

Qara Cümə

NƏLƏRƏ ÜSTÜNLÜK VERMƏLİ?

Mümkün qədər "Amazon", "Best Buy", "Walmart" və bu kimi məşhur internet mağazalarına üstünlük verin. Belə müəssisələrin etibarlı təhlükəsizlik prosedurları var və saytlarının sındırılma, ələ keçirilmə ehtimalı daha aşağıdır. Yenə də, satınalma zamanı hər mərhələdə brauzerinizin ünvan çubuğu (https) ilə yoxlama aparın. Mağazanın veb-saytından atılıb-atılmadığınızı müəyyən edin.

Bu o demək deyil ki, balaca və tanınmayan onlayn-mağazalardan alış-veriş etmək olmaz. Sadəcə HTTPS texnologiyasından (brauzerin ünvan çubuğundakı kilid nişanı) istifadə etdiyinizə əmin olun. Əlaqə məlumatlarını, şirkətin fiziki ünvanını və digər istifadəçilər tərəfindən yazılmış rəyləri (Trustpilot bu işdə sizə kömək edəcək) axtarın. "Twitter" və "Facebook"da profillərinin olub-olmadığına baxın. Həmçinin aktivliyini yoxlayın.

Debet və kredit kartları verən banklar sizi fırıldaqçılardan qorumağa çalışırlar. Əgər əmin deyilsinizsə, onların internet təhlükəsizlik siyasətini yoxlayın. Hər bir halda "Qara Cümə" günü bank hesablarınıza və məbləğinizlə bağlı prosedurlara diqqət yetirin.

HESABLARINIZI QORUYUN!

"Qara Cümə" günü hesab təhlükəsizliyi xüsusilə vacibdir. Güclü unikal parollardan istifadə edin (brauzer üçün ayrı bir parol meneceri və ya parol idarəetmə sistemi bu işdə sizə kömək edəcək) və hər bir hesab üçün iki faktorlu identifikasiyanı aktivləşdirin ("Microsoft", "Apple", "Google", "Facebook" və "Twitter" bu funksiyaya malikdir).

Köhnə paroldan istifadə edərək yeni müştəri hesablarını yaratmaq nə qədər rahat olursa olsun, kibercinayətkarların əlinə keçsəniz, bütün profilləriniz bir-birinin ardınca "tələyə" düşəcək. Sizdə "Chrome" və "Safari"nin ən son versiyası varsa, brauzer özü güclü bir parol təqdim edəcək (parol sahəsində olduğunuzda seçim avtomatik olaraq görünür).

Əvvəllər heç nə almadığınız ticarət mərkəzlərində alış-veriş etmək niyyətindəsinizsə, əvvəlcədən hesablarınızı qurun. Bu zaman tələm-tələsik yeni şifrələr axtarmağınıza ehtiyac qalmayacaq.

Qara Cümə

ÖDƏNİŞ BİLGİLƏRİNİ QORUYUN!

"Qara Cümə" günü əvvəllər alış-veriş etdiyiniz bir çox yerdə, ödəniş məlumatlarınız artıq mövcuddur. Lakin yeni bir saytda məlumat daxil etsəniz, kilid simvolunun ünvan çubuğunda göstərildiyinə əmin olun. Eyni zamanda tam URL ünvanı "https" ilə başlamalıdır. Bu, köçürmə zamanı ödəniş məlumatlarınızın şifrələnməsi deməkdir.

Evdə deyilsinizsə, alış-verişinizi evə qayıdanadək təxirə salmaq məsləhət görülür. Və ya heç olmasa ictimai Wi-Fi şəbəkəsindən deyil, mobil internetdən istifadə edin. Beləliklə, hakerlərin məlumatlarınızı ələ keçirməsi daha çətin olacaq.

"Qara Cümə" təkliflərinin sizə nə qədər cəlbedici gəlməsindən asılı olmayaraq, eyni və etibarlı saytlarda alış-veriş etməyə çalışın. Ödəniş məlumatlarınızı nə qədər az şirkət saxlasa, onların sındırılması riski minimuma enəcək. Bu cür pozuntular sizin tədbirli davranmanızdan daha çox, şirkətin təhlükəsizlik siyasətindən asılıdır.

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm