"Qara qutu"lar: Xəbər daşıyan cansız şahidlər...
15.01.2020 07:26 Fikirlər

"Qara qutu"lar: Xəbər daşıyan cansız şahidlər...

Hər təyyarə qəzasından sonra nəzərlər "qara qutu"lara yönəlir. Yalnız onların köməyilə qəzanın başvermə səbəblərini, sərnişinlərin və ekipaj üzvlərinin son danışıqlarını öyrənmək mümkün olur.

Ondan başlayaq ki, əslində, bu cihazlar nə qutu formasındadır, nə də rəngləri qaradır. Bəlkə çox az adam bilir ki, qəzaya uğrayan təyyarənin qalıqları arasında rahat tapılmaları üçün onları narıncı və ya qırmızı rəngə boyayırlar.

81 İL ƏVVƏL...

"MediaPost" xəbər verir ki, səsyazıcı cihazın "qara qutu" adlandırılması ilə bağlı bir neçə versiya səsləndirilir. Onlardan ən populyarı cihazın 1939-cu ildə iki fransız - Yusseno və Boduen tərəfindən təqdim olunan ilk modeli ilə bağlıdır. Həmin modeldə məlumatlar işıq şüası və adi fotolent vasitəsilə qeydə alınırdı. Lenti işıqdan qorumaq üçün mexanizm işıq keçirməyən qara qutuya yığılırdı.

Qara qutu

"Qara qutu" kompüterin sabit diskinə və ya yaddaş kartına bənzər xüsusi qorunan qeyd cihazıdır. Burada bütün vacib uçuş parametrləri, həmçinin pilot kabinindəki söhbətlər qeyd olunur və saxlanılır. "Qara qutu"nun məlumatlarından ekipaj üzvlərinin hərəkət və söhbətlərini, həmçinin aviatexnikanın işləmə qabiliyyətini təhlil etmək üçün istifadə olunur.

Əvvəllər sözügedən komponentlər bir-birindən asılı olmayan iki cihazda olurdu. Hazırda isə hər iki funksiyanın eyni cihazda birləşdiyi modellər var. Qaydalara görə, təyyarədə iki belə cihaz olmalıdır. Hər iki qutu paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 sm, dərinliyi 12-13 sm. olan qutuların kənar qalınlıqları 6-7 mm-dir.

"Qara qutu"lar əsasən təyyarələrin quyruq hissələrinə yerləşdirilir. Buna səbəb qəza zamanı həmin hissənin tam dağılma ehtimalının az olmasıdır.

Qara qutu

ODDA YANMAZ, SUDA BATMAZ...

1957-ci ildə "qara qutu"nu narıncı silindr əvəz edib. Möhkəm bir səthlə təmasda olduqda fiziki zərəri minimuma endirmək üçün cihaz kvadrat deyil, silindr formasında hazırlanır.

"Qara qutu"lar ağırlığa tab gətirməli və qəza zamanı sıradan çıxmamalıdır. İstifadəyə verilməzdən əvvəl mütləq sınaqdan keçirilməlidir.

Bu cihazlar beton divara zərbəyə (750 km/saat sürətlə), ən azı beş dəqiqə ərzində 2,25 ton təzyiqə, ən azı bir saat ərzində 1100 dərəcəyə qədər temperatura davamlı olmalı və 1 ay suyun altında (6000 metrə qədər dərinlikdə) qala bilməlidir.

Dənizdə tez bir zamanda aşkarlanmaları üçün duzlu su ilə təmasda olan qurğular, siqnalını iki kilometr radiusda tutmaq imkanı verən avtomatik radiomayakı işə salır. Bu radius kiçik olduğundan xilasedicilər təyyarənin qalıqlarının təxmini yerini bilməlidirlər.

Ötən əsrin ortalarında səsyazıcılar təyyarələrin məcburi bir atributu deyildi. 1957-ci ilə qədər isə "qara qutu"lar yalnız alət parametrlərini oxuya bilirdi. 1953-cü ildə 35 nəfərin ölümü ilə nəticələnən "Comet-1" reaktiv sərnişin təyyarəsinin (Britaniyaya məxsus) qəzaya uğramasından sonra avstraliyalı alim Devid Uorren pilotların söhbətlərinin istintaqa kömək edə biləcəyi qənaətinə gəldi. Dörd il sonra o, dünyanı həm alət parametrlərini, həm də heyət danışıqlarını qeyd edə bilən cihazla tanış etdi.

Göyərtədəki səsyazıcı kabindəki bütün səsləri qeydə alır. Pilotların söhbətləri ilə yanaşı, göyərtə kompüterinin verdiyi təlimatları, yerüstü xidmətlərlə təmasları, kabin bələdçiləri ilə söhbətləri, həmçinin ekipajın sərnişinlər üçün etdiyi elanları da yazır. Bütün səslər, işləyən mühərrik belə, qeydə alınır.

Qara qutu

SON 120 DƏQİQƏ...

Təbii ki, pilotların şəxsi söhbətləri də qeyd olunur və "qara qutu"da saxlanılır. Ona görə də bu qeydlərin oxunması və təhlili tam nəzarət altında və şəxsi məlumatların qorunması nəzərə alınmaqla aparılmalıdır. Söhbətlərin məzmunundan yalnız qəzanın və ya texniki nasazlığın səbəblərini tapmaq üçün istifadə edilə bilər.

Söhbətlərin yalnız son 120 dəqiqəsi "qara qutu"da saxlanılır, köhnə məlumatlar isə avtomatik olaraq silinir. Köhnə modellər ümumiyyətlə, son 30 dəqiqəlik danışıqları yaddaşda saxlayırdı.

Pilotlar uçuşun texniki parametrlərini, təyyarənin vəziyyətini qeydə alan cihaza birbaşa çıxış əldə edə bilmirlər. Köhnə təyyarələrdə uçuşdan əvvəl bu cür cihazları əllə açmaq lazım gəlirdi. Müasir aviasiyada bu, avtomatik baş verir.

Son illərdə saxlanılan məlumatların həcmi xeyli artıb. Bu gün səsyazıcılar yüzlərlə-minlərlə müxtəlif parametrləri qeydə alırlar. Bunlara məsələn, uçuşun trayektoriyası, hündürlük, sürət, mühərrikin fəaliyyəti, flaplar, təyyarənin və eniş qurğusunun mövqeyi daxildir.

Bu məlumatlar mütəxəssislərə qəzanın və ya ciddi bir texniki nasazlığın səbəblərini müəyyən etməyə, həmçinin gələcəkdə baş verə biləcək nasazlıq mənbələrini müəyyənləşdirib aradan qaldırmağa kömək edir. Lakin uçuş sxemini tamamilə yenidən qurmaq hələlik mümkün deyil.

Federal Aviasiya Hadisələri Araşdırma İdarəsinin mütəxəssisləri üçün "qara qutu" məlumatlarını təhlil etmək gündəlik işdir.

"Bunu ən azı iki həftədə bir dəfə edirik. Təkcə hava qəzaları zamanı deyil, texniki problemlərlə əlaqəli hər hansı ciddi hadisədə də məlumatların oxunması və təhlili tələb olunur", - deyə qurumun mütəxəssisi bildirib.

Qara qutu

İXTSASLAŞMIŞ MƏRKƏZLƏR

Dünyada "qara qutu" məlumatlarının oxunması və tam təhlili üçün yalnız bir neçə ixtisaslaşmış mərkəz mövcuddur. Bununla belə, onların hamısında bütün növ "qara qutu"larla işləmək üçün imkanlar mövcud deyil.

Məsələn, Almaniyadakı mərkəz həm Qərbdə, həm də Rusiyada hazırlanmış "qara qutu"larla işləyə bilir. Lakin bəzi hallarda onlar xarici həmkarlarından kömək istəməyə məcbur olurlar.

Son yarım əsrdə qəza sonrası "qara qutular"ın tapılmadığı onlarla nümunə olub. Bu halların demək olar ki, hamısı təyyarənin dənizin dərinliyinə düşməsi ilə bağlı olub.

Bəs "qara qutu"dakı məlumatlar necə deşifrə olunur? Əslində, heç bir şifrə yoxdur. Çünki qeydə alınan məlumatlar heç bir şəkildə şifrələnmir. Deşifrə dedikdə nitqin adi qaydada mətnə köçürülməsi (jurnalistlərin müsahibə hazırlayarkən gördükləri iş kimi) başa düşülür.

CİHAZ ZƏDƏLƏNƏRSƏ...

Səsyazma cihazı zədələnməsə, mütəxəssislər məlumatları birbaşa oxuya və qəzanın səbəbləri barədə nəticə çıxara bilərlər. Cihaz zədələnirsə, proses gecikir. Lentin parçaları xüsusi laboratoriyalarda bir-birinə yapışdırılır, mikrosxemlər lehimlənir.

Qara qutu

"Qara qutu"dakı məlumatlar tam və ya qismən itəndə yaddaşın bərpası aylarla davam edə bilir. Bu, uzun və əziyyətli prosesdir. Məlumatın qismən itirilməsi o deməkdir ki, məlumatlar var, sadəcə ya maqnit lenti yırtılıb, ya da yaddaş lövhəsi zədələnib. Bu halda maqnit qeydinin qrafik görüntüsü əldə edilir, bunun əsasında məlumatlar bərpa edilir.

Texnoloji tərəqqi "qara qutu"ları daha yığcam, daha yüngül və etibarlı hala gətirib.

Bəs mükəmməllik üçün daha nə lazımdır? Təyyarə qəzalarının istintaqını mümkün qədər asanlaşdırmaq və sadələşdirmək üçün mövcud cihazlarda başqa nələr çatışmır?

Mütəxəssislərə görə, bu, videodur. Video ikiqat nəzarət həyata keçirmək imkanı yaradır: uçuş parametrlərinin birbaşa qeyd edilməsi və onların cihazlarda əks olunması. Bu halda kabində baş verənlər də lentə alınmış olur. Düzdür, pilotlar bunu şəxsi məkanlarına müdaxilə hesab edə bilərlər. Lakin söhbət, yüzlərlə sərnişinin taleyindən gedirsə, istənilən əlavə nəzarət tədbiri hər kəs üçün məqbul olmalıdır.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm