Qarabağ münaqişəsinin həlli Azərbaycan və Gürcüstanın kredit reytinqini artıracaq – Gürcü ekspert
06.11.2020 10:12 İqtisadiyyat Fikirlər

Qarabağ münaqişəsinin həlli Azərbaycan və Gürcüstanın kredit reytinqini artıracaq – Gürcü ekspert

Bir aydan çoxdur ki, işğal altında olan Qarabağ torpaqlarında hərbi əməliyyatlar Azərbaycanın üstünlüyü şəraitində davam edir. Azərbaycan ordusu hər gün yeni-yeni əraziləri, yüksəklikləri, strateji nöqtələri düşməndən azad edir. Döyüş meydanında hərbi uğurlarımız və qarşıdakı zaman kəsiyində Qarabağın tamamilə erməni işğalından azad edilməsi təkcə Azərbaycanın deyil, regionun siyasi və iqtisadi rəngini dəyişəcək, inkişafı daha da sürətləndirəcək. Bunu xarici ekspertlər də təsdiq edir.

Gürcüstanın Grigol Robakidze Universitetinin hüquq professoru, Gürcüstan Banklar Assosasiyasının keçmiş sədri, ekspert Giorgi Tsutskiridze “MediaPost”a açıqlamasında bu məsələyə toxunub. Onun sözlərinə görə, hazırda davam edən pandemiya, Azərbaycan və Ermənistan arasında davam edən müharibə, regionun, o cümlədən Gürcüstanın da iqtisadiyyatına mənfi təsir edir. Belə ki, Gürcüstan müharibə aparan hər iki ölkə ilə geniş ticarət əlaqələrinə malikdir. Bununla belə, münaqişənin müsbət həlli, Azərbaycanın öz ərazilərini azad etməsi ümumilikdə regionun iqtisadiyyatını dirçəldə bilər. 

G.Tsutskiridze bildirib ki, sülhün bərpa edilməsi bölgə üçün ən yaxşı ssenari olacaq. Regiona xarici investisiyaları kəskin artıracaq, o cümlədən Gürcüstanın və Azərbaycanın kredit reytinqi yüksələcək. Regional əməkdaşlığın qlobal ticari və strateji əhəmiyyəti artacaq. 
Xüsusilə də, Avropa və ABŞ Cənubi Qafqaz regionuna yüksək texnologiyalar sahəsində yatırımlarını çeşidləndirə bilər. Bundan əlavə, enerji, maşınqayırma, kənd təsərrüfatı və inşaat sektoru xarici yatırımlar üçün ən cəlbedici sahələr olacaq.

 

Rahim Tarıverdiyev

Gündəm