Tural Gəncəliyev: "Dağlıq Qarabağın işğalı bütün beynəlxalq birlik tərəfindən pislənir"

  • 21 may, 2020 19:29
Tural Gəncəliyev:

"Qarabağın işğalını pisləyən ermənilərdən məktublar alırıq".

“MediaPost” xəbər verir ki, bu barədə “Eurasian Regional Center of İCYF” – İslam Həmrəyliyi Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən onlayn müzakirə zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.

O, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən çoxlu sayda qətnamə və qərarların Ermənistan tərəfindən hələ də qulağardına vurulduğunu xatırladıb: “Biz bu işğala son qoymalıyıq. Münaqişənin həll olunmaması bütün regiona, o cümlədən Qarabağdakı ermənilərə mənfi təsir edir. Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir”, - deyən icma rəhbəri Ermənistan tərəfinin bu münaqişənin həllində maraqlı olmadığını dilə gətirib:

“Bir qarabağlı kimi mən Qarabağ ermənilərinə dəfələrlə müraciət etmiş, onları barışığa çağırmışam. Eyni zamanda bölgənin Ermənistan tərəfindən işğalını pisləyən, əvvəlki kimi yaşamaq istəyən Qarabağ ermənilərindən məktublar alırıq. Münaqişə dinc yolla həll edilsə, hər kəs bütün regionun inkişafının şahidi olacaq. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub”.