Qaranlığın qurbanları - yolların işıqlandırılma problemi
18.12.2019 09:38 Fikirlər

Qaranlığın qurbanları - yolların işıqlandırılma problemi

Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovu qəbul edən zaman yollarda işıqlandırma məsələsinə toxunmuşdu. Bildirmişdi ki, hətta qəsəbədaxili yollarda da yolların işıqlandırılması problemi həllini tapmalıdır.

Bu məsələ olduqca vacibdir. Çünki ağır nəticələr verən yol qəzalarının böyük əksəriyyəti işıqlandırılmayan yolarda olur. Daha çox piyadavurmalar, həmçinin avtomobil qəzaları yolların işıqlandırılmaması səbəbindən baş verir.

Bu gün şəhər mərkəzi və bəzi magistral yollar istisna olmaqla işıqlandırma sahəsində ciddi problemlər var. İşıqlandırma demək olar ki, yoxdur. Xüsusilə rayonlara gedən əsas magistral yollarda işıqlandırmanın olmaması ən ciddi məsələlər sırasındadır.

Gecə söndürülən, gündüz yandırılan işıqlar

Sürücülərin əksəriyyəti gecə saatlarında paytaxt küçələrində işıqların söndürüldüyündən şikayət edir. Əksinə gündüz saatlarında saatlarla həmin işıqlar yanır.

Bir neçə gün əvvəl Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş vermişdi. Küçəni süpürən qadın avtomobil tərəfindən vurulmuşdu. Hadisə isə gecə saatlarında baş verib. Burada gecə saatlarında həmin işçinin niyə orada olması, yolun hərəkət hissəsində dayanması ilə yanaşı, mühüm bir məqam da işıqların həmin vaxt yanmaması olub.

Qaranlığın qurbanları - yolların işıqlandırılma problemi


Həmçinin oxu: Xarici dövlət nömrə nişanlı avtomobillər Azərbaycanda cərimlənirmi?


Problemin kökündə nə dayandığını, bunun hansı səbəbdən baş verdiyini yəqin ki, aidiyyəti qurumlar yaxşı bilirlər.

Mövcud olanı niyə qorumuruq?

Paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində işıq dirəklərinin bir-bir “yoxa çıxdığının” şahidi oluruq. Hətta həmin dirəklərin boş qalan yerlərinə dəmir lövhələr də qaynaq olunur. Belə ki, müxtəlif qəzalar zamanı sıradan çıxan bu dirəklər bərpa edilmir. Təbii ki, burada həmin zərərə görə, ya sığorta şirkəti, ya da elə sürücünün özü aidiyyəti qurumun büdcəsinə pul ödəyir. Amma təəssüflə bildirək ki, gündən-günə çoxalan qəzalar işıq dirəklərini azaldır. Sual isə bundan ibarətdir? Niyə görə mövcud olanı qorumuruq?

İşıq dirəklərini gözləyən qaranlıq yollar

Magistral yollarda işıqlandırmanın böyük büdcə tələb etdiyi aydındır. Amma elə vacib nöqtələr var ki, həmin ərazilərdə bu proses tezliklə həyata keçirilməlidir.

Bir müddər əvvəl Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində magistral yolun kənarında yerləşən Muğanlı, Sığırlı, Padar və Qarasu kəndlərinin ərazisində olan köhnə işıq dirəkləri bərpa edilib. Artıq bu kəndlərin ərazindən keçən sürücülər qismən də olsa təhlükədən azad olublar.

Amma bununla iş bitmir. Magistral yolların kənarında yerləşən, hətta yolun iki hissəyə böldüyü kənd və qəsəbələr az deyil. Həmin ərazidə yaşayan sakinlər, o cümlədən sürücülər hər gün təhlükə ilə qarşı-qarşıyadır. Burada təkcə piyadavurmalar deyil, həm də mal-qaranın vurulması ilə nəticələnən qəzalar da var. Ötən həftə magistral yolda atı vuram avtomobilin sərnişini ağır yaralanaraq xəstəxanada həyatını itirmişdi. Bu cür qəzaların baş verməməsi üçün əvvəlcə rayonlara gedən magistral yolların kənarlarındakı nöqtələr təhlil edilməli, həmin ərazilərdə işıqlandırma sistemi qurulmalıdır.

Qaranlığın qurbanları - yolların işıqlandırılma problemi


Həmçinin oxu: Yollarda yenilik: Ölümlərin qarşısı alınacaqmı? - ŞƏRH


Yuxarıda qeyd etdiyimiz kimi bu işlər vəsait və xərc tələb edir. Təbii ki, burada istifadə olunan elektrik enerjisi də nəzərə alınmalıdır. Dünya praktikasında bu problem sensorlu lampalar vasitəsilə həllini tapıb. Belə ki, avtomobil keçən zaman işıqlar yanır və olmadığı zaman işıqlar sönülü olur.

İşıqlandırmaya qədər heç olmasa bunu edək...

Bakı-Quba yolu, o cümlədən bir sıra digər ərazilərdə işıqlandırma olmadığı kimi yolların kənarlarında işıqqaytarıcılar da quraşdırılmayıb. Sürücü bir çox hallarda döngədə idarəetməni itirir və dəmir məhəccərə dəyir. Amma işıqqaytarıcı elementlər olsa, o zaman yolun zolağını da asanlıqla tapmaq olar.

Burada bir məqamı da diqqətə almaq lazımdır. Adətən, ölkəmizdə daha çox tünd rənglərə üstünlük verilir. Amma ən azından gecə saatlarında yola çıxan zaman işıqaytarıcı elementləri olar üst geyimlərdən istifadə etmək lazımdır. Xüsusilə işıqlandırımayan ərazilərdə. Heç olmasa bu sadalananları etməklə təhlükədən xilas ola bilərik.

Teymur Məmmədov, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm