Qazaxıstan Azərbaycan ərazisindən neft nəqli üçün ixracatçı seçir
22.11.2022 11:30 Gündəm Maliyyə

Qazaxıstan Azərbaycan ərazisindən neft nəqli üçün ixracatçı seçir

"Qazaxıstan 2023-cü ildən etibarən Qazaxıstan neftini Azərbaycan ərazisindən nəql edəcək neft şirkətini müəyyən edilməsi üzərində işləyir".

Mediapost Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə "KazMunayQaz"ın İdarə Heyətinin sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev bildirib.

Onun sözlərinə görə, hazırda danışıqlar uğurla davam etdirilir: "Eyni zamanda, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair 5 illik müqavilə imzalanıb.

Gələcəkdə həcmlərin artacağını gözləyirik. Çünki bunda təkcə biz deyil, Azərbaycan da maraqlıdır".

Daha əvvəl Qazaxıstanın energetika naziri Bolat Akçulakov bildirmişdi ki, bu istiqamətdə ixracın 6-6,5 milyon tona çatdırılması nəzərdə tutulur.

"Neft ixracının şaxələndirilməsi üçün xüsusi yol xəritəsi işlənib hazırlanıb. Xüsusən də, bu, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətindədir. Bundan əlavə Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu istiqamətləri də var. Həmçinin Çin istiqaməti də var. Hazırda bütün bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması ilə bağlı işlər aparılır. O cümlədən, hazırda bizim yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 1,5 milyon ton neft nəql etməklə bağlı sazişimiz var və bu həcmin 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir”, - nazir bildirib.

news department

Gündəm