“Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan tikinti qalıqlarının üstü açılıb” – Fariz Hüseynlidən ŞƏRH
21.11.2023 12:15 Mədəniyyət

“Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan tikinti qalıqlarının üstü açılıb” – Fariz Hüseynlidən ŞƏRH

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.

Lakin son illərdə qanunsuz qazıntılarla əlaqədar bir sıra şəxslər və qurumlar üçün müvafiq tədbirlər görülmüşdür. Bu dəfə də İsmayıllıda arxeoloji əhəmiyyətli ərazidə qanunsuz qazıntı işləri aparılıb. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli mövzu ilə əlaqədar MediaPost-a açıqlama verib. O bildirib ki, qazıntı nəticəsində ərazidə saxsı qab fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb:

alt text

“İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yaxın ərazidə, Niyal dağının zirvəsindən təxminən 5-6 kilometr Şərqə doğru, Mücü kəndi istiqamətində dağın zirvəsində arxeoloji əhəmiyyət daşıyan ərazidə qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirən zaman geniş şəkildə qanunsuz qazıntı işlərinin aparıldığı müəyyən olunub. Qazıntı işləri nəticəsində abidələrin siyahısına daxil olmayan və hələlik tarixi haqqında dəqiq məlumatın olmadığı, yonulmuş daşlarından inşa olunmuş tikinti qalıqlarının üstü açılıb. Qazıntı nəticəsində ərazidə saxsı qab fraqmentləri, su boruları və digər artefaktlar üzə çıxarılıb. Ərazinin yüksək dağlıq relyefini nəzərə alaraq qanunsuz qazıntı işlərinin uzun müddət aparıldığını güman etmək olar. Geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olan ərazi öyrənilməsi və qorunması üçün Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Yol verilmiş qanunsuz hərəkətlərlə bağlı müvafiq tədbirlər görüləcəkdir”.

Fidan Ramazan

Gündəm