Qərbin "tırka"sına gedən Paşinyan Rusiyaya qarşı "çaşır": - Moskva Nikolu bağışlayacaqmı? - ƏTRAFLI
21.11.2023 18:10 Xarici siyasət

Qərbin "tırka"sına gedən Paşinyan Rusiyaya qarşı "çaşır": - Moskva Nikolu bağışlayacaqmı? - ƏTRAFLI

Qarabağ revanşistlərinin “xilası” ideyası baş tutmadı, əksinə, Rusiya Azərbaycanın separatçılara qarşı addımlarını dəstəklədi. Bu halda Rusiyanın Fransa, ABŞ və digər Qərb ölkələri ilə sürətlə əlaqələr quran, mərkəzdənqaçma xəttini tutan Ermənistanda “xilas etməyə” nələrisə var. Hazırda söhbət Ermənistanın KTMT-dən çıxması və Rusiyanın Gümrüdəki hərbi bazasını qovmasından gedir. Paşinyan bu ilin oktyabrında “Voll Strit Jurnal”a müsahibəsində də bəyan etdi ki, o, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunda heç bir fayda görmür. Bazanın çıxarılması Kreml üçün ciddi geosiyasi məğlubiyyət olardı. Paşinyan artıq Ermənistanın dövlət və özəl sektorunda rusiyapərəstlərin “ovuna çıxıb”. Bu vəziyyətdə Rusiyanın Ermənistanda ona sadiq hökumət qurması üçün hərbi müdaxildən başqa yolu qalmır. Belə bir iddialar Rusiya və Erməni mediasında yayılmaqdadır.

Maraqlıdır görəsən, bütün bunların fonunda Rusiyanın Ermənistana hərbi müdaxiləsi mümkündürmü? 

Mövzunu "MediaPost"a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın Ermənistanda geosiyasi mövqelərinin zəifləməsi fonunda Paşinyan ABŞ və Avropanın siyasi dəstəyi ilə Kremlə qarşı çox ciddi addımlar atır: "Nəticədə Ermənistan demək olar ki, Rusiya orbitindəki təşkilatlardan çıxmaq istədiyi ilə bağlı açıqlamalar verir.

alt text

Paşinyan onsuz da Rusiyanın nəzarətində olan təşkilatların fəaliyyətini boykot edib və tədbirlərə qatılmır. Həmçinin nümayəndələrini göndərməkdən imtina edir. Bu, Paşinyanın çox ciddi siyasi addımlar atmasının göstəricisi hesab oluna bilər. Növbəti mərhələdə isə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmdədir. Paşinyanın apardığı bu siyasət Rusiya və Ermənistan arasında dərin böhrana gətirib çıxaracaq. Moskvanın İrəvanı bağışlayıb-bağışlamayacağı da sual altındadır".

Politoloqun sözlərinə görə, indiki məqamda Qərb Rusiyanı Paşinyan hakimiyyətinin əli ilə çox ciddi şəkildə cəzalandırır: "Rusiyanın Cənubi Qafqazda dayağı həmişə Ermənistan olub. Bu dayağı Paşinyan kəsməyə qərarlıdır. Bu məsələdə Ermənistan əhalisi də Nikola dəstək verir. Rusiya isə Ermənistanda hərbi çevriliş törətməkdən bir qədər çəkinir. Amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsini nəzərə alsaq, Kremlin İrəvana ordu yerləşdirib qan tökməsi də mümkündür. Hesab edirəm ki, Kreml hələ proseslərə səbrlə yanaşır. Buna rəğmən çox ciddi addımların atılacağını istisna etmirəm. Düşünürəm ki, Ermənistan Rusiyanın moderator olduğu təşkilatlardan rəsmən çıxsa, o zaman Kreml sərt üzünü göstərəcək. Bu, iqtisadi sanksiyalar və hərbi müstəvidə özünü büruzə verə bilər. Rusiyanın Ermənistanda hakimiyyəti devirmək üçün hələ də hərbi rıçaqları mövcuddur".

Müşviq Tofiqoğlu

Gündəm