Qətər: böyük pulların və dəbdəbənin vətəni
21.11.2019 12:37 Fikirlər

Qətər: böyük pulların və dəbdəbənin vətəni

Bu gün dünyanın ən varlı ölkəsi olan Qətər bir vaxtlar Fars körfəzi sahillərində yerləşən kiçik bir ərazi idi. Nəhəng Səudiyyə Ərəbistanı ilə həmsərhəd olan bu kasıb ölkənin nə öyünə biləcəyi iqlimi, nə də münbit torpaqları vardı. Az qala, hər tərəfi səhralıq olan Qətər quraqlıqdan və su qıtlığından əziyyət çəkirdi. Bu azmış kimi, zaman-zaman əcnəbilərin hökmranlığı altında əzilirdi.

İlk dövrlər Bəhreynin nəzarətində olan Qətər 1872-ci ildən 1915-ci ilədək mövcudluğunu Osmanlı imperiyasının hakimiyyəti altında davam etdirib. 1916-cı ildə imzalanmış müqavilədən sonra isə Böyük Britaniyanın protektoratı olub.

MİRVARİDƏN NEFT-QAZA...

Əvvəllər bu yoxsul ölkənin yeganə ümidi mirvari hasilatından əldə etdiyi qazanc idi. 1930-cu illərin sonlarında Qətərdə böyük neft yataqları kəşf edilir. 1971-ci ilin sentyabrında Britaniyanın asılılığından qurtulub öz müstəqilliyini elan edəndə, uğur ölkənin qapısını ikinci dəfə döyür. Böyük potensiala malik neft və qaz kondensat yatağının kəşfi Qətərin gələcək taleyi üçün sözün əsl mənasında dönüş nöqtəsi olur. Qəfildən inanılmaz sərvətin sahibi olan Qətər mədən sənayesinə müstəqil şəkildə nəzarət etməyə başlayır.

O vaxtdan bu yana keçən yarım əsrlik dövr ərzində ölkə sürətlə çiçəklənərək dəbdəbənin vətəninə çevrildi. Xalqın həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox xidmətlərə start verildi. Hökumət tərəfindən maliyyələşən bu xidmətlər ya pulsuz, ya da olduqca ucuz idi. Məsələn, Qətərdə benzin cəmi 27 sentdir. Düzdür, dünya iqtisadçıları hökumətin bu siyasətini səmərəsiz adlandırırlar. Onlara görə, nə zamansa neft pulları qurtaranda yüksək həyat səviyyəsini qorumaq çətin olacaq. Karbohidrogen resurslarının qiymətləri düşdüyü üçün artıq indidən ölkənin büdcə kəsiri 4,9 faizə yüksəlib. Yəqin bu səbəbdən də Qətərdə büdcənin karbohidrogen istehsalından asılılığını azaltmağı hədəfləyən yeni bir strategiya - "Vision 2030" həyata keçirilir.

Qətər: böyük pulların və dəbdəbənin vətəni

BALIQÇI KƏNDİNDƏN PAYTAXTA ÇEVRİLƏN DOHA...

Əsası 1987-ci ildə qoyulan paytaxt Doha gözəlliyi və dəbdəbəsi ilə seçilir. İllər əvvəl balıqçı kəndlərinin yerləşdiyi ərazi çoxdan tarixə çevrilib. Və körfəzin sahilində müasir metropolis ucaldılıb. Ölkə əhalisinin böyük qismi (400 mindən artıq) məhz Dohada yaşayır. Paytaxt demək olar ki, hər il yenilənir. Göydələnlərin sayı artır, yeni-yeni otellər, biznes mərkəzləri, yaşayış binaları ucaldılır. Qətərdə qurulan pilotsuz qatarlı metronun 98 stansiyası vasitəsilə Dohanının digər şəhərlərlə birləşdirilməyi nəzərdə tutulur.

Dohanın maraqlı özəlliklərindən biri burada heç bir yolun kəsişməməsidir. Şəhərdə yalnız dairəvi yollara rast gəlmək olur.

Paytaxt sahilini yerli elitanın qürur mənbəyi olan lüks yaxtalar bəzəyir. Bu ölkədə Qətər vətəndaşı kimi doğulmaq şansını qazanmış (sayları 330 mindir) hər kəs varlıdır.

Qətərə miqrant axını əsasən son illərdə sürətlə artmağa başlayıb. Elə bu səbəbdəndir ki, 2003-cü ildə əhalisi 700 mindən az olan Qətərdə hazırda bu rəqəm 2,5 milyondur. Qətər vətəndaşlığını almaq heç bir halda mümkün deyil. Etnik qruplar üzrə göstəricilər belədir: ərəblər - 40 faiz, pakistanlılar - 18 faiz, hinlilər - 18 faiz, iranlılar - 10 faiz. Qətərin dövlət dili ərəb, dini İslamdır. Əcnəbilərlə ünsiyyət zamanı ingilis dilindən geniş istifadə olunur.

Havanın temperaturunun +50 dərəcədən yüksək olması Qətər üçün adi haldır. Günorta saatlarında küçələrdə insanlar gözə dəymir. Onlar günün istisindən kondisionerli sərin otaqlara qaçırlar.

Qətər: böyük pulların və dəbdəbənin vətəni

YERLİLƏRƏ 7000, ƏCNƏBİLƏRƏ 1000 DOLLAR

Ölkədə xeyli sayda əcnəbi var. Əcnəbilər işçi qüvvəsinin əsas hissəsini təşkil edirlər. Maaşları elə də böyük deyil: xidmət sektorunda işləyənlərdə təqribən 800, ofis işçilərində isə 1100 dollara qədər. Ölkədə orta maaş 3300 dollardır. Buna səbəb yerli qətərlilərin aylıq qazancının yüksək olmasıdır.

Dövlət idarəçiliyində orta aylıq əməkhaqqı 7.4 min dollardır.Yerli əhalinin əksəriyyəti bu sahədə çalışır. Bir qətərli ailəsinin aylıq xərcləri 13600 dollardan çox olur.

Savadlılığın yüz faiz olması və işsizliyin olmaması hökumətin uğurlarına aid edilməlidir. Tibbi xidmətlər ən yüksək səviyyədədir. Dövlətin 7,9 milyard dollara başa gələn ən müasir avadanlıqla təchiz edilmiş tədqiqat mərkəzi var. Qətərdə ABŞ universitetlərinin 6 filialı fəaliyyət göstərir.

Qətər həm də bütün ərəb dövlətləri içində ən təhlükəsizi hesab olunur. Ölkədə cümə günü rəsmi istirahət günüdür. Həftənin başlanğıcı bazar günü hesab olunur.

Qətərdə ərzaq qiymətləri o qədər də yüksək deyil. Bir litr süd üçün 1.4 dollar, tərəvəz üçün bir dollardan bir az çox pul ödəməlisiniz. Amma ət bir qədər bahadır - bir kiloqramı 11 dollar. Qətərin kənd təsərrüfatı məhsulları əhalinin tələbatını ödəmir və buradakı ərzağın 90 faizi idxal olunur.

Elə buna görə də, Qətər bir neçə müddət əvvəl Səudiyyə Ərəbistanı, eləcə də digər qonşuları ilə diplomatik böhran yaşayanda ərzaq, su tədarükü ilə bağlı Türkiyə və İranla təcili danışıqlara başlamışdı. Qətər üçün əsas ərzaq tədarükçüsü Səudiyyə Ərəbistanı (idxalın 40 faizi) idi. Səudiyyə ilə siyasi-iqtisadi əlaqələrin qırılması Qətərə çox ciddi ərzaq böhranı təhdidi yaradırdı.

Qətər: böyük pulların və dəbdəbənin vətəni

QONŞULARLA DİPLOMATİK BÖHRAN

2017-ci ilin 5 iyununda başlayan məlum böhran zamanı bir sıra ərəb ölkələri (Səudiyyə, BƏƏ, Bəhreyn, Misir) Dohanı terrorçuları dəstəkləməkdə ittiham edərək əmirliklə diplomatik əlaqələrini kəsmişdi. Daha dəqiqi, Səudiyyə Ərəbistanı başda olmaqla, əmirliyin ərəb qonşuları və onların müsəlman dünyasındakı müttəfiqləri Qətəri İŞİD-dən tutmuş, “Ən-Nusra Cəbhəsi”, “Müsəlman qardaşlar” və “Əl-Qaidə”yə qədər ən müxtəlif terrorçu qruplaşmalara dəstək verməkdə, əlindəki KİV-lərin köməyi ilə onların ideologiyalarını yaymaqda, Türkiyə ilə təhlükəli əlaqələr qurmaqda və İrana dəstək verməkdə ittiham etdilər. Eyni zamanda Ər-Riyad Qətərin "Qatar Airways" aviaşirkətinin uçuşlarına qadağa qoymuş, bu ölkə ilə quru sərhədi və Qətər gəmiləri üçün limanlarını bağlamışdı.

Qətər hökumətinə göndərilən siyahıda rəsmi Dohadan aşağıdakılar tələb olunurdu:

- Qadağan edilmiş və digər ərəb dövlətlərinin terrorçu təşkilat kimi tanıdığı “Müsəlman qardaşlar” hərəkatı ilə bütün münasibətləri dayandırmaq;

- Tələblər siyahısını tərtib edən ölkələrdən gələnlərə vətəndaşlıq verməkdən imtina etmək və hazırda onlardan Qətər ərazisində olanlarını bu ölkələrə geri göndərmək;

- Siyahı müəlliflərinin terrorçu kimi tanıdığı və axtarışa verdiyi şəxsləri təhvil vermək;

- ABŞ-ın terrorçu kimi tanıdığı bütün ekstremist təşkilatlara sponsorluğu dayandırmaq;

- Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində maliyyələşdirilən müxalifətçilərin siyahısını təqdim etmək;

- Siyasi-iqtisadi siyasətdə və digər sahələrdə Əməkdaşlıq Şurasının qərarlarına zidd getməmək;

- “Əl-Cəzirə”, “Arabi21” və “Middle East Eye”i maliyyələşdirməyi dayandırmaq;

- Təzminat ödəmək;

- İranla diplomatik əlaqələri kəsmək;

- Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq;

-Qətərdəki nəhəng Türkiyə hərbi bazasının fəaliyyətinə son vermək.

Rəsmi Doha bu tələbləri rədd etmiş və bəyan etmişdi ki, körfəz ölkələri Qətərdə hakimiyyət dəyişikliyinə çalışırlar, bu səbəbdən də əsassız ittiham və tələblər irəli sürürlər. Öz növbəsində həm İran, həm Türkiyə Qətərə hərtərəfli dəstək verə biləcəyini bəyan etmişdi.

Qətər: böyük pulların və dəbdəbənin vətəni

ƏSAS GƏLİR MƏNBƏYİ

Qətərin əsas gəlir mənbəyi təbii qazıdır. Diplomatik münasibətlər kəsiləndə belə, rəsmi Doha Qətər qazından çox asılı olan Oman və BƏƏ-yə qaz verməyə davam edirdi. Hazırda Qətər qaz ehtiyatına görə dünyada Rusiya və İrandan sonra üçüncü sıradadır.

Qətər iqtisadiyyatının əsasını neft və qazın hasilatı, emalı təşkil edir. İlk yataqlar 1939-cu ildə açıldı, hasilat 1949-cu ildə başladı. Bu gün neft və qaz sənayesi ölkənin ümumi daxili məhsulunun 55% -ni, ixrac qazancının 85% -ni və dövlət gəlirlərinin 70% -ni təmin edir. Ölkənin neft ehtiyatları 25,7 milyard barreldir.

Qətərdə miqrantların böyük bir hissəsi hindlilər olduğundan paytaxt Dohada hind mətbəxi olan bir çox müəssisə var. Lakin restoranlarda və kafelərdə spirt tapmayacaqsınız. Ölkədə onların istifadəsi qadağandır. Qadağadan yalnız otelə daxil olanda və bardan spirtli içki alanda yan keçə bilərsiniz. Qətərdə bu təcrübə çox populyardır: bir gün üçün bir otaq icarəyə götürürlər, orada içirlər, yatıb durandan sonra işə gedirlər...

Qətərdə mənzillərin qiyməti bahadır. Mətbəx və qonaq otağı olan normal bir ev icarəyə götürmək ayda təqribən 1100 dollara başa gəlir. Belə bir məbləğ miqrant işçilər üçün sərfəli olmur. Buna görə də çox vaxt onların yerinə bu ödənişi işəgötürən edir. Son illərdə hökumət miqrantlara mənzil almaq icazəsi verib. Bundan əvvəl bu, qəti qadağan idi.

Zinət əşyaları, bahalı daş-qaş bütün ərəb ölkələrində həyatın vacib bir hissəsidir. Bu baxımdan Asiyada ən böyük zərgərlik sərgilərindən birinin (Doha Jewellery and Watches Exhibition) Qətərdə olması təsadüfi deyil. Sərgi göydələnlər və otellər bölgəsində - Qətər Beynəlxalq Sərgi Mərkəzində keçirilir. Qətərin ən böyük zərgərlik müəssisələri orada ən yaxşı məhsullarını nümayiş etdirirlər. Bütün aparıcı dünya markalarını, o cümlədən Tiffany & Co-nu, Chopard, Chanel, Garrard, Cartier, Pomellato, həmçinin yerli istehsalçıların məhsullarını təqdim edirlər.

Paytaxt Doha həm də turizm mərkəzi kimi inkişaf edir. İslam İncəsənət Muzeyi ölkənin paytaxtına gələn ziyarətçiləri cəlb edir. İslam turizminin potensialı böyükdür və hakimiyyət bunu nəzərə alır. Burada inanclı müsəlmanların Allaha dua edə biləcəkləri bir çox möhtəşəm məscidlər tikilib.

Qətər: böyük pulların və dəbdəbənin vətəni

DÜNYA ÇEMPİONATINA EV SAHİBLİYİ...

Qətər 2022-ci ildə mundialı qəbul etməyə hazırlaşır. Yaxın Şərqin kiçik bir dövləti gözlənilmədən dünya çempionatına ev sahibliyi etmək hüququ qazandı. Bundan əvvəl Yaxın Şərqdə belə bir tədbir keçirilməmişdi. ABŞ, Avstraliya, Cənubi Koreya və Yaponiya iddiaçılar arasında olsa da, müraciətləri qəbul olunmadı. Buna görə FİFA-nı korrupsiyada ittiham etdilər.

Eksertlərə görə, Yaxın Şərq ölkəsinin uğuruna bu şəkildə münasibət əslində Qətərin özünün ciddi nüfuz problemləri ilə bağlıdır. Məsələn, hələ də yerli qanunlarla daşqalaq cəza növü kimi qəbul olunur.

Bundan başqa, ölkədə hər il xeyli sayda miqrant həyatını itirir. Çempionata hazırlıqla bağlı gedən tikinti işlərində də vəziyyət ürəkaçan deyil. Norveç Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Hans-Kristian Qabrielsenin sözlərinə görə, Qətərin mundiala hazırlığı zamanı ölən hər bir miqrant bir dəqiqəlik sükutla yad edilsəydi, turnirin 44 matçı sükutla keçərdi. Beynəlxalq təşkilatların hesablamalarına görə, ölənlərin sayı mindən artıqdır.

200 MİLYARDLIQ NƏHƏNG LAYİHƏ

Bu mötəbər tədbir üçün çempionatın əsas oyunlarının keçiriləcəyi və ən qabaqcıl texnologiyalarla təchiz edilmiş yeni Lusail şəhəri salınır.

Şəhərdə qızıl fasadlı stadionun inşası 2020-ci ildə başa çatacaq. Paytaxt Dohadan 15 kilometr aralıda yerləşən bu stadionla bağlı layihənin ümumi dəyəri 45 milyard dollardır.

Ümumilikdə isə şəhərlə bağlı plana dünyanın aparıcı memarlarının layihələrinə uyğun olaraq qurulmuş və güclü bir sərinlətmə sistemi olan 7 stadion daxildir. Onlar yerli koloriti nəzərə alan qeyri-adi formalara sahibdirlər. Məsələn, biri bədəvilərin çadırına, digəri isə balıqçı gəmisinə bənzəyir. Bundan əlavə, mövcud stadionlar da yenidən qurulur.

Ayrılan vəsaitin böyük hissəsinin infrastruktura yönəldilməsi planlaşdırılır: yollar, hava limanı, metro, tibb müəssisələri. Bu nəhəng layihəyə təqribən 200 milyard dollar xərclənəcəyi deyilir.

Araşdırmalara görə, 2022-ci ilə qədər Qətərə hər il 3,7 milyon əcnəbi turist gələcək. Çempionatın özünə isə azı 400 min futbol azarkeşinin qatılacağı gözlənilir.

Qətər üçün dünya çempionatı təkcə dünyaya açılmaq cəhdi deyil, həm də körfəzin digər ölkələrinə qarşı müqavimət nümayişidir.

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm