“Qırmızı şeytanlar” "Çelsi"ni darmadağın edib
İngiltərə Premyer Liqasında 32-ci turdan təxirə salınmış oyun keçirilib.
MediaPost xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Çelsi”ni qəbul edib.
Matç “qırmızı şeytanlar”ın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.
Karlos Kazemironun hesabı açdığı qarşılaşmada “Mançester Yunayted”in digər qollarını Antoni Marsyal, penaltidən Brunu Fernandeş və Markus Reşford vurublar. “Çelsi”də isə Joau Feliks fərqlənib.
Qələbə sayəsində xalını 72-yə çatdıran “Mançester Yunayted” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib.
Erik ten Haqın komandası bununla da Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirib.
Eyni zamanda “Liverpul”un qitənin bir nömrəli klub turnirindən kənar qalacağı dəqiqləşib.
Hazırda 66 xalı olan “qırmızılar” 4-cü “Nyukasl”dan 4 xal geri qalırlar və qalan bir matçda bu fərqi aradan qaldırmaq mümkünsüzdür.
Uğursuz mövsüm keçirən “Çelsi”yə gəlincə, komanda 43 xalla 12-cidir.