Qızılağac Milli Parkında “Flaminqo Festivalı” başlayıb
21.11.2023 11:47 Ekologiya

Qızılağac Milli Parkında “Flaminqo Festivalı” başlayıb

Qızılağac Milli Parkında “Flaminqo Festivalı” başlayıb.

MediaPost report-a istinadən xəbər verir ki, ilk dəfə təşkil olunan “Flaminqo Festivalı” axşam saatlarınadək davam edəcək.

Festival ərazisində Azərbaycanda fəaliyyət göstərən milli parkların stendləri qurulub. İştirakçıların hər birinə festivalın loqosu əks olunan döş nişanları və papaqlar paylanılıb.

Stendlərlə tanış olan iştirakçıların balıqartırma zavodu tərəfindən yetişdirilən müxtəlif növ balıqların olduğu böyük akvariumu izləmə imkanı olacaq. Festival çərçivəsində “Qırmızı Kitab”ın III nəşrinin təqdimatı, ekoviktorinanın keçirilməsi, canlı olaraq 12 ədəd Turac quşunun milli parka buraxılması planlaşdırılır.

Festivalın yaddaqalan olması üçün iştirakçılara parkın girişində olan göldə flaminqo və digər nadir su quşları nümayiş olunacaq, tədbir boyu park ərazisində faytonla gəzinti təmin ediləcək. Həmçinin, Qızılağacda yaradılmış yeni turizm marşrutunun təqdimatı və bu marşrut üzrə ilk dəfə “Quş bazarına” qayıqlarla gəzintinin təşkili də festivala xüsusi rəng qatacaq.

Bundan başqa, festivalda kvadrasiklların yarışı, ekstremal şəraitdə sağ qalmaq metodlarının əyani icrası və ilanlarla davranış qaydalarının nümayiş olunacaq.

Flaminqo konseptinə (rənglər, dizayn və s.) uyğun təşkil edilən festivalda yerli suvenirlərin və əl işlərinin satış yarmarkası da olacaq.

Xəbərlər departamenti

Gündəm