Qlobal halallaşma: halal iqtisadiyyat sərhədləri necə aşır?
30.11.2019 11:00 Fikirlər

Qlobal halallaşma: halal iqtisadiyyat sərhədləri necə aşır?

Halal qida, halal bankçılıq, halal turizm, halal hava yolları... Son illər bu ifadələrə daha tez-tez rast gəlirik. Təkcə qida və qeyri-qida məhsullarının deyil, ayrı-ayrı xidmətlərin də halalı leksikonumuza və həyatımıza daxil olmağa başlayıb. Artıq bir sıra dövlətlər halal iqtisadiyyatın daha geniş yayılması və inkişafı üzərində baş sındırır, onun yaxın gələcəkdə dünya bazarını formalaşdıracağına inanırlar. Yeri gəlmişkən, hazırda halal iqtisadiyyatın dünya üzrə bazar həcmi 4 trilyon dolları ötüb. Bu, o deməkdir ki, hədəfə çatmaq üçün ciddi işlərə imza atılır.

Bu sahədə xüsusi fəallıq edən ölkələrdən biri Türkiyədir. Dünəndən başlayaraq ölkə iki böyük tədbirə ev sahibliyi edir. Bunlardan biri İslam Əməkdaşlıq Təşkilatının 7-ci "Halal Expo" sərgisi, digəri 5-ci Dünya Halal Sammitidir.

Qlobal halallaşma: halal iqtisadiyyat sərhədləri necə aşır?

50 ÖLKƏDƏN 400 MÜTƏXƏSSİS, 40 MİN ZİYARƏTÇİ

Dünyanın dörd bir nöqtəsində halal iqtisadiyyatla maraqlanan mütəxəssislər İstanbula toplaşıblar və qarşıdakı üç gün ərzində həm sərgini ziyarət etmək, həm də müzakirələrə qatılmaq imkanı qazanacaqlar.

"Discover Events" şirkətinin təşkil etdiyi hər iki tədbir Türkiyə Prezident Administrasiyasının İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu, həmçinin İslam Ticarətinin İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində, "Bütün nəsillər üçün halal: Ailə və gəncliyin əhəmiyyəti" başlığı altında keçirilir.

İstanbuldakı Avrasiya Sərgi və İncəsənət Mərkəzində keçirilən sərginin ümumi sahəsi 14 min kvadratmetrdir. 50 ölkədən 400 mütəxəssisin qatıldığı tədbirləri dörd gün ərzində 40 min insanın ziyarət etməsi gözlənilir.

Tədbirlərdə qida, içki, emal, qida qablaşdırması, otel və restoran biznesi, kosmetika, fərdi qulluq, səhiyyə məhsulları, İslam maliyyəsi, media, dövlət qurumları, halal sertifikatlaşdırma, qeyri-kommersiya təşkilatları, təhsil və digər sektorların nümayəndələri iştirak edir. Belə genişmiqyaslı tədbirin keçirilməsi qlobal halal məhsulları bazarının formalaşması yolunda vacib addım olacaq.

"Discover Events" şirkətinin rəhbəri, sammitin təşkilatçısı Yunus Ete bildirib ki, dünyanın müsəlman əhalisi sürətlə böyüyür və buna uyğun olaraq ehtiyaclar da artır. Lakin Y.Ete bu sahadə görüləcək işlərin çox olduğunu düşünür: "Təəssüf ki, halal məhsullar, İslam maliyyəsi, halal turizm, mühafizəkar dəb, halal kosmetika kimi sektorlarda Türkiyə və bəzi müsəlman ölkələrinin payı digər ölkələrlə müqayisədə daha azdır".

Qlobal halallaşma: halal iqtisadiyyat sərhədləri necə aşır?

4 TRİLYONDAN 7 TRİLYONA...

Şirkət rəhbəri qeyd edib ki, 7-ci "Halal Expo" sərgisi ildən-ilə böyüyən halal mal və xidmətlər bazarı haqqında məlumatlılığı, həmçinin Türkiyənin bu sahədə ticarət potensialını artırmaq üçün təşkil edilib: "Sərgi halal sənaye ilə bağlılığı olan bütün sektorları bir araya gətirib. 2017-ci ildə qlobal halal iqtisadiyyatın həcmi 4 trilyon dollar idisə, 2021-ci ilə qədər 7 trilyon dollara çatacağı gözlənilir. İslam maliyyəsinin həcminin 3,5 trilyon dollar, qida və içki sektorunun 1,9 trilyon dollar, mühafizəkar geyim sektorunun isə 243 milyard dollar olacağı ehtimal edilir. Yaxın gələcəkdə halal iqtisadiyyatın dünya bazarını formalaşdıracağı gözlənilir".

Y.Etenin sözlərinə görə, Türkiyə halal meyarına çox həssas yanaşan azsaylı ölkələrdən biridir: "Dünya ildən-ilə bu məsələ ilə bağlı məlumatlılığı artırdıqca ortaq standartlara sahib olmağın əhəmiyyəti hiss olunmağa başlayır. Türkiyədə 15 milyard dollara yaxınlaşan halal qida bazarı hər il 100 faiz böyüyür. Bu il daxili bazarın təxminən 30 milyard dollara çatacağını gözləyirik. İxrac sahəsində də sürətli artım müşahidə olunur və bu da bizim üçün çox xoşdur".

İSLAM AŞPAZLARI, BEYNƏLXALQ KUBOK...

Yunus Ete deyir ki, sərgi B2B platformasında dünyanın hər yerindən olan mütəxəssislər və alıcıların qarşılıqlı əlaqəsini asanlaşdıracaq. Əlavə olaraq yerli və xarici aşpazların öz bacarıqlarını nümayiş etdirə biləcəkləri beynəlxalq İslam aşpazlar kuboku keçiriləcək.

Bu tədbirlərdə Əfqanıstan, Əlcəzair, Avstraliya, Banqladeş, Braziliya, Bruney, Kamerun, Kanada, Kolumbiya, Misir, Qambiya, Almaniya, Qana, İndoneziya, İran, İraq, İtaliya, İordaniya, Kosovo, Küveyt, Livan, Liviya, Malayziya, Niderland, Nigeriya, Oman, Pakistan, Fələstin, Polşa, Portuqaliya, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Seneqal, Sinqapur, Somali, Cənubi Koreya, İspaniya, Sudan, İsveç, İsveçrə, Tayland, Toqo, Tunis, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, ABŞ, Özbəkistan, Yəmən kimi ölkələrdən olan 400-dən çox şirkət satınalma üzrə mütəxəssislər və investorlarla görüşmək imkanı əldə edəcək.

Qlobal halallaşma: halal iqtisadiyyat sərhədləri necə aşır?

HALAL TURİZM: TÜRKİYƏ ÖN SIRALARDADIR

Halal məhsulların istehlakına olan tələbatın turizm sənayesi ilə sıx bağlı olduğunu deyən Y.Ete bu sektordakı dini həssaslığın halal turizmə marağı artırdığını deyir: "Hazırkı mərhələdə Türkiyə dünyanın ən uğurlu ölkələrindən biridir. Dünyada halal istirahət xidmətləri göstərən obyektlərin sayı 350-yə yaxındır. Bu obyektlərin 150-si Türkiyədə yerləşir. Proqnoza görə, yaxın beş ildə qlobal halal turizm bazarının həcmi 300 milyard dollara çatacaq. Türkiyə ilə yanaşı, İndoneziya və Malayziyadakı bəzi sahibkarlar da halal otellərə ciddi sərmayə qoyurlar. Türkiyə bu sahədəki potensialından istifadə edib tədbir görərsə, 2023-cü ilə qədər turizm gəlirlərinin 20 milyard dollara çatacağı gözlənilir.

Halal qida bazarının artmasına İslam dünyasında sürətlə artan əhali çox təsir etdi. Bundan əlavə, digər inancların nümayəndələri halal, həmçinin sanitariya və gigiyena tələblərinə cavab verən keyfiyyətli məhsula üstünlük verirlər”.

Təşkilatçı hesab edir ki, halal yanaşmanın olduğu yerdə sülh, sevgi, şəfqət, qardaşlıq, bolluq və bərəkət var: "Güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir nizam, mərkəzində insan dayanan bir anlayış var. 2 milyard müsəlmanın yaşadığı dünyada hüquq və ədalət uğrunda birgə hərəkət etməliyik. Halal sektorunun böyüməsi və halal yanaşmasının dərinləşməsi üçün çalışmaları davam etdirəcəyik".

Qlobal halallaşma: halal iqtisadiyyat sərhədləri necə aşır?

QEYRİ-MÜSƏLMANLAR DA "HALAL" DEYİR

Nigeriya Xarici İşlər Naziri Zubairu Dada halal bazarının böyüdüyünü, qlobal bazarda ciddi çəkiyə sahib olduğunu bildirib: "Nigeriyanın halal sənayesində əhəmiyyətli bir irəliləyiş əldə olunub. Gigiyena səbəbiylə qeyri-müsəlmanlar tərəfindən də halal məhsullara üstünlük verilir".

İslam ölkələri Standartlar və Metrologiya İnstitutunun İdarə Heyətinin sədri Saad Bin Osman Al Kasabi İslam standartlarının çox vacib olduğunu və bu standartların bütün sahələrdə keyfiyyətə çatmaq üçün işləndiyini deyib: "Verdiyimiz halal sertifikatı ilə müsəlmanların halal qida və məhsulların çatmasına dəstək olmağa çalışırıq. İslam ölkələri bu standartları yerinə yetirməklə inkişaf edə bilərlər".

İslam Ticarətinin İnkişafı Mərkəzinin baş direktoru Əl Hassan Hzaine sərginin İslam ölkələri arasındakı əməkdaşlığın nəticəsi olduğunu və rəhbəri olduğu qurumun 2012-ci ildən bəri bu tədbirin təşkilinə dəstək verdiyini bildirib: "Bu tədbir İslam ölkələri arasında ticarətin inkişafına böyük töhfə verəcək".

Mərkəz rəhbəri halal qida bazarının sürətlə böyüdüyünü, müsəlman ölkələrinin bu bazardan daha çox pay almalı olduğunu deyib: "Türkiyə iqtisadiyyatı, digər İslam ölkələrinə nümunədir. Qarşıdakı illərdə Türkiyənin İslam ölkələri ilə ticarəti daha da artacaq".

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm