QMİ: Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq
04.05.2021 10:11 Cəmiyyət

QMİ: Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq

“Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlər bağlıdır və buna görə bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq”.

"MediaPost" xəbər verir ki, bunu report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay deyib.

QMİ nümayəndəsi bildirib ki, keçən olduğu kimi bu il də bayram namazı onlayn şəkildə məscidlərdən canlı olaraq yayımlanacaq:

“Din xadimləri insanlara xitab edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Vətəndaşlarımız da fitrə zəkatlarını çıxararaq Allaha dua edəcəklər. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər. Ümid edirəm ki, gələn il bu problem qalmayacaq. İnsanlar səbrli olmalıdırlar. Çünki Ramazan ayı özlüyündə səbrin göstəricisidir”.

Qeyd edək ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edəcək. Nazirlər Kabinetinin müvafiq qərarı ilə bayramla əlaqədar 9-15 may ölkədə qeyri-iş günüdür.

Xəbərlər departamenti

Gündəm