Artan tələb və qalxan qiymətlər... Konsert təşkilatçılarının strategiyası
Musiqi zövqdür. Zövq oxşayan mahnıların ifaçılarını canlı izləmək, onların konsertinə iştirak etmək isə hər bir pərəstişkarın arzusudur. Amma nədənsə sevənlərinin görüşünə gələn müğənniləri canlı izləmək bir çoxlarına qismət olmur. Bu səbəblər sırasında ən əsası bilet qiymətləridir. Yerlər isə cibə uyğun dəyişir, təbii ki, imkanı olanlar ön sıradan biletlərini alır, konsertdə iştirak edir, əylənir. Aylıq maaşı 300-400 manat olan insanlar niyə konsertlərdən məhrum olmalıdırlar və bu necə tənzimlənməlidir?
Marketinq üzrə ekspert Bəylər Əlizadə mövzu ilə bağlı “MediaPost”a fikirlərini bildirib:
“Məsələyə marketinq nöqteyi nəzərindən baxsaq, artım yalnız qiymətlərdə hiss olunmur. Ötən illərə nisbətən gələn qonaqların, keçirilən konsert və tədbirlərin sayı da kifayət qədər artıb. Bu artımı tətikləyən əsas amillərdən biri insanların uzunmüddətli pandemiyadan sonra kütləvi tədbir və konsertlərə ehtiyac duymasıdır. Onlar obrazlı dildə desək, darıxdığı günlərin əvəzini çıxırlar.
Əlavə olaraq, kütləvi əyləncə tədbirlərinin bazar payı getdikcə artmaqdadır. Xüsusilə "Z" nəsli davamlı olaraq sosial media səhifələrində izlədiyi konsertləri, yığıncaqları öz ölkəmizdə də görmək istəyir. Buna görə həm pul ödəyib, həm də uzaq məsafələrə getməyi, hətta orda qalmağı gözə alırlar. Əvvəl bu tip əyləncələrdə kişilər üstünlük təşkil edirdi. Qadınların sayının artması bu sahədə həm paylaşımları artırır, həm də güvən artdıqca, özü ilə müştəri gətirir".
Ekspert bildirib ki, qiymət gələn qonağa, məkana, ümumi konseptə görə dəyişə bilər:
“Qiymətləri tələb-təklif konsepti təyin edir. Keçirilən konsertlərdə nümunə olaraq bilet qiymətini 20 AZN götürsək, təşkilatçı konsert günü yaşanan izdihamı görüb növbəti dəfə biletin qiymətini də qaldırır. Onun da məqsədi daha yüksək gəlirlilikdir. Sadə dildə desək, təşkilatçı artan qiymətin fonunda iştirakçı sayının azalmadığını gördükcə şansını yoxlamağa davam edir. Dəqiq qiymət təyin etmək üçün bu prosesin bir müddət davam etməsi, nəticələrin ölçülməyi lazımdır. Təbii ki, qiymət gələn qonağa, məkana görə dəyişə bilər, amma hazırki məqamda bu artım test mərhələsini yaşayır”.
İndi konsert təşkilatçılığı artan dinamikadadır və artmağa davam edəcək. Bir müddət sonra qiymətlər durulduqda xidmət rəqabəti başlayacaq. Məsələyə müştəri gözüylə baxsaq görəcəyimiz ən maraqlı konsertlər məhz onda başlayacaq”.