Qutu axtarışında...
20.11.2019 09:57 Fikirlər

Qutu axtarışında...

Açığı, şəhərdə zibil qutusu axtarmaqdan yorulmuşam.

Günü-gündən gözəlləşən Bakını daha gözəl görmək hər birimizin arzusudur. Mərkəz və ətraf ərazilərdə qutu da var, zibil də vaxtaşırı daşınır.

Amma bir qədər kənara çıxdınsa, təmizliklə bağlı çatışmazlığı hamımız görürük. Bunun bir neçə obyektiv və subyektiv səbəbi var.

Sən, mən, o - hər birimiz, bir dəfə də olsa, yerə ən azından su qabı atmışıq. Etiraf etməyə, gərək, cəsarətimiz çata. Hər kəs yerə bir su qabı atsa, nəticəni təsəvvür etmək, məncə, elə də çətin deyil.

Bəs zibili yerə niyə atırıq?

Şəhərin təmiz küçəsində, zibil qutusunun önündə zibili yerə atmaq insanı bir növ utandırır. Amma hər küçə, hər yol, prospekt belə deyil.

Zənnimcə, zibil qutuları Bakıda Lomonosovun “bir yerdə materiya azalırsa, başqa bir yerdə əlavə olunur” qanununa uyğun yerləşdirilib. Mərkəzi küçələrdə nə qədər çoxdursa, kənarda bir o qədər azdır.

Bir şəxs su içdikdən və ya siqareti çəkib bitirdikdən sonra onu atmağa yer axtardığı anda yaxınlığında zibil qutusu görürsə, elə tullantını ora da atar.

Bəzən isə 1 kilometr belə getsən, yolda heç bir dənə də olsun zibil qutusuna rast gəlməzsən. Nəticədə ağacların dibi, səkilərin kənarı, ot örtüklərinin üstü zibillə doludur.

Zibil qutusunun bolluğu özü də bir problemdir, əslində. Vaxtında yığışdırılmasa, infeksiya mənbəyinə, qeyri-estetik bir görüntüyə çevrilə bilər. Ona da çarə var, xüsusi tərtibatla bəzədilsə, həmin yerlərə uyğun formada yerləşdirilsə, vaxtlı-vaxtında daşınsa, heç kimin könlünü bulandırmaz.
İnanmıram ki, kimsə qarşıdakı zibil qabını görüb zibili ora yox, yerə atsın.

Bakıya gələn turist də ətrafında xeyli zibil yaradır. Bizə baxır, görür, elə zibilləməyə meyilliyik. Hara gəldi atırıq, psixoloji olaraq sakitləşir, çünki nə qınayan var, nə cərimələyən, nə də zibil qutusu tapılır. Birin biz atırıq, birin də turist. Bunu dəfələrlə müşahidə etmişəm, soluna-sağına baxıb, zibil qutusu tapmayan xarici qonaq elə zibilini küçənin ortasına atıb.

Düşünürəm, bu da elə birbaşa və ya dolayısıyla bizdən asılıdır, bizim məsuliyyətimizdir. Gərək, öz şəhərimizə özümüzün canı yansın.
Nazim Hikmət demişkən, sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?

Xəbərlər departamenti

Gündəm