“Rejissorların qarşısındakı maneələrdən biri piar işinin düzgün qurulmamasıdır” – Teatr tənqidçisi
Azərbaycan teatrı haqqında danışanda səhnələşdirilən əsərlər, aktyor oyunu, repertuarında olan tamaşalar haqqında daha geniş müzakirələr aparılıb. Lakin vacib detallardan biri də teatrların rəhbərliyi, idarəçiliyi haqqındadır.
Teatrşünas Fəridə Cəlilova MediaPost-a açıqlamasında qeyd edib ki, bir çox rejissorlarımız zamanın nəbzini tutmaqda çətinlik çəkir:
“Teatr idarəçiliyi bizim teatr mühitimiz üçün hələ də qaranlıq qalan bir məqamdır. Çünki, teatrlarımız hələ də sovet dönəmindən ayrıla bilməyib. Biz, ilk növbədə, sovet dönəminin teatr idarəçiliyi ənənələrindən uzaqlaşmalıyıq. Müasir teatr düşüncəsi tamamilə başqa bir aləmdir. Ona görə də ən vacib amil zamanın nəbzini doğru tutmaqdır. Təəssüf ki, bir çox rejissorlarımız zamanın nəbzini tutmaqda çətinlik çəkir. Azərbaycan teatrında istedadlı rejissorlar da var. Amma onların da yolunu başqa maneələr kəsir. Məsələn, həmin manelərdən biri piar işinin düzgün qurulmamasıdır. Bizdə elə istedadlı rejissorlar var ki, teatrlarımız onların hazırladıqları bədii məhsulun təbliği üçün düzgün piar işi qura bilmir. Ümumiyyətlə, teatr idarəçiliyi ilə məşğul olan insanlarla teatrın maraqları çox vaxt uyğun gəlmir. Yəni, teatrı idarə edən şəxs bilməlidir ki, onun teatrında hansı rejissor işləyə bilər”.