Restoranların cürbəcür tələbləri... “Nazirlik deyir ki, sahibkarlar öz ərazilərində istehlakçılarla istədiyi kimi davrana bilərlər”
20.11.2023 17:50 Cəmiyyət

Restoranların cürbəcür tələbləri... “Nazirlik deyir ki, sahibkarlar öz ərazilərində istehlakçılarla istədiyi kimi davrana bilərlər”

Bəzi  restoran və kafelərdə menyu ilə tanış olduqdan sonra sifarişini verməyə hazırlaşırsan ki, ofisant həmin yerin depozitli olduğunu deyir. Bəzən menyu həmin depozitə daxil olur, bəzən isə yox. Yəni məkanda əylənşmək üçün də bir əlavə ödəniş etməlisən, yaxud menyu da həmin məbləğə daxil olduğu zaman gərək pulun “heyif” olmasın deyə istəsən də, istəməsən də,  o qiyməti əhatə edəcək qədər sifariş verməlisən.  

Bəs, depozit tələb etməkdə restoranlar, həqiqətən də, haqlıdırlarmı? Maraqlıdır, əgər müştəri depozitdəki məbləğdən az sifariş verirsə və həmin sifarişlə depoziti arasındakı fərq həddindən çoxdursa, bu zaman depozitin qalanı qaytarılmalıdırmı? 

Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “MediaPost”un sualına cavab verib. Onun sözlərinə görə, ölkədə biznes qurumları üçün elə bir şərait yaradılıb ki, onlar istehlakçılarla istədiyi kimi davranırlar:

“Bir çaydan çay və yanında mürəbbələrə görə adamdan 90 manat pul alanlar var. Bundan başqa restoranlarla bağlı depozit məsələsi, bəzi adamların buraxılmaması, “face control” olunması, qadınla gəlinməlisi və s. halları ildən ilə artır. Bu, Azərbaycanda turizmin inkişafına çox təsir göstərir. Ümumiyyətlə, biznes qurumlarının bir çox ədəbsiz hərəkətləri Azərbaycanın imicini dünyada pislənməyə doğru aparır. Son üç ildir depozit məsələsi bir qayda olaraq müştərilərə etibarsızlıqdan irəli gəlir. Bu o deməkdir ki, istehlakçıların da səhv cəhətləri var ki,  biznes qurumları bu addımı həyata keçirir. Mən bu cür hallarla Argentinada və digər ölkələrdə xüsusi otellərdə rastlaşmışam və bu, müştərini narazı salan amillərdən biridir”.

Ekspert qeyd edib ki, əgər sifariş məbləği depozitdən aşağı olarsa, haqlı olaraq qalanı qaytarılmalıdır:

alt text

“Müştərilərə təəssüflər olsun ki, depozit qoyulan zaman birmənalı şəkildə heç bir rəsmi sənəd verilmir. Bu, həddindən artıq anormal bir haldır. Çünki depoziti dana bilərlər, məhkəmələrə iş düşə bilər və s. Düşünürəm ki, mütləq Nazirlər Kabinetinin bu cür məsələləri özündə əks etdirən bir sənədi hazırlanmalıdır.  Hazırda bununla bağlı, demək olar ki,  heç bir qanunvericilik yoxdur. Bu kimi hallarla bağlı bizə şikayətlər gələndə İqtisadiyyat Nazirliyinə məlumat veririk, nazirlik isə deyir ki,  sahibkarlar öz ərazilərində istehlakçılarla istədiyi kimi davrana bilərlər. Düşünürəm ki, bu, doğru deyil”.

E. Hüseynov vurğulayıb ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun dəyişməlidir:

“Qanun 95-ci ildə qəbul olunub və köhnəlib, ölkənin istehlakçı siyasəti müasir tələblərə cavab verən səviyyədə yenidən qurulmalıdır. Çünki depozit və yuxarıda qeyd etdiyim digər məsələlər istehlakçıların hüquqlarının  pozulması kimi qiymətləndirilə bilər ki, bu da Azərbaycanın imicinə zərər gətirən bir amildir”.

Sevinc İbrahimzadə

Gündəm